Türkiyə-Azərbaycan Universitetində tədrislə bağlı yeni detallar

Türkiyə-Azərbaycan Universitetində tədrislə bağlı yeni detallar

Türkiyə-Azərbaycan Universitetində tədrislə bağlı yeni detallar

Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq. Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacaq və Türkiyə-Azərbaycan Universiteti bu ildən Bakıda fəaliyyətə göstərəcək.

 

Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq. O cümlədən Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər.

 

Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çlışan ekspertlərindən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər. Universitet modelində türk və ingilis proqramları açılacaq. Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək. Türkiyə vətəndaşı olan tələbələr isə bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər. Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.

 

Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.