Bu gün dünyada Beynəlxalq Uşaq Hüquqları Günü kimi qeyd edilir.
20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü dünyanın əksər ölkələrində, eləcə də Azərbaycan Respublikasında qeyd olunur.
Uşaq hüquqları - insan hüquqları anlayışının bir hissəsi kimi bütün uşaqların doğulduqları gündən qanunla sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının təyinində istifadə edilən universal anlayışdır.
Uşaqların fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi, hərtərəfli yetişməsinin bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsinin vacibliyi nəzərə alınaraq 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsi”ni qəbul etdi.
Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 54 maddədən ibarət “Uşaq Hüquqları Haqqında Konvensiya” qəbul edilibdir.