Riyazi həyat, yoxsa riyaziyyat!

Riyazi həyat, yoxsa riyaziyyat!

Riyazi həyat, yoxsa riyaziyyat!

“Go down deep enough into anything and you will find mathematics.”  

  Dean Schlicter

  Cənab Schlicterin də dediyi kimi, hər şeyin dərininə enərkən biz riyaziyyatdan bir parça görürük. O an əslində öyrəndiyimiz riyazi biliklərin boşuna olmadığını qavrayırıq. Gəlin, biraz daha dərinə enək...

  Riyaziyyat bir ədədində gizlənən isimlərimizdə, doğum tarixlərimizdə, həzin bir musiqi notlarında, kitabın ən canalıcı cümləsində, kəpənəyin qanad çırpışında, küləyin istiqamətində, dənizlərin dərinliyində, xəritələrdə, həyatımızın tam ortasında aldığımız qərarlarda, keçmişimizdə, indiki halımızda və gələcəyimizdədir. Əgər riyaziyyatı mənasını qavrayaraq öyrənsək, həyatımızın hər anı ilə əlaqələndirib qərarlarımız haqda analitik düşünə, 3-ölçülü fikirləşib planlaya və uğurla həyata keçirə bilərik. 

  Riyaziyyat ixtisasını “11 illik təhsil həyatımda oxuduğum riyaziyyatla görünüşdə heç əlaqəsi olmayan 4 illik riyaziyyat sərgüzəştləri...” deyə təsvir edərdim. Hər fərqli yanaşma ilə yaxınlaşmalı olduğumuz misalları həll edərkən “Axı bunu etməkdə bizim məqsədimiz nədir, niyə axı tək bir yol, üsul və ya hiyləgərlik yoxdur?” sualı ilə dolu olan 8 semestr... Cavabını isə illər keçdikdən sonra anlayan mən bunun haqqında sizə məqalənin son hissəsində bildirmək istərdim.

  Bəli tək mənfi cəhəti ilk il yaşayacağınız təəccüb hissidir: “Axı mənim bildiyim riyaziyyatdan çox fərqlidir” dedirtdirir insana. Lakin hərşeyi dərindən oxuyub qavrayanda bakalavr səviyyəsindən bilinən hər sadə qaydanın əsl səbəbinin elə universitet illərində oxuduğumuz riyazi düstur və teoremlərdən gəldiyinin şahidi olursunuz və bunu hiss etmənin verdiyi xoşbəxtlik sözlə ifadə oluna bilməz.

  Bu yolda həqiqi uğur qazanmaq istəyən hər kəs riyaziyyatı ürəkdən istəyib seçməlidir. Əks təqdirdə işində uğur qazansa belə, daxili xoşbəxtliyi dadmayan, sadəcə “pul üçün iş” prinsipi ilə irəliləyən kadrlar yetişəcək və bu enerji ilə cəmiyyət yetişdirəcək. Universitet illərində boş zamanlarını sadəcə yuxuya və gəzintilərə deyil, gələcəyə yatırımı planlayaraq o 4 ili səmərəli kurslara, təlimlərə və xarici dilə sərf edən gənc kadrlarla dolu uğurlu bir kariyera yolunda addımlayan bir insan kimi bu məqaləni oxuyan və öyrənməyə, öyrətməyə ac olan hərkəsə dayanmamağı, hərzaman irəliyə baxa bilməyi, məsləhət görürəm. Əgər bu elmi həqiqətən universitet illərindən irəliyə aparmaq istəyirsinizsə, son kursa doğru magistr planlaması edə və ya gec olmadan hansı yöndə irəliləyəcəyinizdən asılı olaraq məqsədinizi qoyub onun üçün çalışa bilərsiniz.

  Yadıma gəlir ki, universitetin ilk ili müəllimlərdən biri: “Həqiqətən riyaziyyat müəllimi olmaq istəyənlər əlini qaldırsın” deyərkən, 28 nəfərdən sadəcə əlini qaldıran 4 nəfərdən biri idim. Bizim qrupdan bu halın tam əksinə olaraq demək olar ki, hər kəs riyaziyyat müəlliməsi olaraq karyerasını davam etdirir. Buradan çıxaracağınız nəticəni sizə buraxıram. Lakin səbəb nə olur olsun, başlayarkən və sonrasında heçnə üçün özünüzü məcbur hiss etmədən qərarlarınızı sadəcə və sadəcə özünüz verin və irəliləyin. Unutmayın ki, bu yolu siz tək gedəcəksiniz, uğur və uğursuzluqlar sizə məxsusdur. Nə qədər ki qərarlar başqalarının deyil sizin beyninizin məhsuludur. Etmədiklərinizdən deyil də etdiyiniz, lakin uğursuz olan, dərs çıxardığınız təcrübələrdən peşmanlıq hissi yaşaya bilərsiniz.

  Son iki kurs: “Nə edə bilərəm ki, gələcəkdə bir müəllim kimi mənə avantaj gətirər?!” sualıma diplom işi seçməklə, magistr planları qurmaqla cavab tapdım. Eyni anda ikisini çiyinlərimə almaq biraz çətin olsa da, bilirdim ki, çətin işin bəhrəsi daha başqa olur. Bu minvalla diplom işimi uğurla təqdim edərək fərqlənmə diplomu ilə Qafqaz (indiki Bakı Mühəndislik) universitetini bitirdim.

  Hər zaman fərqlisini arzulayan Könül üçün Qafqazdan savayı (həmin il pedaqoji fakültənin bağlandığı səbəbiylə) hara ola bilərdi ki deyərdim.  Azərbaycan Milli Elmlər Akademiyasının yenə də riyaziyyatdan əl çəkməyərək Optimal İdarəetmə şöbəsinə seçdim və qəbul oldum. Sevərək seçərsəniz, uğur sizi hərzaman izləyəcəkdir. Magistr illərimdə isə bu uğuru iki qatına çıxarmaq üçün pedaqoji sahədə bəzi təlimlərə, şagird psixologiyasını dərk etmək üçün isə seminarlara qatılıb özümü maksimum dərəcədə inkişaf etdirdim. Geriyə isə uğurlu karyera üçün yaxşı başlanğıc lazım idi. Bunu məsləhətlə indi çalışdığım iş yerim olan SABİSSUN Beynəlxalq Məktəbindən yana seçdim. Bu yol isə digərlərindən çox daha fərqli və yüksək səviyyədə bilik bacarıq tələb edirdi. Bunu dərk edən Könül dayanarmı?! Qətiyyən! Xarici dil biliyimi bir neçə ay inkişaf etdirərək müsahibə əsasında, sonrasında isə praktik açıq dərslər verərək istədiyim yerə çatdım. Artıq iki ildir ki riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. İşimə olan sevgim ta abituriyent vaxtlarımdan riyaziyyata olan sevgimdən irəli gəlir. İndi düşünürəm ki, nə yaxşı!!! Əvvəldə də dediyim kimi girəcəyim işlərin hərbirində 3-ölçülü düşünmə tərzindən istifadə edib hərşeyi detallı beynimdə götür-qoy etdim. Yəni mənim hərzaman “c”, hətta “d” planım vardı və bunu mənə riyaziyyat qatmışdı. İndi də o öyrəndiyim metodları şagirdlərimə öyrətdikcə daxili xoşbəxtlik tapıram. 

  Bəli bu yolda hiyləgərlik deyil, düzgünlük işə yarayır. Hər misala uyğun olan özünəməxsus yol olduğu kimi,  hər işə, hərkəsə yanaşma prinsipi də fərqlidir. Bəzən əvəzetmə üsulunu, bəzən isə birləşərək qüvvətə yüksəltməni həyatımıza tətbiq edərək var olduğumuzu hiss edirik. 

 

Könül Rəhimli

Qafqaz Universiteti (Riyaziyyat müəllimliyi)

Azərbaycan Milli Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu(Optimal idarəetmə)

SabisSun International School’da riyaziyyat müəllimi

Konulrehimli.2012@gmail.com

Rəylər:

  1. Maraqlı məqalədi

  2. Maraqlı məqalədi

  3. Maraqlı məqalədi

  4. Maraqlı məqalədi

  5. Maraqlı məqalədi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.