Müasir dövrün maliyyəçiləri-‘’Fintekçi’’lər

Müasir dövrün maliyyəçiləri-‘’Fintekçi’’lər

Müasir dövrün maliyyəçiləri-‘’Fintekçi’’lər

Özüm haqqında: 

  Mən, Abdul (soyad) Elçin Məhəmməd oğlu 1993-cü ildə anadan olmuşam. Bakalavr təhsilimi (2010-2015) köhnə Qafqaz, indiki Bakı Mühəndislik Universitetində "Dünya iqtisadiyyatı" ixtisası üzrə, magistr təhsilimi (2017-2020) isə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ÇXR-in Dalyan şəhərində yerləşən Donbey Maliyyə və İqtisadiyyat Universitetində "Maliyyə menecmenti" ixtisası üzrə almışam. Hal-hazırda Dövlət Məşğulluq Agentliyinin Maliyyə Departamentinin Maliyyə şöbəsində böyük Maliyyə mütəxəssisi olaraq işləyirəm.

 

  Belə düşünürəm ki, nəinki karyera, ümumiyyətlə, istənilən sahədə uğurlu olmağın ilkin və ən başlıca şərti çox çalışmaqdır. Ancaq "nə istədiyini bilərək çalışmaq" bu prosesi daha düzgün şəkildə ifadə edir. Təbii ki, hədəflərə çatmaq yolunda səhvlər qaçılmazdır, ancaq əgər ilkin hədəf(lər) düzgün qoyulubsa, xırda səhvlər əsas hədəfə fokuslanmaqda nəinki mane olmur, hətta müəyyən məqamlarda köməkçiyə çevrilir. Bu baxımdan abituriyentlər "internet əsri"nin verdiyi üstünlüklərdən yararlanmalı və öz maraq dairələrini əks etdirən sahələr üzrə məlumat topladıqdan sonra seçim mərhələsi vaxtı müvafiq ixtisas seçimlərini etməlidirlər.

 

Maliyyə sahəsi:

  Maliyyə sahəsi çoxşaxəli olub maliyyə planlaması, korporativ maliyyə, kommersiya maliyyəsi, hedc fondları, investisiya fondları və s. sahələrdən ibarətdir ki, maliyyə sahəsində karyera qurmaq istəyənlərin bu sahələrdən hansısa biri üzrə seçim etdikləri zaman öz maraqlarını və güclü tərəflərini rəhbər tutmaları vacibdir. 

  Belə hesab edirəm ki, dövlət maliyyəsi və, ümumiyyətlə, maliyyə sahəsinə üz tutun şəxslər rəqəmlərlə işləməyi sevən və  maksimal dərəcədə diqqətli şəxslər olmalıdırlar. Detallara fikir vermə hər sahədə ehtiyac duyulan tələblərdən biri olsa da maliyyəçilər üçün bu cəhət hədsiz əhəmiyyət kəsb edir. Əlavə olaraq, əmək bazarında layiqli yer tutmaq üçün digər sahələrdə olduğu kimi maliyyə sahəsində də müasir dövrün nəbzini tutmaq qaçılmazdır. Anlamaq lazımdır ki, gələcəyin maliyyə mütəxəssisləri hansı bilik və bacarıqlara sahib olmalıdır.  Qısası, maliyyənin təkcə bugünü yox gələcəyi də maraqlı olmalıdır.

 

  Maliyyənin indiki dövründə “fintek", yəni maliyyə və texniki bacarıqların hər ikisinə sahib olan şəxslərə böyük ehtiyac duyulur. “Fintek”lər təkcə aid olduqları komandalarda iş mühitində seçilmirlər, həmçinin karyeralarında sürətli vəzifə artımlarına nail olurlar. Bundan əlavə, müasir iş mühitində emosional zəka anlayışı böyük əhəmiyyət kəsb edir. Emosional zəka dedikdə ünsiyyət bacarıqları, qarşı tərəfi anlama, etika və s. kimi bacarıqlar nəzərdə tutulur ki, emosional intellekti yuxarı səviyyədə olan insanlar iş münasibətlərində emosional idarəetməni düzgün formada həyata keçirərək düzgün qərarların verilməsinə nail olurlar. Ümumiyyətlə isə sadalanan bütün komponentlərin uyumu nəticəsində iş mühitində daha dəqiq qərarvermə, effektivlik və məhsuldarlığın artımı müşahidə olunur.

  “Fintek”lərdən gözlənilən konkret texniki bacarıqlara nümunə olaraq aşağıdakıları qeyd etmək  olar:

  1. Excel bacarıqları: Yəqin ki, bu proqramı maliyyə sahəsində karyera quranların ən çox istifadə etdiyi proqram adlandırmaq olar. “Microsoft Office” proqramlarından biri olan “Microsoft Excel” maliyyələçilərin xərc və gəlir analizlərini daha asanlıqla təqdim etməsində əvəzsiz rola malikdir.
  2. SQL yaxud Python bilikləri: maliyyə mütəxəssisi olaraq datanı analiz etmək və detallı məsləhətlər verməyin kritik əhəmiyyəti var. Bu mənada SQL və Python köməyə çatır. SQL yəni Strukturlaşdırılmış Sorğu Dili databazalardan məlumatı (datanı) çəkmək üçün istifadə olunan alətdir. Python isə data analizin istənilən mərhələsində istifadə oluna bilinsə də xüsusən SQL-dən sonrakı mərhələdə data manipuyasiya aləti kimi istifadə edilərək onun bacarmadığını bacarır.
  3. Süni intellekt: Son dövrlərdə maşın öyrənməsi (Machine Learning) ilə birlikdə maliyyəçilər tərəfindən geniş istifadə olunan alətlərdən biridir. Bu cür texniki biliklərə yiyələnmək təkcə səmərəliliyin artırılmasında rol oynamır eləcə də risk faktorlarının və ənənəvi olmayan halların, fırıldaqçı əməllərin müəyyən edilməsində və gələcək inkişaf imkanlarının aşkara çıxarılmasında böyük rola malikdir.
  4. Maliyyə modelləşdirilməsi üçün proqram təminatı: Baxmayaraq ki “Excel” maliyyə modellərinin qurulmasını təmin edə bilir sözügedən proqram təminatı daha çox dəyişkən tutumu olan, effektiv və dəyişkən modellərin qurulmasına imkan yaradır.
  5. Data vizuallaşdırma və kommunikasiya alətləri: Bu cür alətlər içərisində ən çox istifadə olunanları Tableu Power BI Google Charts və s.-dir. Covid-19 pandemiyası dövründə dövlət və sağlamlıq təşkilatları tərəfindən istifadəsi genişlənib məşhurluq qazansa da maliyyə məlumatlarının təqdimatında daha əvvəldən tətbiqinə başlanılıb və şirkətlərin daha yaxşı idarə edilməsində daha düzgün qərarların verilməsində vacib bir alət rolunu oynayır.

  Son olaraq qeyd etmək istərdim ki, maliyyə sahəsi üzrə karyera qurmaq qərarı verənlər yaxud gələcək “fintekçi”lər üçün əsas əhəmiyyət verilməli məsələlər həm nəzəri maliyyə biliklərinin, həm də yuxarıda sadalanan texniki bilik və bacarıqların universitet təhsili vaxtında təkmilləşdirilməsi və təhsil müddətində nəzəri biliklərin tətbiqi üçün müxtəlif təcrübə proqramlarında aktiv şəkildə iştirak edilməsidir ki, bu da karyera yolunu daha asan və əlçatan edir.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.