Adı kimi xüsusiyyətləri də “cool”durmu? – İctimaiyyətlə əlaqələr

Adı kimi xüsusiyyətləri də “cool”durmu? – İctimaiyyətlə əlaqələr

Adı kimi xüsusiyyətləri də “cool”durmu? – İctimaiyyətlə əlaqələr

 İctimaiyyətlə əlaqələr ixtisasını tanıtmadan öncə bildirmək istəyirəm ki, mən bu ixtisası 4 il BDU-da jurnalistika fakültəsində oxuduqdan sonra seçdim. Azərbaycanda işlədiyim zaman müdürüm Azər Nəzərovun çox yaxşı sözü var idi, qulağıma sırğa etmişəm: peşəkar PR-çı (ixtisasımıza belə də deyirik, ingilis dilində Public Realtion) olmağa gedən yol peşəkar jurnalist olmaqdan keçir. Belə bir tövsiyəm də var ki, əgər əlinizdə imkan varsa, bu ixtisası bakalavrdan (mən magistrda qərar verdim) başlamaq daha faydalıdır. Niyə imkanınız varsa deyirəm? Çünki hazırda Azərbaycanda bu ixtisası tədris edən universitet yoxdur.

  Gəlin görək bu ixtisas necə yaranıb? Nə işimizə yarayır? 

  Başı bəlalı olan PR-çı çox vaxt mətbuat katibliyi vəzifəsi ilə, bəzən isə reklamla qarışdırılır. İlk olaraq mətbuat katibi ilə fərqini anlamağa çalışaq. Mətbuat katibi adətən qurumlarla media arasında körpüdür, elə qarışdırılmasına səbəb də bu xüsusiyyətidir. Mətbuat katibinin işi qurumda baş verən yenilikləri, dəyişikləri vaxtında  mətbuatda yayımlanmasına kömək etmək və monitorinq aparmaqdır. PR-çının belə bir vəzifəsi olsa da, buna əlavə olaraq ictimaiyyətə də xitab edir, şirkət, qurum, şəxsin imicini tanıtmaq üçün tanıtım və sosial layihələr həyata keçirir, bütün bunlar üçün strategiya qurur. Bəs reklam və marketinqlə niyə qarışdırılır? Burada qarışdırılmasına səbəb isə tanıtım məsələsidir. Hər ikisi də nəticə olaraq tanınmaya xidmət edir. Fərq isə reklam zamanı müəyyən məbləğ verərək birbaşa məqsədi ortaya qoymaqdır. Yəni, mən Kəmalə olaraq gedirəm və reklam şirkətinə pul ödəyirəm ki, məni filan kanalda (sosial media, ənənəvi media fərq etmir) “ireklam eləginən”. Bu arada bu o demək deyil ki, PR-da pul xərclənmir, “tanış-biliş sənin haqqında xəbər paylaşır”. Burada həm “networking”, həm də dolayı yolla tanıtım layihələri işə yarayır.

  Deyək ki, biz bir telekommunkasiya operatoruyuq və şirkətimizi PR etmək istəyirik. Reklamlarımız hər yerdə gedir, hər şey yaxşıdır. Amma eyni zamanda da xalqla ünsiyyətdə olub onların qəlbini qazanmaq istəyirik. Bu zaman insanların çətin zamanında yanında olaraq, (əlini tutub gözlərinə baxmaqdan söhbət getmir) məsələn, əsgərlər üçün hər hansı bir kompaniya həyata keçirməklə və yaxud təbii fəlakətlər zamanı pulsuz dəqiqələr və pulsuz internet verməklə həm insanların yanında olmuş oluruq, həm də bununla yanaşı şirkətimizi xalqın yanında loru dildə desək, alnıaçıq edirik. Bir sözlə, PR-çı həm imic mühəndisi, həm də imicin daim canlı tutulmasında yaxından iştirak edir. PR-çının şirkət, qurum və yaxud şəxsin kriz anında krizdən çıxmasına və vəziyyəti  idarə etməsinə yaxından kömək edir, hər zaman ən pis vəziyyətlər, krizlər üçün hazır strategiyası olur, iş olub bitəndən sonra yox daha öncədən əlində hazır planları olur, eyni zamanda şirkət daxilində də tanıtımı, münasibətləri tənzimləyir.

  PR-çı əsasən bu fəaliyyətləri icra edir:

  • Mediadan gələn məlumat sorğularını qiymətləndirir

  • Müştərilərlə ünsiyyət qurmaqda kömək edir

  • İşlədiyi müəssisədəki kadrlarla birlikdə şəxsiyyət və korporativ imicini inkişaf etdirmək üçün araşdırmalar aparır

  • Digər rəhbər işçilər üçün təqdimat və reklam layihələrini hazırlayır

  • Cəmiyyətin diqqətini cəlb etmək və şirkətə aid bir xidmət və ya məhsul haqqında məlumatlılığı artırmaq üçün konfranslar təşkil edir, yarışlar keçirir və seriyalar hazırlayır

  • Müəssisədəki problemləri müəyyənləşdirmək və həll yolları barədə menecerə təkliflər verir

  • Təşkilatın ehtiyac və məqsədlərinə uyğun olaraq tanıtım siyasətini müəyyən edir

  Bu ixtisas üzrə təhsil almaq istəyən bir tələbə: 

- İctimai, siyasi və iqtisadi hadisələri başa düşə və şərh edə bilməlidir

- Ölkə və dünya gündəmini yaxından izləməlidir

- Araşdırma bacarığı 

- Ünsiyyət bacarıqları güclü 

- Problem həll etmə bacarığı

- Sürətli öyrənmə

- İnandırmaq bacarığı,

- Fikirlər istehsal etməyi, oxumağı və müzakirə etməyi sevməlidir

- Hadisələr arasındakı səbəb-nəticə əlaqələrini görə bilmək və nə olacağını əvvəlcədən bilmək bacarığı

- Zəkalarından istifadə edərək hadisələri xəbər kimi qəbul etmək və toplanmış məlumatları xəbər formatında yazmaq bacarığı,

-Obyektiv insanlar olmalıdır.

  Bir haşiyəyə çıxıb Azərbaycanda kommunikasiya fakültəsinin olmamasından şikayətlənmək istəyirəm. Demək olar ki, dünyanın əksər universitetlərində belə bir fakültə var. Kommunikasiya fakültəsinin içinə daxildir : Qəzet, radio, televiziya, kino, tanıtım, ictimaiyyətlə əlaqələr, reklam və s. Bizdə isə bu sistem belədir: Jurnalistika fakültəsi var və bununda içində sadəcə jurnalist ixtisası var. Hər kursda qəzet, radio, TV, PR dərsləri alırsan və bir sözlə hərəsindən bir az olursan. 

  İxtisasın yaranmasından söz açarkən onu deyə bilərəm ki, ictimaiyyətlə əlaqə – XX əsrin fenomenidir ki, onun kökləri o mənada qədim tarixə gedib çıxır. Bu əlaqələr də insanlar arasında kommunikasiya qədər qədimdir. Hələ Babilistan, Qədim Yunanıstan və Qədim Roma kimi sivilizasiyaların çiçəklənməsi dövrlərində insanları inandırmağa çalışırdılar ki, onlar öz hökumətlərini və öz dinlərini qəbul etməlidirlər və onlara itaət etməlidirlər. 

Azərbaycanda ictimaiyyətlə əlaqələr

  Digər ixtisaslara görə Azərbaycan reallığında önü açıq və çox yeni bir sahədir. Bu sahədə mütəxəssis, peşəkar sayı azdır. Bu sahəni seçməklə  kreativ bir sahəni seçmiş olursunuz, daima beyninizdə yeni ideyalar, yeni layihələr sizi rahat buraxmır. İctimaiyyətlə əlaqələr işçiləri ofislərdə, otellərdə, qəzetlərdə, media sahəsində, banklarda, reklam agentliklərində, fabriklərdə, xəstəxanalarda, müxtəlif təşkilatların təşkilati fəaliyyətlərində işləmək imkanına malikdirlər. Mənim bu ixtisasın çox xoşuma gələn tərəfi isə sosial məsuliyyət layihələri ilə işləməyə də fürsət yaratmasıdır. Hətta özüm də bir çox layihələrin üzü olmuşam. Buna misal olaraq, Nar mobil operatorunun görmə məhdudiyyətli uşaqlarımız üçün hazırladığı layihədən danışmaq istəyirəm. Mən bu layihədə xalq nağıllarımızı səsləndirmişdim və “1 iyun uşaqların müdafiəsi günü”ndə “audiobook” olaraq təqdim etmişdik. Hazırda ölkəmizdə ço x az deyiləcək qədər müraciət edilsə də, bir neçə ilə bizim ölkəmizdə də bu məsələlərin qaydasına düşəcəyinə ümidliyəm. Nümunə üçün bu linkdən (https://www.glokalweb.com/yazi-kurumsal-sosyal-sorumluluk-projeleri) baxa bilərsiniz. Ölkəmizlə yanaşı dünyada da bu sahə çox ehtiyac duyulan, axtarılandır. 

  Son olaraq ixtisasa həvəsi olanlara 5 kitab tövsiyəm olacaq: 

  1. İnan Bana Yalan Söylüyorum – Ryan Holiday
  2. Propaganda – Edward Bernays
  3. Guerrilla PR Wired: Waging a Successful Publicity Campaign Online, Offline, and Everywhere In Between - Michael Levine
  4. Kıvılcım Anı: Küçük Şeyler Nasıl Büyük Farklılıklar Yaratır? – Malcolm Gladwell
  5. Mor İnek – Seth Godin

Kamala Rovshan

Erciyes Universiteti, İctimaiyyətlə Əlaqələr və Reklam, magistr tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.