Turizm bələdçiliyi inkişafı
Bələdçi ölkəyə gələn və ya ölkə daxilindəki turistləri qarşılayan, onlara ölkə və onun mədəniyyəti,tarixi, digər sahələr üzrə məlumat verən şəxsdir. Bələdçi ixtisası Azərbaycan Turizm və Menecment Universitetində (ATMU), Turizm kollecində tədris olunur. Bundan başqa, ATMU-nun nəzdində istənilən şəxs 3 aylıq ödənişli kurs keçməklə bu peşəyə yiyələnə bilər.
Bələdçilik ixtisasının mənfi tərəfləri haqqında yazmaq istərdim. Birincisi, bu peşəni seçən şəxs müəyyən qədər iş tapmaqda çətinlik çəkə bilər. Bu intellektual və bacarıqlı olmaqla bağlı məsələ deyil. Bələdçiliyə tələbat mövsümlə bağlıdır. Bildiyimiz kimi, turizm qış və yay aylarında daha gəlirli sahə olur. Ona görə də bələdçilik məhdud imkanlara malikdir. Məsləhətim budur ki, bələdçiliyi ikinci peşə kimi seçəsiniz. Digər mənfi tərəfi budur ki, siz sadəcə Bakıda deyil, rayonlarda da bələdçi kimi fəaliyyət göstərə bilərsiniz. Lakin bu bir çox vaxtlarda xanımlar üçün problem yarada bilər.
Bələdçilər müxtəlif muzeylərdə, Şirvanşahlar sarayında, fərqli travel agentliklərində fəaliyyət göstərə bilər. Bu sahədə inkişaf etmək istəsəniz, Bələdçi Assosiasiyasına qoşula, müxtəlif seminar, təlimlərdə iştirak edə bilərsiniz. Bələdçi peşəsi üzrə daha rahat şəkildə iş tapmaq üçün universitetdə oxuyarkən fəaliyyətə başlamağınız məsləhətdir. Tələbə olarkən müxtəlif travel agentliklərinə, muzeylərə könüllü kimi müraciət edə bilərsiniz. Mən təcrübəmi Şirvanşahlar sarayında keçmişdim. İş tapmağın daha bir yolu fəal olmaq, yaxşı ünsiyyət bacarığına malik olmaqdır. İnsanlarla işləməyi sevirsinizsə və fərqli mədəniyyətdən, ölkədən olan insanlarla tanış olmaq istəyirsinizsə, bu peşə sizin üçündür. Son zamanlar ölkədə bir çox müsabiqə və yarışlar təşkil olunur, bu kimi tədbirlərdə könüllü kimi çalışmaq məsləhətdir.
Bacarıqlı bələdçi olmağın bir neçə şərti var. Birincisi, hər hansı bir dili yüksək səviyyədə bilməli və turistlərlə ünsiyyət saxlamağı bacarmalısınız. Əlavə bir neçə dil bilmək təbii ki, üstünlükdür. İkincisi, təbliğ etdiyiniz ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı və ümumilikdə hər bir sahəsi haqqında dərin, hərtərəfli biliyə malik olmalısınız. Bəzi bələdçilər ölkəmizin tarixi haqqında çox az, təhrif olunmuş, bəsit informasiyaya sahibdir. Hətta turistlərin sualına ötəri cavab verir, müəyyən tarixi abidələr, tarixi şəxsiyyətlər haqqında səhv məlumat ötürürlər. Bəzən turistlərlə çalışarkən gözlənilməz suallar verilə bilər, buna görə hər şeyə hazırlıqlı olmalısınız. Məsələn, sizə ölkəmizin iqtisadiyyatı ilə bağlı bilmədiyiniz sual verilsə, bacardığınız qədər vəziyyətdən çıxmağa çalışın, “bilmirəm” sözü bələdçinin lüğətində olmalı deyil. Bundan əlavə, müşayiət etdiyiniz turistin ölkəsi, onun mədəniyyəti, musiqisi, siyasəti haqqında əvvəlcədən məlumat toplamaq lazımdır. Bələdçilik edən zaman bu məlumatları mətnlə əlaqələndirib danışsanız, turistdə sizə qarşı müsbət fikirlər yaranacaq. Bu, həmin ölkənin turistlərinə olan hörmətinizi göstərir. Bələdçi bacardığı qədər özündə tolerantlıq, səmimilik, gülərüzlülük, ünsiyyətcillik kimi keyfiyyətləri formalaşdırmalıdır.
Gələcəkdə bələdçi ixtisası üzrə xaricdə oxumağı fikirləşirsinizsə, bunu mütləq edin. Bildiyimiz kimi, turizmlə bağlı ixtisaslar ölkədən kənarda daha yüksək səviyyədə tədris olunur. Turizm ixtisası üzrə Türkiyə, İspaniya, Fransa kimi ölkələri misal göstərə bilərəm. Xaricdə təhsil almaqla siz həmin ölkənin turizm infrastrukturunda –otel və agentliyində çalışıb bilik və bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Hətta xaricdə Bələdçi Assosiasiyasına üzv olmaq üçün çalışmaq lazımdır, çünki bu assosiasiyada sadəcə bir soydaşımız var.
İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/turizm-beledciliyi-ixtisasi-72
Səbinə Rəsulzadə
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.