Sənətşünaslıq ixtisası (sahələr üzrə)

Sənətşünaslıq ixtisası (sahələr üzrə)

Sənətşünaslıq ixtisası (sahələr üzrə)

 

İxtisasın  təsviri 

    Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusudur. Sənətşünaslıq, həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir. Digər tərəfdən sənətşünaslıq incəsənətin təbliği ilə məşğuldur (tənqidi məqalələr, kitablar, mühazirələr və ekskursiyalar). Bütün bunlar ictimaiyyətə təsir edib zövqünü formalaşdırır .
    Sənətşünas isə sənət əsərlərinin tarixi və nəzəriyyəsi sahəsində ixtisaslaşmış alimdir. Sənətşünaslıq ədəbiyyatşünaslıq, musiqişünaslıq, teatrşünaslıq, filmşünaslıq, habelə dar cərçivədə sənətşünaslığı əhatə edir. Ən dar və geniş yayılmış mənada sənətşünaslıq bədii sənət elmidir: memarlıq, rəssamlıq, heykəltəraşlıq, qrafika, dekorativ və tətbiqi sənət.
Bu sahə tarix, rəsm, musiqi, dünya incəsənət mədəniyyəti, xarici dillər, ədəbiyyat və din ilə maraqlananlar üçün uyğundur.

İxtisasın tarixi

   Rəssam-tədqiqatçı Sadiq bəy Əfşarın (XVI əsr) qələmə aldığı “Qanuni üs-süvər” risaləsi sənətşünaslığımızın ilk nümunəsi sayılır. Sonrakı dövrlərdə bu məsələ unudulmuş və yalnız Azərbaycanın sovetləşməsindən sonra 20-40-cı illərdə bura gələn rus tarixçi və etnoqraflarının diqqət mərkəzində olmuşdur.1945-ci ildə Azərbaycan Elmlər Akademiyası nəzdində Memarlıq və İncəsənət İnstitutunun yaradılması bu sahəyə diqqətin artırılmasına səbəb olmuşdur. Elə burada fəaliyyətini bu günə kimi də davam etdirən və Azərbaycan incəsənətinin tədqiqi ilə məşğul olan şöbələr mövcuddur. İkinci Dünya Savaşından sonra Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin nəzdində sənətşünaslıq bölməsi fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət İncəsənət Universitetində “Sənətşünaslıq” ixtisası açılmışdır. Müstəqillik illərində isə Rəssamlıq Akademiyasında da bu ixtisas üzrə yeni kadrların hazırlığının baş tutması sahənin bir az da gəncləşməsinə səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ötən müddətdə çoxsaylı monoqrafiyalar, ayrı-ayrı tədqiqat əsərləri yazılmış, çoxsaylı albomlar və kataloqlar nəşr edilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Rəsm sərgilərini planlaşdırıb, konsepsiya hazırlamaq;
  • ➝ Muzeylərdə maarifləndirmə işlərini inkişaf etdirib məktəblilər və ya böyüklər üçün tarixi, mədəni mövzularda tədris tədbirləri keçirmək;
  • ➝ Bərpa və konservasiya prosesində sənət əsərlərini, muzey obyektlərini, memarlıq qorunması və ya bərpası üçün lazım olan tədbirlər görmək;
  • ➝ Abidələrin, əsərlərin qədimliyi təyin etmək;
  • ➝ Qalereyalar və ya hərrac evlərində sənət əsərlərini müəyyənləşdirmək; kataloqlaşdırıb və satışa qoymaq;
  • ➝ Araşdırmaların nəticələri barədə ictimaiyyəti məlumatlandırma, bunun üçün jurnallar, kolleksiyalar üçün müxtəlif materiallar yazma, tələbələrə mühazirələr vermə, müxtəlif konfranslarda çıxış etmək;
  • ➝ İncəsənətin nəzəri problemlərinin öyrənilməsi;
  • ➝ İncəsənətin cəmiyyətlə əlaqəsinin öyrənilməsi;
  • ➝ Fərdi ustaların, müxtəlif məktəblərin və cərəyanların əsərlərinin sistemləşdirilməsi;
  • ➝ İncəsənət muzeyləri və qalereyaları tərəfindən nəşr olunan elmi və elmi-populyar kitabçaların, məcmuələrin, bələdçilərin nəşrində iştirak etmək;
  • ➝ Bədii təndiq: aktual problemin hərtərəfli öyrənilməsi və elmi təhlili, obyektiv qiymətləndirmə, mühakimə, məqalələrin tərtib edilməsi, icmallar.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Muzeylərdə
  • ➝ Qalereyalarda
  • ➝ Auksion
  • ➝ Tarixi qoruqlarda
  • ➝ Bərpa mərkəzlərində
  • ➝ Nəşriyyat evlərində
  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
  • ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (elmi işçi kimi)
  • ➝Jurnal və qəzetlərdə.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Dünyagörüşü;
  • ➝ Güclü yaddaş;
  • ➝ Analitik düşüncə qabiliyyəti və düşüncələrini ifadə etmə bacarığı;
  • ➝ Tədqiq olunan dövrün əsərlərinin tarixini, əhəmiyyətini, ictimai-siyasi, tarixi hadisələrlə əlaqəsini bilmək;
  • ➝ Müəyyən bir müəllifə aid sənət əsərin orijinallığını, yaşını, dövrünü keyfiyyətcə qiymətləndirmə bacarığı;
  • ➝ Təşkilatçılıq bacarığı;
  • ➝ Tənqidi düşünmə bacarığı;
  • ➝ İncə duyum;
  • ➝ Yüksək ünsiyyət bacarıqları;
  • ➝ Dini və mədəni baxımdan tolerant olmaq;
  • ➝ Dəqiqlik və məsuliyyət;
  • ➝ Təşəbbüskarlıq;
  • ➝ Estetik zövq və yaradıcı düşüncə;

İxtisasın gələcəyi

    Sənətşünas ixtisasının üzərinə düşən mənəvi-professional yük kifayət qədər ağırdır. Başqa sözlə desək, bu ixtisas onunla məşğul olandan müxtəlif elm sahələrinə bələdçilik tələb edir. Əks halda, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərənlərin yaradıcılıq axtarışlarının nəticələrinə obyektiv dəyər vermək, düzgün inkişafa yönəltmək çox çətin olur. Bu isə sənətşünasdan prosesləri təkcə şərh etmək yox, həm də buraxılan səhvləri vurğulamaq, göstərmək tələb edir. Təbii ki, cəsarətsizliklə bu missiyanı yerinə yetirmək mümkünsüzdür. Elə bu səbəbdən də bu gün respublikamızda sənətşünas-tənqidçilər yox dərəcəsindədir. Sənətşünaslıq ixtisasına olan marağın və bu ixtisası bitirdikdən sonra çalışacağı müəssisələrin azlığından Azərbaycanda gələcək son 5-10 il ərzində bu ixtisasın aktual olmaması gözlənilir.

Əmək haqqı

  • ➝ Dövlət müəssisələrində: 250-450 AZN
  • ➝ Özəl müəssisələrdə: 500-1000 AZN  (ingilis dilin və yaxud da rus dilin mütləq bilməlidir)