Məqsəd böyük gücdür...
Məqsədsiz insan gəmisiz limana bənzər.
Ona görə də həyatımızın hər anında dəqiq təyin etdiyimiz məqsədimizin olması vacibdir.
Mənim də belə məqsədlərimdən biri müəllim olmaq idi. İbtidai sinifdə oxuyarkən qərar verdim ki, müəllim olacam. Amma hansı fənni tədris edim? Oxu, Azərbaycan dili ya Riyaziyyat? Bu sual qarşısında idim. Sualımın cavabını 5-ci sinfə başladığım ilk gün tapdım. İlk dərs günü, 1-ci dərsimiz riyaziyyat idi. İlk mövzu - "Natural ədədlər". Riyaziyyatla ilk ciddi tanışlıq və sözün əsl mənasında bu fənnin sehrinə qapıldım. O gündən dəqiq bir məqsədim oldu: "Riyaziyyat müəllimi olacağam". 5-11-ci siniflər arası durmadan, fasiləsiz çalışdımmı? - Xeyr!
Bəzən dərs oxumağa həvəs olmadı, gözəl havada oyun oynamaq daha cazibəli gəlirdi. Bəzən də, xüsusilə, 10-11-ci siniflərdə yorulduğum, özümə inamımı itirdiyim anlar oldu. Bu zamanlar ən böyük dəstəkçim məqsədim oldu. 11-ci sinifdə sınaq imtahanlarındakı nəticələriniz və məqsədiniz üçün lazım olan minimal bal arasındakı fərqləri görəndə ruhdan düşməyin. Sadəcə çalışın, alınacaq.
Riyaziyyat, həmçinin digər dəqiq elmlər üçün ortaq olan bir xüsusiyyət vardır: bir işi bitirdikdən sonra gələn "Bunu mən bacardım" duyğusu. Çətin bir misalın həllindən, ya da fəza fiqurlarını gözəl formada çəkməkdən alınan həzz duyğusu bir başqadır.
Bir işi görərkən çalışın sizə məcbur yeridilən "çərçivədən" kənara çıxasınız. Məktəb dərsləri ilə kifayətlənməyin. Sevdiyiniz fənlə bağlı videolara baxın, internetdə olan müxtəlif tip məqalələr oxuyun. Bu sizin öyrənmə həvəsinizi birə-beş artıracaq.
İxtisasım riyaziyyat və informatika müəllimliyidir. Artıq bir ildir ki, informatika müəllimi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətcə bir faktı dəqiq öyrəndim – informatika həyatla ən çox əlaqələndirə biləcəyimiz fəndir. İnformatika dərsi kompüterlə tədris ediləndə daha maraqlı olur, lakin işlədiyim məktəbdə kompüterlər yoxdur. Bu səbəbdən də biz dərslərimizdə birlikdə qurduğumuz tapşırıqlar üzərində işləyirik, bəzən tədqiqat üçün müxtəlif mövzular tapırıq. Beləcə məktəb dərsliyinin bizə təqdim etdiyi "çərçivədən" kənara çıxırıq və bu çox maraqlı olur.
Müəllim öyrətməyi sevməlidir. Lakin məktəb vaxtı bizim öyrətməyə ya səbrimiz, ya da həvəsimiz olmur, tez-tez əsəbləşirik. Bu səbəblə ətrafınızdakı insanlar deyə bilər ki, siz müəllim ola bilməyəksiniz. Heç kimə qulaq asmayın, bunlar sadəcə yeniyetməlik yaş dövrü ilə əlaqədar xüsusiyyətlərdir və zamanla keçib gedəcək.
İstər riyaziyyat, istərsə də başqa bir fənni öyrənərkən onu tam öyrənməyə çalışın. N.Gəncəvinin
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan
şeirini bilməmiş olmazsınız.
Ağlınızda belə bir sual yarana bilər: "Məqaləni yazan, sən öz ixtisasını mükəmməlmi bilirsən?". Xeyr, hələ də çox şeyi bilmirəm və öyrənirəm. Məktəb həyatı, abituriyentlik, tələbəlik dövrü, iş həyatı - bu mərhələlərin hər birində yeni bilik - bacarıqlar əldə edəcəksiniz. Xüsusilə, işlədiyiniz zaman yeni bilgiləri, yanaşmanı uşaqlar öyrədəcək sizə. Buna görə də öyrənmə ömrümüzün sonuna qədər davam edəcək.
Qusar rayonu, Yeni Tahircal kənd ümumi orta məktəbinin informatika müəllimi
Ayarxanım Mahmudova
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.