İslamşünaslıq ixtisası ölkəmizdə ən geniş yayılmış dinlərdən biri olan İslam dininin daha dərindən öyrənilməsi, dəqiq mənbələrdən tədqiq olunaraq ən doğru informasiyaların xalqa çatdırılması və dövlətdə olan ümumdini məsələlərlə məşğul olunması üçün yaradılmışdır. İxtisasın əsas məqsədlərindən biri ölkədəki din xadimi olmaq istəyən insanlara, bu məqsədlə xarici ölkələrə gedərək həmin təhsil sistemində ola biləcək siyasi təbliğatlara, təzyiqlərə məruz qalmamaları və daha neytral və doğru bilgi əldə etmələri üçün imkan yaratmaqdır. İslamşünas nə İslamı tənqid etmək, nə də üzr istəməklə məşğul olmur, İslam, mənəvi dəyərlər və ardıcıllarının istiqamətləri haqqında məlumat öyrənir. İslamşünas müsəlman dini və siyasi cərəyanları öyrənir, müsəlman qanunlarını, adətlərini, gündəlik həyatını, müsəlman xalqlarının maddi və mənəvi mədəniyyətini araşdırır, müsəlman fəlsəfəsi üzrə mütəxəssisdir, İslamın sivil parametrləri üzrə ixtisaslaşmışdır. Peşə dinə maraq göstərənlər üçün uyğundur.
– İnsanların dini məsələlərilə maraqlanmaq;
– İnsanlara doğru olan informasiyaları çatdırmaq;
– Cəmiyyət arasında dinin doğru təbliğatını aparmaq;
– Ölkənin din barədə olan siyasətinə əks ola biləcək təbliğatların qarşısını almaq;
– Multikultural dəyərlərə istinad edərək dinin dövlətdəki profilini və yerini möhkəmləndirmək;
– İslamşünaslıq sahəsində nəzəri və metodoloji tədqiqatlar aparmaq;
– İslam araşdırmalarının metodlarının, metodoloji və konseptual yanaşmalarının öyrənilməsi;
– Müasir İslam tədqiqatlarının inkişafına ənənəvi və innovativ yanaşmaların öyrənilməsi.
Azərbaycan qloballaşan dünyamızda tariximizdən gələn multikultural dəyərlərini qorumağı qarşısına əsas məqsəd olaraq qoyub və bu yolda dünyanın ən uğurlu ölkələrindən biri olmağı bacarmaqdadır. Lakin bu sistemi qoruyub saxlamaq üçün ölkədəki hər bir din xadiminin yüksək öhdəlikləri vardır. Xüsusilə də ölkədə ekstremizm, radikal tərəflərin bu multikultural sistemi pozmağa olan cəhdlərinin qarşısını almaq üçün islamşünaslara, onların bu sahədəki dərin biliklərinə ehtiyac olacaqdır.