Hansı ölkədə işləmək istəyirsən? - ixtisas seçimi
Salam dostlar, ümid edirəm yaxşısınız. Düşünürəm ki, qeyd edəcəyim məqamlar həyatınızı, baxışlarınızı müsbətə doğru dəyişə bilər. Bəli, dəyişmək məfhumu cəmiyyətimizdə adətən mənfi anlamda anlaşılır. O isə bir çox hallarda müsbət, bəzən mənfi və qarışıq istiqamətlərdə ola bilər, prosesə görə.
Ümumiyyətlə, həyatda hər kəsdə nəsə dəyişiklik baş verir və bundan qorxmaq lazım deyil. Əgər biri səhvini anlayıb dəyişirsə, digəri daha gözəl, faydalı bir istiqamətə yönəlirsə, nə yaxşı?! Əlbəttə, bu prosesdə bizə xüsusən fitrətimiz və ağlımız kömək olmalıdır.
İxtisas seçimindən öncə - SEÇİMLƏR
Bizim seçimlərimizə xeyli sayda faktorlar təsir edir. Xüsusilə də böyüdüyümüz mühit, iqtisadi, hüquqi faktorlar, dəyərlər. Adətən biz ən azı bunların cəmi olaraq qərarlar qəbul edirik. İxtisasın dərki, praktiki tərəfi isə cəmiyyətdə necə işləməyindən irəli gələrək təsəvvür yaradır. Adətən insan davamlı olaraq gördüklərini zamanla qəbul edir.
Seçimlərimizə qeyd etdiyim məqamlar ilə yanaşı, xüsusi ilə dünyagörüşü çox böyük təsir edir. Dünyagörüşü yalnız ingilis, yaxud fərqli bir dildə məlumat almaqdan ibarət deyil. Burada mütaliə, sənədli filmlər, səyahət, fərqli-fərqli insanlar ilə ünsiyyət, mənəviyyat, davamlı düşünmək, özünə tənqid də mühüm faktordur.
Başa düşürəm, bizim cəmiyyətdə tələbəlik illərində belə səyahət əksər hallarda mümkün olmur, fərqli mədəniyyətlər ilə tanış ola bilmirik. Mətbuat ilə əldə etdiyimiz məlumatlar isə adətən ağ və qara olur - kimin necə, nə zaman təqdim etməsindən aslı olaraq. Halbuki istənilən cəmiyyətin faydalı və mənfi tərəfləri var. Ağıl isə deyir: “Bu mövzuda kimin təqdim etməyi fərq etməz, sən araşdır, faydalı - uyğundursa izlə, əməl et”.
Birdən kimsə sizə İ. Kant və Nizami Gəncəvinin heç vaxt səyahətdə olmadığı halda böyük şəxslər olduğunu desə, təşəkkür edə bilərsiniz. Amma, 21-ci əsr ilə onların yaşadığı dövrü, məkanları müqayisə etmək məhz bu mövzuda doğru deyil. Bir zamanlar insanlar məlumatsızlıqdan əziyyət çəkirdisə, hazırda informasiya bolluğu məhz burulğan, boğulmaq kimidir.
Sahələr daha geniş tədqiq olunmaqdadır. Bu gün araşdırmada texniki vasitələr, resurslar daha çox kömək edir, amma sahələr özü çox böyük zaman, araşdırma və əlaqələndirmə tələb edir. Hazırda qərar vermək daha çətindir. Ən əsas səyahət deyərkən məqsədim fərdin nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi, cəmiyyətləri yaxından tanıması, iqtisadi və ideoloji görüşlərin həmin məmləkətlərə praktiki təsirini müşahidə etməsidir.
Bunu da qeyd etmək istərdim ki, İ.Kantın məzarını 2019-cu ilin dekabrında hazırda Rusiya ərazisi olan Kalininqradda ziyarət etmək nəsibim olub.
Mən kiməm - Ağa Mehdiyev
1992-ci ildə Bakıda doğulmuşam. Valideynlərim ali təhsilli deyil. Jurnalistika üzrə təhsil alarkən fərqli-fərqli sahələrlə əlaqəli xeyli sayda tədbirlərdə iştirak edirdim. Sonradan özüm də dostlarla buna bənzər seminarları təşkil etməyə başladım. Araşdırmaçı jurnalist olaraq uzun illərdir fəaliyyət göstərirəm, düzünü desəm bu sahədən 1 qəpik belə qazancım olmur. Ümumiyyətlə, jurnalistikada müstəqil fəaliyyətlə yaxşı pul qazanmaq olduqca çətindir, demirəm mümkün deyil.
Son 3 ildə xüsusən maddi amillərdən irəli gələrək alman şirkətlərindən birində Rusiya və Avropa üzrə reklam, marketinq, satışa dəstək işləri ilə məşğulam. Rus, ingilis, almanca biliklərim bu sahədə irəliləməmə çox böyük dəstək göstərməkdədir. Biznes sahəsi isə stomatologiyadır. Əslində, jurnalistikada öyrəndim bir çox biliklər burada köməyimə çatır, xüsusən kommunikasiya. Biznes sektoru ilə bağlı Rusiya, Almaniya, Gürcüstanda bir çox seminarlarda lektor kimi çıxış etmişəm. İşimdən dolayı Rusiya və Avropaya səfərlərim reallaşır. Fürsət olduqca araşdırmalarımı da aparıram. Mənə cəmiyyətlər, insanlar və onların yaşayışları, adətləri, iqtisadiyyatları, qanunları maraqlıdır.
2018-ci ildə Almaniyada Bremen H, 2019-cu ildə isə Finlandiyada Helsinki universitetlərində 1 aylıq proqramları yüksək nəticələr ilə bitirmişəm. 2019-cu ilin sentyabrında daha qısa bir kursu Moskvada - biznes məktəbində bitirdim. Bunlarla yanaşı ictimai fəaliyyət ilə də məşğulam. Heç bir partiya və təşkilatı təmsil etmirəm. Sonuncu dəfə ekologiya layihəsi ilə bağlı Estoniyadan İspaniyaya qədər piyada, velosiped ilə səfər etmişəm. 72 gün ərzində, həmin ərəfədə İsveçrədə məktəbə çıxış etmək üçün dəvət olunmuşam. Orada 3 fərqli sinifdə seminarım olub. İndiyə qədər 34 ölkə və 150-dən çox şəhərdə olmuşam.
Azərbaycan, Rusiya, Avropa biznes mühitlərində danışıqlar, fərqli universitetlər, məktəblərdə təhsil ilə çıxışlarım, sosial fəaliyyət ilə bağlı mediaya dəvət olunmağım mənə kommunikasiya ilə bağlı xeyli təcrübələr bəxş edib.
Effektiv kommunikasiya, natiqlik, şəxsi inkişaf üzrə təlimçi kimi fəaliyyət göstərirəm. Hazırda dərs və seminarları 3 dildə keçirəm. Mənim inkişafımda jurnalistikanın xüsusi rolu var. Hansı sahəyə getməyiniz fərq etməz. Mütləq universiteti bitirənə qədər rus, ingilis, alman, fransız, fars, ərəb, çin dillərini öyrənin. Kim nə qədər bacarırsa. Bizə bunları vaxtı ilə deyən olmayıb, sonra isə öyrənmək daha çətindir.
Həmin dilləri bilsəniz maddi, intellektual cəhətdən daha möhkəm dayaqlara sahib ola bilərsiniz. Azadlıq mənəviyyatdan və maddiyatdan başlayır. Buna sahib olmayanlar əksər hallarda kimdənsə və ya nədənsə asılı olurlar. Əksər hallarda istisnalar olur.
İxtisas seçimindən öncə hədəfinizi və həyatdan nə istəyirsiz onu müəyyən edin. Stabil, inkişaf etmiş, hüquqlarınızın qorunduğu, sakit bir mühit istəyirsinizsə, Finlandiya, Norveç, Almaniya, İsveçrə olduqca gözəl seçim ola bilər. Orada təhsil və iş imkanları daha çoxdur. Həyatda hədəfiniz ancaq pul qazanmaqdırsa, bu zaman Rusiya və Amerika daha münbit məkandır. Mənə Finlandiya mühiti hazırda daha uyğundur.
Avropada əməyə, ixtisasa münasibət daha fərqli və dəyərlidir. Orada hörmətli olmaq üçün mütləq HR, müdir olmaq lazım deyil. İşini düzgün icra edəndən sonra velosiped təmiri ilə məşğul olsanda, müdir qədər hörmətli olacaqsan.
Ümumiyyətlə, mənəvi və intellektual göstəriciləri yerində olan insanın hər hansısa bir cəmiyyətdə özünü təsdiq etməyə ehtiyacı yoxdur. O, adətən üzərinə düşən vəzifə və məsuliyyətlərin icrası ilə məşğul olub, prosesə köklənəcək.
Nəticədən də mühüm məhz proses, gedəcəyimiz yolda istifadə etdiyimiz vasitələrdir. Bizə uğurlu insanlardan çox danışılır. Əgər hadisə, şəxslərə seçdiyi vasitələr ilə dəyər versək, çoxları dəyərini itirmiş olacaq.
“Yaxşılıq etməkdən mühüm bunu hansı pulla etməyinizdir. Həyatda hər hansı pillədən mühüm ora necə gəlməyinizdir. Özümüzü satıb nələrsə almayaq.
Ağa Mehdiyev
Instagram: @aghamehdi__
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.