Uğurlu karyeranın sirri yoxdur

Uğurlu karyeranın sirri yoxdur

Uğurlu karyeranın sirri yoxdur

 “Uğurlu karyeranın 5 sirri”, “uğurlu karyeraya 10 addım”, “uğursuz olmağın 9 səbəbi” tipli başlıqlar az rast gəlinən deyil. Bu tipli məqalələr motivasiya xarakterli olsa da çox zaman təsiri tam əksi olur. Onu oxuyana əlçatmaz, çətin bir yol qət edəcəyi təsvirini verir. Təbii ki, məqsədə çatmaq üçün əmək vermək və əziyyət çəkmək lazımdır. Ancaq bu əlçatmaz, qət edilməyəcək bir yol deyil. “İstəsən edərsən”, “başı var, amma oxumur” fikirləri bir çoxunuza yəqin ki, deyilib. İstəkləri olmayan insan yoxdur, onlar sonsuzdur. Hər bir kəs ali məktəbə qəbul olmağı, yaxşı iş tapmağı, uğurlu karyera qurmağı, yaxşı kollektivdə işləməyi, kollektivdə sevilən, hörmət edilən biri olmasını, çevrəsində yaxşı dostları olmasını, uğurlu ailə həyatı qurmasını və s. istəyər. Heç şübhəm yoxdur ki, bunu hamı istəyər. Amma onların neçə faizi istəklərini məqsədə çevirib hərəkətə keçir? Az faizi. Arzular istəklə deyil, cəhdlərlə reallaşır.  

  Əslində, karyeranın uğurlu yaxud uğursuz olmasının sirri yoxdur. Bu da yaşamın bir hissəsidir, təsvir etdiyiniz kimi əlçatmaz yaxud çətin deyil. Karyeranızı qurmaq üçün ilk addımda  istəyinizi aydınlaşdırmalısınız, yəni nə istədiyinizi bilməlisiniz. İstəyiniz potensialınızla uyğunlaşmalıdır və ona bir hədəf olaraq çatmağı qarşınıza məqsəd qoyun. Bacarığınızdan artıq istək olsa, bu birdən-birə sizə ümidsizlik, inamsızlıq hissini verə bilər. Bu da uğursuzluq riskini artırır. Karyeraya çatmaq mərhələli şəkildə olur. Yəni karyeranı bir pilləkən şəklində təsvir edək. Birdən-birə sonuncu pilləkənə çatmaq olmayacaq. Hər şey kiçik addımlardan başlayacaq. Amma kiçik addımlar böyük fərqlər yaradacaq. Hər atdığınız kiçik addımda uğurlu olduqca, özünüzə olan inam yüksəlib bir sonrakı məqsədə doğru addımlayacaqsınız. O pilləkənlərdə inamla irəliləyəcəksiniz. Tələbə adını qazanmaq, uğurlu karyera qurmaq, yaxşı iş tapmaq və s. kimi arzularınıza baxışınız da önəmlidir. Bu, ölüm-qalım mübarizəsi deyil. Nümunə: Fərhadın tələbə adını qazanmaq arzusuna baxış tərzi ilə, Ümidin baxışı tərzi fərqlidir. Fərhad qəbul ola bilməsə də, kifayət qədər bacarıqlı olduğu hobbisinə rəsm çəkməyə davam edib karyerasını bu yöndə quracaq. Ümid isə düşünür ki, diplom insan həyatında uğurlu olmağın yeganə çıxış yolu deyil, alınmasa ya yenidən cəhd edər, ya da dərzi olmağı düşünür. Lakin nəticədə hər ikisi də qəbul olub tələbə adını qazanır və gələcəkdə uğurlu karyera sahibi olurlar. Bu onu göstərir ki, heç nə əlçatmaz deyil və arzunuzu gözünüzdə keçilməz bir dağ olaraq təsvir etməyin. Siz onu əlçatmaz kimi gördükcə motivasiyanız az və inamsız olacaqsınız. Əsas olan isə məqsədinizə baxış tərzinizi düzgün formalaşdırın. 

  Uğurlu karyera qurmaq üçün vacib olan məqamlardan biri özünə inam hissidir. Özünə inanmadan etdiyiniz cəhdlərin uğursuz olma riski daha çoxdur. Özünəinamın yaranması üçün karyera quracağınız sahə üzrə biliklərinizi artırmalı, inkişaf etdirməlisiniz. Təcrübənizin olması da inam hissini artırır. Bu səbəbdən də dayanmayın, cəhdlər edin.

   Gələcəyin uğurlu karyera qurmuş iş adamlarından olmaq istəyirsinizsə, diplomdan da önəmli olan xarakteriniz və ünsiyyət qurmaq bacarığınızdır. Mühəndislik sahəsi üzrə mütəxəssislərin maliyyə uğurunun 15%-i texniki biliklərin, 85%-i isə fərdi xüsusiyyətlərinin hesabına olmuşdur. İnsanlara yanaşmanız, fərdi xüsusiyyətləriniz, insanların diqqətini cəlb edə bilməyiniz, xarakteriniz çox önəmlidir. Atdığınız və atacağınız hər addımda diqqətli olun, qazandığınız uğurlar sizi arxayın, uğursuzluqlar isə həvəsdən salmamalıdır. 

  Motivasiyanız mütləq olmalı, olmazsa enerjiniz tez tükənər. Motivasiya sizi uğura doğru aparacaq yolda uğursuzluğunuzda sizə yenidən dəstək olub yolunuza davam etməyinizə yardımçı olacaqdır. Elə isə istəklərinizin sadəcə istək olaraq qalmasına imkan verməyin. Niyə də onları reallaşdırmaq üçün indidən başlamayasınız?  Təəssüf ki, biz nəyinsə zamanını gəlməsini gözləsək də, zaman bizi gözləmir. Məqsədlərinizi aydınlaşdırın və hərəkətə keçin. 

  Karyeranızda uğurlu olmanın əsas məqamlarından biri aktiv olmaqdır. Yalnız sahib olduğunuz ixtisas üzrə biliklərə yiyələnməyiniz sizi dar bir çərçivəyə salacaqdır. Mümkün qədər sosial olun, müxtəlif mövzularda təlim və inkişaf proqramlarında iştirak edin. Ancaq yalnız bununla kifayətlənməyin, dinlədiyiniz və eşitdiklərinizi də araşdıraraq yaddaşınızda möhkəmləndirin. Ünsiyyət, kollektivlə işləmək  bacarıqlarınızı, sahib olduğunuz ixtisas üzrə biliklərinizi inkişaf etdirmək üçün könüllülük fəaliyyəti göstərmək olar. Hətta, deyərdim bu mütləqdir. İlk işiniz könüllülük fəaliyyəti olsa, sonradan istədiyiniz bir işi tapmaqda və uğurlu karyera qurmaqda çox dəstək olmuş olacaq. Müraciət etdiyiniz, cv göndərdiyiniz şirkətlər sizi müsahibəyə dəvət etdikdə artıq təcrübə toplamış biri kimi işə alınmaq üçün düşünülən namizədlərdən biri olacaqsınız. 

  Uğurlu karyera qurmaq üçün magistr təhsilini xarici dövlətlərdən birində almaq da böyük önəm daşıyır. Hər bir dövlətin təhsil sahəsi üzrə öz imkanları var. Xarici dövlətlərin də təhsil imkanlarından yararlanmaq uğurlu karyera qurmaq üçün bir dəstəkdir. 

 Unutmayın ki, dünyada ən tanınmış, məşhur simalar belə çoxsaylı uğursuz cəhdlərdən sonra öz karyeralarını qura bilmişlər. Başlamadan öncə müəyyən qorxular, inamsızlıq yarana bilər. Ancaq cəhdlər etdikcə, bacarmayacağınız bir şeyin olmadığını gördükcə  qorxularınız aradan qalxacaqdır. Siz yetər ki, heç nədən çəkinməyin və cəhdlər edin. Alınsa uğurunuz, alınmazsa təcrübəniz olar. Həyat mübariz olanları sevir. 



 

                                                   Müəllif: Psixoloq Fidan Əbdülova

                                                   İş yeri: Sumqayıt şəhər, Mərkəzi Diaqnostika Klinikası   

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.