Regionşünaslıq ixtisası (ABŞ və Kanada üzrə)

Regionşünaslıq ixtisası (ABŞ və Kanada üzrə)

Regionşünaslıq ixtisası (ABŞ və Kanada üzrə)

İxtisasın təsviri

   İxtisasın tədris olunduğu dörd il ərzində ABŞ və Kanada ilə bağlı fənlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənlər də keçirilir. İxtisas fənlərinə gəldikdə, buraya ABŞ və Kanadanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, ABŞ və Kanadada gender problemləri, mediası daxildir.

İxtisasın  tarixi

   İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

  Bakı Avrasiya Universitetində ixtisasın yer aldığı  “Regionşünaslıq və iqtisadiyyat” fakültəsi 2012-ci ildən etibarən bakalavriat, magistratura və doktorontura pilləsində tədris həyata keçirməklə regionşünaslıq, iqtisadiyyat, riyaziyyat və bu sahələrin müxtəlif istiqamətləri üzrə ali dərəcəli mütəxəssislər hazırlayır.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri) 

  • ➝  Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝  Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝  Bakı Avrasiya Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝  Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝  Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝  “ASAN Viza” xidməti üzrə mütəxəssis kimi;
  • ➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝  Özəl şirkətlərdə;
  • ➝  Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝  Yüksək coğrafi, tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝  Həm ingilis, həm də fransız dilini mükəmməl şəkildə bilmək;
  • ➝  Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝  Tolerantlıq;
  • ➝  Tədqiqat bacarıqları;
  • ➝  Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli: iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

   Amerika və Kanada dünyanın yüksək inkişaf etmiş ölkələrindən biridirlər. Ölkələrimiz arasında həm ticarət, həm də iqtisadi sahədə əməkdaşlığımızın artmasını nəzərə alaraq bu sahəni ən perspektivli regionşünaslıq istiqamətlərindən biri hesab etmək olar.

Əmək haqqı

     Bu ixtisas üzrə məvaciblər peşə sahibinin bilik və bacarıqlarından, çalışdığı sahədən və müəssisədən asılı olaraq dəyişir. Orta aylıq minimum əmək haqqı isə 350-700 AZN aralığında dəyişir.