Qrafika ixtisası

Qrafika ixtisası

Qrafika ixtisası

İxtisasın  təsviri

  Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca “graphike” – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır. Bəzi əsərlər rəng baxımından zəngin olduğuna görə, onların boyakarlıqla yaxınlığı var: bunlar sulu boyalarla çəkilən (akvarel, quaş, tempera) və yaxud pastel (rəngli karandaş) texnikasında çəkilmiş rəsmlərdir. Qrafika üsulu ilə əsər, portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın digər bir növü olan çap qrafikasını rəsmdən fərqləndirən əsas cəhət odur ki, çap qrafikası əsərlərindən eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Çap qrafikasında qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranıb:

➝ Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyilir.
➝ Daş üzərində həkk olunmuş qrafikaya litoqrafiya ( “lito” yunanca “daş” deməkdir) deyilir.
➝ Ağac üzərindəki qrafikaya isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.
➝ Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənilir.

İxtisasın  tarixi

  Azərbaycanda qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Lakin klassik ədəbi əsərlərin, əlyazmaların və dini kitabların bədii tərtibatı qrafikanın Azərbaycanda qədim tarixə malik olduğunu göstərir. Qrafikanın dəzgah, sənaye qrafikası və plakat kimi başlıca növləri əsasən 1920 – ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra inkişaf edib. Bu dövrdə ideya-bədii vasitələrin operativliyi, kütləviliyi, siyasi kəsərliliyi ilə fərqlənən qrafika sənəti xüsusi əhəmiyyət kəsb edib. Qəzet-jurnal və kitab tərtibatı da Azərbaycan sovet qrafikasının qabaqcıl janrlarından sayılıb. Respublikada mətbuat və nəşriyyat işlərinin genişlənməsi karikatura və kitab qrafikasının inkişafına təkan verib. Prezident H.Əliyevin sərəncamı əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan vaxtdan (2001- ci ildən) ADRA-da digər kafedralarla yanaşı “Qrafika” kafedrası da fəailiyyət göstərir. Bu şöbədə Baloniya sisteminə uyğun olaraq dörd (4) il bakalavr, iki (2) il isə magistr pillələrində tələbələr təhsil alırlar. Birinci kursda onlar ümumi kurs kimi hazırlaşırlar, ikinci kursdan isə “Dəzgah” qrafikası, “Kitab” qrafikası emalatxanalarına Plakat kurslarına ərizə əsasında bölünürlər.  2017-ci ildən kafedrada Animasiya kursuda fəaliyyət göstərir. Şöbədə tələbələr “Kompozisiya”, “Material üzərində iş”, “Şrift”, “Kalliqrafiya” fənləri üzrə təhsil alırlar.

Bu ixtisas sahibi nə işlə məşğul olur ?(iş öhdəlikləri)

➝ Kitab qrafikası – Kitab qrafikasını bitirən tələbələr kitabın tərtibatı ilə məşğul olurlar. Onlar bu və digər əsəri oxuduqdan sonra yazıçının fikrini özlərində canlandıraraq illüstrasiyalar yaradırlar. Kitabın üz qabığı, titul vərəqi, əsərə başlıq, sonluq və kitabın tərtibatına lazım olan başqa elementlər üzərində işləyirlər. Peşəkar kitab rəssamı kimi fəaliyyət göstərə bilərlər.Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər.
➝ Dəzgah qrafikası – Dəzgah qrafikasını bitirən tələbələr qrafikaya aid olan müxtəlif texnikalara yiyələnirlər. Onlar ofort, linoqravüra, ksiloqrafiya və başqa texnikaları mənimsəyirlər. Əsas işləri sərgilərdə iştirak etməkdən ibarətdir. Kitab qrafikasından fərqli olaraq onlar ağ-qara və ya rəngli texnikada portretlər, kompozisiyalar, mənzərələr, natürmortlar yaradaraq sərgilərdə öz əsərlərini nümayış etdirirlər. Müstəqil rəssam kimi formalaşır, bu sahədə peşəkar rəssam kimi öz fəaliyyətini davam etdirir. Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər.
➝ Plakat qrafikası – Plakat qrafikasını bitirən tələbələr əsasən plakatla məşğul olurlar. Onlar müxtəlif mövzuda reklam formasında öz fikirlərini cəmiyyətə çatdırırlar. Teatr, kino, turizm və digər mövzulara aid fikirləri lakonik, qısa və rəngarəng formada tamaşaçılara çatdırırlar. Onlar əsərləri quaş, tempera və ya kompüter vasitəsi ilə də işləyə bilirlər.Bunlardan əlavə magistr pilləsini bitirən tələbə ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul ola bilər. Cəmiyyətin formalaşmasında rolu böyükdür. Yaratdığı plakatlarda, reklam işində təbliğatın böyük rolu var.
➝  Qrafika ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq təsviri incəsənət fənnini tədris edə bilər.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

→ Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  Qrafika ixtisasını bitirən məzunlar müxtəlif şirkətlərdə işləyə, həmçinin sərbəst fəaliyyət göstərə bilər .Əksər məzunlar öz karyerasına dizayner vəzifəsindən başlayırlar. Həmçinin məzunlar rəssam, bədii redaktor kimi də çalışa bilər. Qrafik-rəssamlara kitab işi, reklam işlərində, buklet və maketlərin hazırlanmasında da ehtiyac duyulur.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 


➝ Sifarişlə işləyirsə, sifariş qəbul etmək və onunla yaxından tanışlıq;
➝ Yüksək ünsiyyət bacarığı;
➝ Müştərinin istəklərinə açıq olmaq;
➝ Vaxtın düzgün idarə edilməsi bacarığı (müəyyən olunmuş müddətə sifarişi işləyib bitirmək);
➝ Kompozisiya bilgisi, rəng duyumu; 

İxtisasın gələcəyi

  Rəssamlıq elə bir sahədir ki, öz təxəyyülünün məhsulunu başqalarının görməsinə icazə verir.  Bir çoxlarına asan görünsə də, bir o qədərdə çətin sahədir. Qrafika sənəti əvvəllər daş və ağac üzərində edilirdisə, indiki dövrdə  isə artiq kompüter sahəsinə keçmişdir. İncəsənət elə bir sahədir ki, insan öz üzərində hər gün çalışmalı, yeniliklər etməlidir. İxtisas sahibi öz şəxsi işlərini xaricə belə çixara  və  orada da sərgiləyə bilər.  

Əmək haqqı

  Qrafika sahəsi üzrə də peşə sahibinin gəlirləri incəsənətin digər ixtisasları kimi özəl sifarişlər əsasında müəyyənləşir. Ortalama əmək haqqı  1000- 3000 AZN  araləğında dəyişir. Plakatdakı dizayn işləri üçün minimum əməkhaqqı isə 600 AZN -dən başlayır.