Cümhuriyyət dövrünün fəal qadınları
Cümhuriyyət hakimiyyəti hələ fəaliyyətinin ilk illərindən qadın azadlığı və qadın hüquqlarının təmini ilə bağlı problemlərin həllinə çalışaraq, müəyyən mənada qədim türkçülük dəyərlərinə sahib çıxmağa çalışırdı. Lakin bu o qədərdə asan məsələ deyildi. Əks cinsin nümayəndələrinin qadınlarla bağlı tabulaşmış düşüncələri bu sahədə əsas maneələrdən biri idi. Məsələn, Səlim Səri imzalı bir müəllif “Azərbaycan” qəzetinin dekabr, 1918-ci il tarixli 62-ci nömrəsində dərc edilmiş “Qadınlıq haqqı” adlı məqaləsində bu barədə yazırdı ki, qadınların haqqı bəhs mövzusu olduğu zaman etiraf edək ki, biz erkəklər bu məsələdə tamamilə bitərəf olmuruq. O, Platona istinadən bildirirdi ki, “Əflatuna görə ərlə arvad sağ və sol əl kimidir. Əllərimiz eyni işi görməklə mükəlləfdir. Yalnız birini artıq işlətmək vərdişi onu digərindən bacarıqlı etmişdir” – dediyi halda, bu gün biz ibadət əsnasında “Yarəbbi, məni hür yaratdığına və qadın olaraq dünyaya gətirmədiyinə həmd və şəfa edirəm” – deyirik.
Mövcud çətinliklərə baxmayaraq, AXC-nin 23 aylıq qısa fəaliyyət dövründə bu sahədə müəyyən uğurlar əldə edilmişdi. Belə ki, Cümhuriyyət qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. O dövrün ziyalı qadınlarının pedaqoji-publistik fəaliyyətlərinin əsasında maarifçilik missiyası dururdu və qadınlar bu sahədə heç də kişilərdən geri qalmırdılar.
Cümhuriyyət dövrünün fəal qadınları
Şəfiqə Əfəndizadə. Azərbaycan Xalq Cümhuriyyətinin həmin fəal qadınlardan biri də Şəfiqə Əfəndizadədir. Şəfiqə Əfəndizadənin ictimai fəaliyyəti yalnız cümhuriyyət dövrünü deyil, cümhuriyyətə qədərki dövrü də əhatə edən geniş bir zaman kəsiyini əhatə edir. Xanım Əfəndizadə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.
Şəfiqə xanım 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində dünyaya göz açıb. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə və bacısı Səidə təhsillərini məhz atasından alıb. On dörd yaşında olarkən Şəfiqə xanım Şəki şəhərinə gedir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır. Bu zaman böyük messenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov, Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır, ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır, sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradır. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədir. Azərbaycan qadınlarını təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə daima "Analar! Qızlarınızı oxudun!" deyə qadınlara çağırış edirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilə qədər bu məktəbdə müəllimə işləyir. Araşdırmaçı Qərənfil Quliyeva Şəfiqə xanımın AXC dövründəki fəaliyyəti haqqındakı araşdırma yazısında onun xeyli çətinliklər yaşadığını göstərir:
“1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlib. Bir müddət Qubada, Azqurda və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub”. Bununla belə Şəfiqə xanım Cümhuriyyət dövrünün ən fəal xanımı hesab olunur. Şəfiqə xanım pedoqoji, publisist kimi çox dəyərli fəaliyyətlərə sahiblənməklə yanaşı, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq orada bütün Azərbaycan qadınlarını təmsil edib.
Şəfiqə Əfəndizadə həmçinin geniş publistik fəaliyyətinə görə şərqin ilk qadın jurnalisti hesab edilirdi. Xanım Əfəndizadə publistik fəaliyyətinə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, N7) başlamışdır. Sonralar o, "Dəbistan", "Məktəb", "Füqara füyuzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş və tərbiyə mövzusuna həsr edilmiş məqalələrini çap etdirmişdir. Eyni zamanda, mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. Şəfiqə xanımın publistik fəaliyyəti Cümhuriyyət dövründə də davam etmişdir.
"Azərbaycan" qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş "Milli bayram və qadınlarımız" adlı məqaləsində Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazaraq qeyd edir: "Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs, hər kəs məğrur idi”.
Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutuna qədər davam edir. Sovet hakimiyyəti illərində də o, maarifpərvər bir qadın kimi qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərir. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edir. Bakıda yaradılan Darülmüəllimatın müəllimi olur. Moskvada qadınlar qurultayında nümayəndə kimi iştirak edir.
Bayraməlibəyova Məryəm. Məryəm Teymur bəy qızı Bayraməlibəyova - Azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin təşkilatçısı, “Ünas” (qızlar) məktəbinin müdiri, 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920-1921-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biridir. İndi isə xanım Bayraməlibəyovanın həyat və yaradıcılığı ilə daha ətraflı tanış olaq. Məryəm Bayraməlibəyova 1898-ci ilin yanvar günlərinin birində Lənkəran şəhərində, Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm, Teymur bəyin doqquz uşağından biri idi. İbtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində almışdır (1906-1911). Orta təhsilini isə "Müqəddəs Nina" qızlar məktəbində başa vurduqdan sonra, 1917 –ci ildə 8-ci əlavə pedaqoji sinfi bitirmişdir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini filantrop Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Oktyabr çevrilişi (1917) nəticəsində vəziyyətin dəyişməsi ilə əlaqədar Məryəm xanım vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır. Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1919-cu ilədək bu məktəbə rəhbərlik etmiş, dram və xor dərnəkləri təşkil etmişdir.
Məryəm xanım qadınların zehinlərini kütləşdirmiş dini-fanatizm adət-ənənələri və qadın cəhaləti ilə mübarizədə elmlə silahlanaraq bu yolda uğur qazanmaq üçün böyük səy göstərmişdir. Lənkəran qız məktəbinin şagirdi, Azərbaycanın ilk qadın opera müğənnisi Həqiqət Rzayeva yazırdı: “Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi”. Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin qurulması da məhz qız məktəbinin şagirdlərinin təhsillə bağlı xərclərinin maliyyələşdirilməsi ilə bağlı olmuşdur. Belə ki,əksəriyyəti kasıb olan qızların oxumağa dəftər-kitabları, qələmləri, hətta ayaqqabıları belə yox idi. Məhz bütün bunları təmin etməkdən ötrü Məryəm xanım atasına Lənkəranda qadın Xeyriyyə cəmiyyətinin yaranmasının vacibliyi təklifini irəli sürür. Bu təklif hamının xoşuna gəlir və tezliklə Lənkəranda qadın Xeyriyyə cəmiyyəti yaradılır.
Aprel işğalından (1920) sonra da, pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova 1920-1921 –ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kursları təşkil etmiş, bütün qəzada yeganə qadın müəllim kimi siyasi maarif işində fəal çalışmışdır. 1921-1923-cü illərdə Azərbaycan nümunəvi - təcrübə məktəbində türk qrupunun rəhbəri olmuşdur. Məryəm xanım 1922 –ci ildə həbs olunmuş, Bakıdan kənara çıxmamaq barədə iltizam verdikdən sonra həbsdən azad olunmuş və pedaqoji fəaliyyətini davam etdirmişdir.
Ümgülsüm Sadıqzadə. Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. Ümgülsüm ilk təhsilini ata və anasından almış, onlardan fars və türk dillərini öyrənmiş, bundan sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını öyrənməyə başlamışdır. Get-gedə genişlənən bilikləri və istedadı ona heca və əruz vəznlərində gözəl şeirlər yazdırırdı. Artıq 1914-cü ildən etibarən o, dövri mətbuatda – “Açıq söz”, “Birlik”, “İqbal”, “Yeni iqbal”, “İstiqlal”, “Azərbaycan”, “Ədəbiyyat”, “Şərq qadını” kimi orqanlarda çıxış etməyə başladı. Onun bədii təfəkkürü qardaşı Məmmədəli Rəsulzadənin, həyat yoldaşı Seyid Hüseynin və xüsusilə də əmisi oğlu Məmməd Əmin Rəsulzadənin təsiri altında formalaşır və cilalanırdı. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında onun haqqında yazılır: “Ü.Sadıqzadə 1918-ci ildə AXC-nin yaranmasını sevinclə qarşılamış, milli dövlətimizi vəsf etmiş, bu böyük hadisəyə “Türk Ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirlər həsr etmişdir. Ümgülsümün milli cümhuriyyətin devrilməsi ilə əlaqədar yazdığı “Hicran” və “Bayrağım enərkən” şeirləri Azərbaycan ədəbiyyatında bolşevik işğalı barədə yazılmış ilk ən dəyərli əsərlərdəndir. Vətənini, torpağını, müstəqilliyini sevən istənilən şəxsin bu şeiri oxuyarkən hissləri coşmaya bilmir”.
Ümgülsüm Sadıqzadə istiqlal yolunun dönməz davamçısı və tərənnümçüsü, müstəqillik dövrünün ilk qadın şairi kimi ədəbiyyat tarixində önəmli yer tutmasına baxmayaraq, o yaradıcılıq yoluna “böyük sənət yaratmaq “ amalı ilə çıxmamışdır. Ümgülsüm xanım öz fəaliyyətini “azad Azərbaycanın tərrənnümçüsü, əzilməkdən qurtulmuş, yabançı ayaqlar altında tapdanmaqdan usanmış bir yurdun şairi" kimi qiymətləndirirdi. Ümgülsüm Sadıqzadə 7 illik məhbus həyatından sonra, 1944-cü ilin sentyabr ayının 17-də Şamaxı şəhərində vəfat etmişdir.
Cümhuriyyət dövrünün fəal qadınları siyahısına Ş.Əlizadə, Ü.Sadıqzadə, M.Bayraməlibəyova ilə yanaşı Sara Talışinskaya, Liza Muxatarova, Şəfiqə Qasprinskaya, Hənifə Məlikova və digər bir çox qadın şəxsiyyətləri də əlavə edərək siyahını daha da genişləndirmək olar.
Mənbə
-
Tural Həmid. İslamdan əvvəl türk qadını. (http://karabakhmedia.az/main/697-slamdan-evvel-turk-qadini.html)
-
Səlim Səri. Qadınlıq haqqı. “Azərbaycan”, 11 kanuni-əvvəl (dekabr) 1918, № 62 (www.qaynaq.internet.az/.../62azer111218.htm)
-
Cümhuriyyətin aktiv qadınları – ARAŞDIRMA. (http://modern.az/az/news/146685#gsc.tab=0)
-
https://az.wikipedia.org/wiki/M%C9%99ry%C9%99m_Bayam%C9%99lib%C9%99yova
-
Məmmədov S., Azərbaycanın ilk maarifpərvər qadınları, B., 1960; Elşad Qoca, Sibir dərsi, B., 2000
-
http://zim.az/elm/333-azrbaycanin-maarfprvr-qadn-mrym-xanim-bayramlbyova.html
-
https://az.wikipedia.org/wiki/%C3%9Cmm%C3%BCg%C3%BCls%C3%BCm
-
Sona Vəliyeva, Milli Dövlətçilik Hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti Dövründə
-
Azərbaycançllıq İdeyasi,Bakı 2003 (s -85)
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.