Sosial işdə biz
Sosial iş nədir ?
Sosial işçi kimdir ?
Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Yəni sosial iş, həssas əhali qrupu, aztəminatlı ailələr və cəmiyyətimizdəki sosial problemlərlə üzələşən əhali qruplarına diaqnostik, profilaktik və reabilitasiyaedici xidmət göstərən sahədir.
Diaqnostika nədir?
Bu sözə biz daha çox tibb elmində rast gəlirik. Pasiyent, yəni xəstə həkimə müraciət etdikdə həkim ilk öncə bəzi testlərlə təhlillər aparıb xəstənin xəstəliyini müəyyənləşdirib, müalicə planı hazırlayıb, tətbiq edir. Yəni diaqnoz qoyur. Sosial işdə də belədir. Diaqnostika müraciətçinin probleminin nədən ibarət olduğunu müəyyən edir.
Profilaktika nədir?
Bu sözdə bizə tibb elmindən tanışdır. Xəstəliyin qarşısını alan və əhalinin əmək və məişəti üçün sağlam şərait yaradan tədbirlərin məcmusudur. Yəni profilaktika qabaqlayıcı tədbirlər deməkdir.
Reabilitasiya nədir?
Bu sözü də biz daha çox tibbi sahə mütəxəssisləri tərəfindən eşitmişik. Təbii amillərlə müalicə deməkdir. Reabilitasiya - insanın psixi və fiziki zədələnmələrindən sonra qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdir. Yəni reabilitasiya təbii yolla müalicə, sosial işdə isə müraciətçinin sosial həyata yenidən sağlam şəkildə qayıtması deməkdir.
Sosial işçi kimdir?
Əhalinin həssas qrupları ilə az təminatlı ailələrlə və sosial problemlərin içərisində öz daxili potensialından istifadə edə bilməyən icma, qrup və fərdlərə diaqnostik, profilaktik və reabilitasiyaedici xidməti göstərən şəxsdir. Sosial işçi müraciətçi və müraciətçi sistemi ilə çalışır. Müraciətçi sosial işçiyə problemləri səbəbindən müraciət edən şəxs, müraciətçi sistemi isə müraciətçi və onun valideynləri, ailəsi, yaxın qohumları nəzərdə tutulur.
Sosial işin qısa tarixi barədə
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır:
- I mərhələ - qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır.
- II mərhələ - XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır.
- III mərhələ - 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.
- IV mərhələ - 80-cı illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya elminə daha bir elm sahəsi əlavə olunur.
Azərbaycanda Sosial İş ixtisasının tədrisi ilk dəfə 2005-ci ildə Bakı Dövlət Universiteti tərəfindən magistrlar üçün tədris edilməyə başladı.
Sosial işçi harada işləyə bilər?
Sosial işçi əhalinin sosial planda müdafiə edilməmiş təbəqəsi ilə çalışdığı üçün bir çox dövlət və özəl qurumlarda xidmət göstərə bilir. Əhalinin hüquqlarının qorunması istiqamətində sosial işçi bir hüquqşünas mövqeyində məsələyə yanaşa bilir. Sosial işçi xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışdığı üçün pedaqoq mövqeyindən, daha çox sosial problemlərdən qaynaqlanan daxili stress və narahatlıqlarla bağlı olaraq psixoloq mövqeyindən, qruplarla iş aparmaq, problemin diaqnostikasını təyin etmək ilə bağlı sosioloji metodlardan istifadə etdiyi üçün sosioloq mövqeyindən çıxış edə bilir.Bu baxımdan psixologiya mərkəzlərində,sosial xidmət müəssisələrində,reabilitasiya mərkəzlərində, DOST və ASAN Xidmət Agentliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrdə və bir çox sahələrdə çalışa bilər.
Sosial işi sosial fəaliyyətdən fəqləndirən məqamlar hansılardır?
Sosial işi sosial fəaliyyətdən fərqləndirən 4 əsas məqam var. Onlar aşağıdakılardır:
- Sosial işin davamlı olması
- Hüquqi əsaslı olması
- İxtisas (peşəyə) malik olması
- İnzibati-təşkilatı olması
Sosial işin davamlı olması:
Sosial işin davamlı olması müraciətçinin sosial problemi həll olana qədər davamlı görüşlərin olması, bu görüşlərin probleminin çətinlik səviyyəsinə görə sıx və ya fasilələrlə olmasına əsaslanaraq müəyyən edilməsi və ehtiyac yarandığı müddətcə təkrarlanaraq davam etməsi prosesidir.
Hüquqi əsaslı olması:
Sosial işçinin müraciət edən şəxsin təməl haqq və hüquqlarının qorunmasına, rifah hallarının hüquqi əsaslara dayanaraq təmin olunmasına yardım etməsi prosesidir.
İxtisas (peşəyə) malik olması:
Sosial işçi müvafiq sahədə fəaliyyət göstərmək üçün sosial iş sahəsində bilik və təcrübəyə malik olmalıdır. Bunun üçün isə sosial işçi sosial iş ixtisasına yiyələnməli və bu sahənin peşəkarı olmalıdır.
İnzibati-təşkilati olması:
Sosial işçi müraciətçiyə xidmət göstərə bilmək üçün dövlət və ya özəl hər hansı bir təşkilat və ya müəssisədə çalışmalıdır. Bunun üçün sosial işçi ştatı həmən müəssisədə mövcud olmalıdır. Misal olaraq DOST Agentliyinin inzibati binası var və orada vətəndaşlara, əsasən, sosial işçilər xidmət göstərirlər.
Sosial iş ixtisasının müsbət və mənfi cəhətləri :
Sosial iş ixtisası çoxprofillidir. Yəni bir çox təşkilat və müəssisələrdə çalışa və bilik səviyyənizə uyğun olaraq sosial işin bir çox sahələrində fəaliyyət göstərə bilərsiniz. Eyni zamanda sosial işi digər ixtisaslardan fərqləndirən əsas cəhət sosial işçi müraciətçinin problem səviyyəsinə uyğun olaraq psixoloq, sosioloq hüquqşünas və digər ixtisas sahiblərinə əlavə dəstək üçün yönəldə və ya mütəxəssislərdən məsləhət ala bilər. Sosial işçi daima öyrənir,araşdırır və tədqiq edir. Sosial iş ixtisası özündə məsuliyyət, peşəkarlıq və təcrübəni birləşdirir.
Kamran Muradov
Sosial İş&Sosial Media Akademiyasının təsisçisi və rəhbəri
Sosial iş ixtisası ilə bağlı videomüsahibəmizə bu linkdən keçid edə bilərsiniz.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.