Jurnalistika – İxtisas seçimi və şərtlər
Jurnalistika ixtisası hər bir dövrdə öz aktuallığını qorumaqla yanaşı, daxilində innovativ ideyaları və müasir tələbləri birləşdirir. Humanitar elmlər sırasında yer almasına baxmayaraq, jurnalistikanı “birləşmiş elmlər” də hesab etmək olar. Bu ixtisasa və peşəyə sahib olmaq istəyən şəxs humanitar elmləri mükəmməl bilməklə bərabər, texniki, təbiət elmlərini də orta səviyyədə bilməsi təcrübə baxımdan əhəmiyyətlidir. Azərbaycan universitetlərində tədris olunan jurnalistika ixtisası ən qədim ixtisaslardan hesab olunur. Əsasən dövlət universitetlərində bu ixtisasın tədrisinə başlansa da, müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanda yaradılan bir neçə özəl universitet də tələbələrə bu ixtisasın sirlərini öyrətməyə başladı. Müstəqillik illərindən başlayaraq ölkədə gənc, istedadlı jurnalistlərin yetişdirilməsi bu ixtisas üçün əsas prioritetlərdən idi. Ölkənin təhsil sistemində test üsulu ilə ali məktəblərə qəbul olunması ilə haqqında qanunun tətbiq olunduğu 1992-ci ildən jurnalistika abituriyentlərin diqqət mərkəzində olub. Humanitar ixtisasların yer aldığı III qrupda jurnalistikaya qəbul prosesi zamanla dəyişib. Belə ki, 2014-cü ilə qədər bu ixtisasa qəbul sadəcə test üsulu ilə verilən imtahanlarda 700 ballıq sistemdə 500 və ya daha çox bal toplamaq tələb olunurdu. Lakin, 2014\15-ci tədris ilindən başlayaraq jurnalistika ixtisasının bakalavr və magistr pillələrinə qəbula test üsulu imtahanla yanaşı, qabiliyyət imtahanı da əlavə olundu. Qabiliyyət imtahanının şərtlərinə əsasən, abituriyentlər esse (inşa) yazmalıdırlar. Test üsulu ilə keçirilən imtahandan sonra keçid balını toplayan hər bir abituriyent qabiliyyət imtahanına qeydiyyatdan keçə bilər. Burada isə imtahan zamanı verilən 3 müxtəlif esse mövzusundan birini seçə bilər. Qabiliyyət imtahanından “məqbul” bal alan hər bir abituriyent kodlaşdırma zamanı jurnalistika ixtisasını da yaza bilərlər. Həmin ixtisasın magistratura pilləsinə qəbul olmaq istəyənlər bakalavrlar üçün qabiliyyət imtahanı mütləq olaraq qalsa da, şərtlər bir qədər fərqlidir. Magistratura pilləsinə qəbul zamanı bakalavrlar Kütləvi İnformasiya Vasitələrində (xəbər saytında, televiziya və ya radioda, qəzet və ya jurnalda) dərc olunan yazıları elektron formatda gətirib qəbul komissiyasına təhvil verirlər. Əsas fərqlərdən biri də jurnalistikada hər hansısa bir ixtisaslaşmanı seçmək istəyən tələbənin bakalavr pilləsində yalnız jurnalistika fakültəsinin məzunu olmağı tələb olunmur, digər ixtisasların məzunu olan bakalavrlar da jurnalistikanın magistratura pilləsinin tələbəsi olmaq üçün müraciət edə bilərlər. Bunun üçün nəzərdə tutulan qabiliyyət imtahanından “məqbul” qiyməti alan hər bir bakalavr jurnalistikanın ixtisaslaşmalarından birini seçmək imkanı qazanırlar. Bu ixtisası seçmək istəyən abituriyentlər üçün qəbul imtahanlarında 200-250 balı, magistraturaya qəbul imtahanında isə 50 balı keçmək tələb olunur. Həmçinin, ixtisasın plan yerinə uyğun olaraq toplanan balın yüksək olması əhəmiyyətli rola malikdir. Qəbul şərtlərindən əlavə ən çox soruşulan suallar arasında Jurnalistika ixtisasında tədris olunan fənlər və tədris prosedurudur. Ümumən, hazırki dövrə əsasən jurnalistika 4 universitetdə tədris olunur və bunların hər biri dövlət universitetləridir. Bunlar: Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Naxçıvan Dövlət Universitetidir. 2 il əvvələ qədər Xəzər Universitetində də bu ixtisas siyahıda olsa da, kadr azlığı səbəbilə tədrisi dayandırıldı. Bakalavr və magistratura pilləsi baxımından ixtisaslaşma sayına görə Bakı Dövlət Universiteti (BDU) illərdir liderliyini qoruyur. Həmçinin bu universitetdə jurnalistikanın magistratura pilləsində bütün ixtisaslaşmaların tədrisi mövcuddur. Digər universitetlərdə tələbat sayına uyğun olaraq bu rəqəm 1-3 arasında dəyişir. İxtisası Azərbaycan, rus və ingilis dillərində oxumaq mümkündür. Tədris dilindən asılı olaraq keçirilən fənlər də yalnız bu dillərdən birində aparılır. İxtisasın ilk 2 kursunda tədris olunan fənlərin 60 faizi qeyri-ixtisas fənlərindən ibarət olur. İxtisas fənləri arasında isə nəzərə fənlərlə birlikdə praktik fənlər də yer alır və tələbənin jurnalistikanın müxtəlif sahələrində istiqamətlənməsində həlledici rol oynayır. Yekunda özündə həm nəzəri biliyi, həm də təhsil müddətində zəngin təcrübəni birləşdirən jurnalistika tələbələrin sevərək seçdiyi və təhsil aldığı ixtisaslar arasında qalmaqdadır.
AZAD NURİYEV
BEYNƏLXALQ JURNALİSTİKA, MAGİSTR, II KURS
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.