Kimya mühəndisliyi - Neftin emalı texnologiyası

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası

Kimya mühəndisliyi - Neftin emalı texnologiyası

İxtisasın təsviri:

   Kimya mühəndisliyi Azərbaycanda “kimya-texnologiya” olaraq da tanınır və bu ixtisasının dərman istehsalından neft emalına, neft emalından nano-texnlogiyaya qədər geniş əhatə dairəsi var. Kimya mühəndisləri həm proses mühəndisliyi (“process engineering”) istiqamətini seçib proseslərin dizayn edilməsi, optimallaşdırılması və idarə olunması üzrə karyeralarını davam etdirə bilər, həm də məhsul mühəndisliyi (“product engineering”) üzrə irəliləyib müxtəlif məhsulların fiziki və kimyəvi xüsusiyyətlərini öyrənib, onların istehsalı üçün ən uyğun şərtləri araşdıra bilərlər. Kimya mühəndisliyində ən çox tələb proses mühəndisliyi istiqamətinədir. Proses mühəndisliyinin ən populyar tətbiq sahəsi isə neft emalıdır. Dünyaca məşhur “Neft və qaz jurnalının” 2020-ci ilin yanvar ayına siyahısına əsasən dünyada irili-xırdalı 697 neft emalı zavodu var. Bunlara qaz emalı zavodları da əlavə edilsə, say 1000-i keçər. Neft emalı sahəsində zavodların işlədilməsi (“operating companies”) və mühəndislik işlərinin aparılması (“engineering companies”) da daxil olmaq 100-lərlə şirkət, 10 minlərlə proses mühəndisi işləyir.
  Neft emalı zavodlarında fərqli sahələrdən olan mühəndislər birlikdə çalışsa da, əsas iş kimya mühəndisləri və ya proses mühəndislərinin payına düşür. Bu sahədə işləyən proses mühəndisləri bakalavr proqramının əsas dərsləri olan kütlə və istilik transferi, maye mexanikasını, eyni zamanda prosesləri dərindən anlaya bilmək üçün kimya mühəndisliyi termodinamikası və reaksiya mühəndisliyi kimi dərsləri dərindən bilməlidirlər. Müxtəlif proseslərdə temperatur və təzyiqin normada saxlanması, tələb olunan keyfiyyətdə məhsulların istehsalı üçün proseslərin tənzimlənməsi, material balansının hazırlanması kimi işlər proses mühəndisinin gündəlik gördüyü işlər arasındadır.
 Neft emalını digər kimyəvi proseslər fərqləndirən cəhətlərindən biri onun mürəkkəbliyidir. Belə ki, katalik krekinq, hidrotəmizləmə, riforminq, izomerləşmə, kokslaşma və s. fərqli proseslər bir-birinə o dərəcədə bağlıdır ki, prosesdə xırda kimi görünən bir nüans bütün zavoda təsir edə bilər. Hər fərqli proses reaktor, nasos, kompressor, istilik dəyişdirici, distillə kalonları kimi 100-lərlə avadanlıqdan təşkil olunduğu düşünülsə, neft emalı zavodunun mürəkkəbliyini anlamaq çətin olmaz. Buna görə neft emalı sahəsi kimya mühəndisi üçün proses mühəndisliyi məktəbidir, bu sahədə hər zaman iş – müxtəlif problemlər, bu problemlərin həll yolları, araşdırma, hesablama və bütün bu işlərin nəticəsində öyrənilən dərin mühəndislik biliyi vardır.
 

İxtisasın gələcəyi:

  Sual oluna bilər ki, bəs dünyada neft ehtiyatları bitərsə, o zaman neft emalı necə olacaq? “McKinsey” konsultasiya şirkətinin 2019-cu ildə yayımlanan “Neft emalının 2035-ci ilədək olan icmalı” raportunda yazılır ki, neft emalına olan tələb növbəti 4-5 ildə hər il 1.2%, bio-yanacaq istehsalının artmasdan sonra isə hər il 0.6% artacaq. Buradan anlaşılır ki, neft emalı sahəsi uzun illər işinə davam edəcək, çünki hər zaman enerjiyə tələb olacaqdır. Enerjinin alınma forması dəyişdikcə neft emalı da şəklini dəyişəcək. Amma proses mühəndislərinə olan tələb uzun illər dəyişməyəcək. Yuxarıda da qeyd olunduğu kimi neft emalı sahəsi mühəndis olaraq yetişmək istəyən hər kəs üçün məktəbdir və bu məktəbdə öyrənilən bilik proses mühəndisliyinin istənilən sahəsində tətbiq oluna biləcək.


 Universitet:

 →Azərbaycan Dövlət Neft və Sənaye Universiteti