İxtisasın təsviri
Beynəlxalq biznes iki və ya daha artıq ölkədə tərəfdaşlarla işgüzar əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlığa, bir ölkədən xammal və materialların alınması və onların gələcəkdə təkrar emalı üçün başqa bir ölkənin ərazisinə daşınması, hazır məhsulun pərakəndə ticarət məqsədi ilə bir ölkədən başqa ölkəyə daşınması, daha ucuz işçi qüvvəsindən istifadə etməklə gəlir əldə olunması məqsədi ilə xarici ölkələrdə müəssisələrin yaradılması, digər ölkədə əməliyyatların maliyyələşdirilməsi üçün bir ölkənin bankından kreditin alınması kimi əməliyyatların həyata keçirilməsini nümunə göstərmək olar. Beynəlxalq biznes ixtisaslaşması praktik baxımdan beynəlxalq biznes mühitinin dərindən mənimsənilməsini və qeyri-müəyyən biznes mühitində strategiyanın formalaşdırılmasını öyrədir. Beynəlxalq biznes ixtisaslaşması müxtəlif biznes mədəniyyəti fonunda şəffaf biznes fəaliyyəti göstərməklə yanaşı rəqabət qabiliyyətli idarəetmə qərarlarının qəbul edilməsi sirrlərini aşılayır. İxtisas üzrə tədris edilən fənnlər müxtəlif regionlarda yeni biznes fəaliyyəti göstərən şirkətlərə vergi yükü və hüquqi iddia arasında (trade-off) düzgün seçim etməyi, coğrafi seqmentlərdə iqtisadi sistemin özəlliklərini öyrənməyi, qlobal təchizat şəbəkəsinin idarəedilməsini və beynəlxalq maliyyə riskinin idarəedilməsinin nəzəri və praktik həlli yollarının müəyyənləşdirilməsini təmin edir.
İxtisasın gələcəyi
Müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində beynəlxalq biznes ixtisasının aktuallığını artırır. Sahənin gələcəyini xüsusilə beynəlxalq biznes hüququ üzrə yüksək biliklərə malik şəxslər üçün perspektivli hesab etmək olar.
Universitetlər
→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ “Odlar Yurdu” Universiteti