İxtisasın təsviri:
Polimerlərin günümüzdə minlərlə tətbiqini görmək mümkündür. Sellofanlardan böyük plastik kütlələrə qədər istifadə etdiyimiz bütün materialların hazırlanması kimya mühəndisliyinin polimerlərin kimyəvi texnologiyasında tətbiqi sayəsində mümkün olur. Bu ixtisasa sahib olan insanlar polimer materiallarının araşdırılmasında, hazırlanmasında və iqtisadi səmərəlilik nəzərə alınmaqla istehsalında geniş rola malik olurlar. Bu sahədə iş imkanları geniş olmasa belə, dərman, boya, plastik kütlə və birbaşa polimer sənayesində kifayət qədər pozisiyalar mövcuddur. İxtisası spesifik şəkildə izah etmək üçün qeyd etmək lazımdır ki, polimer kimyasının ən spesifik tətbiq sahələri sintetik materialların, polietilen torbaların hazırlanması, fiber şüşələrin, polimer əsaslı boyaların, epoksid yapışqanların, silikon əsaslı ləvazimatların və teflon tərkibli əşyaların istehsalında gözə çarpır.
İxtisasın gələcəyi:
Polimer kimyası kimyaçı və kimya mühəndislərinin ən çox çalışdığı sahələrdən biridir. Amerika Kimyaçılar Cəmiyyətinə görə, kimya sahəsindəki insanların təqribən 50%-i karyeraları boyunca heç olmasa bir dəfə polimerlərlə əlaqəli işdə çalışıblar. Hazırda polietilen materiallarından və plastik kütlələrdən imtina dünyada yayıldıqca, bu ixtisasın gələcəyini sorğulamağa dəyər. Təbii ki, ixtisasa tələbatın yaxın onillikdə nəzərə çarpacaq dərəcədə olmasa da, nisbətən azalması gözlənilir. Bunun əsas səbəbi isə az öncə qeyd edilən ekoloji faktorlardır. İxtisasa tələbatı və ölkəni nəzərə alaraq, tələbələr daha spesifik sahəyə yönələ və ya polimer materialların nəzəri sahəsini gözdən keçirə bilərlər.
Universitetlər:
→Bakı Dövlət Universiteti
→Azərbaycan Texnologiya Universiteti(Gəncə şəhəri)