Psixoloqlar bir şəxsin davranışlarını ya da hərəkət etmə formalarını araşdırır, öyrəndiyi bilik və bacarıqlar ilə səbəbləri müəyyən edib, problemi aradan qaldırmağa çalışırlar. Psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələri aşağıdakılardır:
➝ Klinik psixologiya (ing. Clinical psychology)
➝ Sosial psixologiya (ing. Social psychology)
➝ Təcrübi psixologiya (ing. Experimental psychology)
➝ Fizioloji psixologiya (ing. Physiological psychology)
➝ İnkişaf psixologiyası (ing. developmental psychology)
➝ Sənaye və Təşkilat psixologiyası (ing. Industrial & Organizational psychology, aka IO psychology)
➝ Təhsil psixologiyası (ing. Educational psychology)
Psixologiya üzrə təhsil aldıqdan sonra, klinik psixologiya sahəsində magistr dərəcəsini bitirən şəxs artıq mütəxəssis sayılır. O, diaqnoz qoymaq və terapiya aparmaq bacarığına sahibdir. Psixologiya ixtisasının və psixoterapiyanın tətbiq sahələrinin etik qaydalarına hakimdir və bu qaydalara əməl etməyə məsuldur. Həkim deyil, dərman yazmır. Klinik psixoloq və psixoterapevtlər sadəcə, nəzəri və akademik işlərlə məhdud qalmır, psixoterapiya təlimləri alır və superviziyanı tamamlayırlar. İxtisas biologiya və psixologiya ilə maraqlananlar üçün uyğundur.
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732 - ci ildə "Emprik psixologiya" və 1734 - cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur.
Azərbaycanda psixologiya termini XIX sonu –XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır. İlk dəfə 1925 - ci ildə BDU - da Psixologiya fakültəsi təsis edilmişdir.
➝ İnsanların davranışlarını incələmək, davranışlarının səbəblərini araşdırmaq;
➝ İnsanların düşüncə formalarını, reaksiyalarını, duyğularını ve bütün bunların qaynaqlarını analiz etmək;
➝ Müxtəlif tipli test və ya dəyərləndirmələr vasitəsi ilə problem və ya problemlərin qaynağını aradan qaldırmağa çalışmaq;
➝ Psixoloji problemlər yaşayan insanlarla görüş təşkil etmək, buna seans deyilir. Bu görüşlər sayəsində problemlərin əsas səbəblərinə dair mülahizələr irəli sürmək;
➝ Bu fikirlər nəticəsində uyğun bir dəstək planı hazırlayaraq problemin həllinistiqamətləndirmək;
➝ Psixoloji inkişafdakı yayınmaların qarşısını almağa yönəldilmiş profilaktik işlərin aparılması;
➝ Karyera inkişafı fəaliyyətinin aparılması;
➝ Özəl və dövlət firmalarına xidmətlərin göstərilməsi (işçilər arasında əlverişli psixoloji mühitin qorunması, işçi heyətinin seçilməsi, münaqişələrin həlli, disfunksiyalı ailələrlə iş və s.);
➝ Əhalinin müəyyən təbəqələri (asılılığı olan insanlar, məişət zorakılığı qurbanları, terminal xəstələri və s.) ilə işləməkdə həkimlərə və sosial xidmətlərə kömək etmək;
➝ İstehsalatın psixoloji, iqtisadi və təşkilati amilləri təşkilat işçilərinin işinə necə təsir etdiyini öyrənmək;
➝ Psixoloji tədqiqatların nəzəri nəticələrini praktik fəaliyyətlə müqayisə edir, görülən iş üçün tövsiyə və təkliflər hazırlamaq;
➝ Sosial inkişaf proqramlarının tərtibi;
➝ Əmək kollektivlərinin formalaşmasında iştirak etmək, əməyin təşkili və iş vaxtı sistemini tərtib etmək;
➝ Psixologiya sahəsində yeni biliklərin inkişafına yönəlmiş psixoloji tədqiqat və təcrübələrin aparılması.
➝ Bakı Dövlət Universiteti
➝ Bakı Qızlar Universiteti
➝ Gəncə Dövlət Universiteti
➝ Xəzər Universiteti
➝ Qərbi Kaspi Universiteti
➝ Naxçıvan Dövlət Universiteti
➝ Odlar Yurdu Universiteti
➝ Sumqayıt Dövlət Universiteti
Bu sahədə kurslarda verilən seminar və təlimlər mütəxəssis olmağa yetərli deyil, sadəcə dəstəkləyici məqsəd daşıyır.
Psixoloqlar aşağıdakı kimi müxtəlif qurum və sahələrdə çalışa bilərlər:
➝ Hərbi Xəstəxana
➝ Klinika
➝ Məktəb
➝ Özəl bağça
➝ Böyük şirkətlər
➝ Ədliyyə
➝ Tibbi ekspertiza
➝ Dövlət Pentensiar xidməti
➝ Hərbi
➝ Psixoloji yardım mərkəzləri və Məhkəmələr
Qeyd: Dövlət bağçalarında bu ştat yoxdur. Psixoloq ştatında hərbidə işləmək üçün 3 aylıq xüsusi kurs bitirilməlidir.
➝ Dinləmə qabiliyyəti;
➝ Empatiya qurmaq bacarığı;
➝ Çıxılmaz vəziyyətlərdə çıxış yolu tapa bilmək;
➝ Açıq fikirli olmaq;
➝ Özgüvəni yüksək olmaq;
➝ Analitik bacarıqlar;
➝ Kommunikasiya bacarığı - yəni, qarşısındaki şəxsin dilinə uyğunlaşmaq, onu anlayabilmək və yaxşı əlaqə qurmaq;
➝ Yaxşı müşahidə bacarağına sahib olmaq və hadisələrə fərqli rakurslardan baxa bilmək;
➝ Diqqətcillik;
➝ Etik prinsiplərə əməl etmək (gizlilik və s.);
➝ Vicdanlı olmaq;
➝ Məlumatlılıq səviyyəsi çox yüksək olmalıdır. Yəni, dünyagörüşü geniş olmalıdır;
➝ Səmimi və mehriban olmaq;
➝ Qərəzli olmamaq.
İnsanlarla bağlı olan bütün sahələr kimi bu sahənin də gələcəyi parlaqdır. Gələcəkdə bu sahədə bəzi işlər görülməlidir. Azərbaycanda psixoloji xidmətin lisenziyalaşdırılmağa və psixoloqların tabe olduğu bir qurumun yaradılmasına ehtiyacı var. Bu sahəyə tələbat daha da artacaq. Gələcəkdə magistratura səviyyəsində daha çox ixtisaslaşma olacağı gözlənilir.
Bu ixtisası bitirən şəxs çalışdığı sahədən və qurumdan asılı olaraq əmək haqqını aylıq maaş və seans üçün alınan ödənişdən faiz şəklində əldə edir. Aylıq əmək haqqı 300 AZN - 1500 AZN aralığında dəyişir.