Yeni bir dil-yeni bir dünya

Yeni bir dil-yeni bir dünya

Yeni bir dil-yeni bir dünya

  Bir çoxları düşünür ki, müəllimlik hər zaman abituriyentlərin sadəcə “xilas edici” ixtisasıdır. Yəni hədəf ixtisasa balları çatmadıqda “boşda qalmamaq” üçün seçdikləri bir ixtisas olur. Məsələn tibb fakültəsi istəyərkən biologiya/kimya müəllimi olmaq, hüquqşünaslıq istəyərkən tarix müəllimi olmaq, kompüter mühəndisliyi istəyərkən riyaziyyat müəllimi olmaq və s. Ancaq müəllimlik ixtisasının həqiqi dəyəri yalnız və yalnız bu ixtisası öz arzusu ilə seçən şəxslərdən və işini sevə-sevə icra edən dəyərli müəllimlərdən soruşula bilər. Mən də bu ixtisası özü istəyərək seçən həmin tələbələrdənəm. Tam olaraq 2 il əvvəl elə bu zaman - ixtisas seçimi ərəfəsində ətrafımdakı hər kəs hüquqşünaslığa balım çatdığına görə bu ixtisası seçmək üçün məni böyük təzyiq altında qoyurdular. Ancaq nə istədiyimi bilmək mənim bu prosessdə ən böyük dəstəkçim oldu və nəticə olaraq arzuladığım ixtisas üzrə təhsilimə başladım. Və, beləliklə, abituriyentlərə ilk məsləhətim orta məktəbdən, elə hazırlıqlara başladığınız ilk andan etibarən nə istədiyiniz haqqında düşünməyə başlayın, özünüzü tanımağa cəhd edin, çünki ixtisas seçimi ərizə qəbulu zamanı 15 gündə veriləcək bir qərar deyil, bu sizin bir ömür boyunca daşıyacağınız peşə olacaq. Heç vaxt gələcəkdə özünüzü görmədiyiniz bir peşəyə razı olmayın və lazımdırsa, bunun üçün dəfələrlə cəhd etməyə dəyər. Xüsusilə də heç vaxt çıxış yolu kimi müəllimlik ixtisasını düşünməyin. Bildiyimiz kimi, yalnız işini sevən və savadlı müəllimlər cəmiyyətdə real bir fərq yarada bilərlər. 

  Bəs bu ixtisas kimlər üçün uyğundur? Müəllimlik daim öyrənməyi və öyrətməyi sevən şəxslər üçün ideal bir sənətdir. Öyrətməkdən həzz almaq, bunun nəticələrini gözlərinlə görmək əvəzolunmaz bir hisdir. Müəllim olmaq istəyən hər bir şəxs sevgisini paylaşmaqdan qaçınmamalıdır, xüsusilə də məktəbəqədər və ibtidai siniflərlə işləməyi planlaşdıran şəxslər özünə “onlara daima sevərək öyrətməyi bacaracağammı?” sualını versələr, çox yaxşı olar. Özünüz də bir anlığına düşünsəniz, məktəb illərində ən yaxşı oxuduğunuz və ən sevdiyiniz fənnin müəlliminin yaddaşınızda və qəlbinizdə xüsusi bir yerə sahib olduğunu görəcəksiniz.

  Elə isə gələk İngilis dili müəllimliyi ixtisasına. Fikrimcə, xaricdə təhsil almaq istəyən gənclərin çoxalmasının bu ixtisasın vacibliyinin son illər daha da artmasında böyük rolu var. Xaricdə təhsil sahəsində rəqabətin artması öz növbəsində savadlı İngilis dili müəllimlərinə olan ehtiyacı çoxaldır. Ona görə bu ixtisasa gəlmək istəyən və, həqiqətən, uğurlu olmaq istəyən heç bir şəxs qətiyyən “onsuz da bu sahədə yetərincə şəxs var, iş tapa bilməyəcəm” deyə düşünüb özünü ruhdan salmasın. Unutmayın, hansı sahə olursa olsun, savadlı kadrlara hər zaman ehtiyac var. 

  Bəs necə savadlı kadr olmalı? Mənə görə burada ən böyük rollardan birini universitet seçimi oynayır. Çünki bu illər ərzində oxuyub öyrənəcəyiniz əsas şey İngilis dili olacaq. Və mümkün qədər sizi oradan ixtisaslı bir peşə sahibi olaraq məzun edəcək bir universitet önəmlidir. Bu baxımdan mən öz təhsil aldığım universiteti məsləhət görərdim. Universitetin vacib olması o demək deyil ki, universitetiniz ürəyinizcə deyilsə, hər şeyin sonudur. Bunu bilmək lazımdır ki, universitet nə qədər mükəmməl olursa olsun, şəxsin özü heç bir cəhd etməsə, universitetin yaxşı olmasının heç bir mənası qalmayacaq. Dərslərdən əlavə olaraq İngilis dili ilə məşğul olmaqçox məsləhətlidir. Özünüzü daima İngilis dilinə məruz qoyun: bu dildə danışan insanlar, filmlər, kitablar, araşdırmalar, musiqilərlə və s. Bir dili öyrənməyi çox əyləncəli və öyrədici hala gətirə bilərsiniz. Ana dili İngilis dili olan insanlarla danışmaq fürsətini heç zaman əldən verməyin. Tövsiyə edərdim ki, başqa bir xarici dil də öyrənəsiniz. Yadda saxlayın ki, nəticə etibarilə tələbəlik dövrü sizin üçün dil öyrənməkdən ibarətdir və hər bir yeni dil sizə başqa bir dünyanın qapılarını aça bilər. Tələbəlik illərindən şagird hazırlaşdırmaq da çox yaxşıdır. Bu sizin üçün gələcəkdə çox böyük üstünlük ola bilər. Universiteti bitirərkən həmyaşıdlarınızdan fərqli olaraq siz böyük bir təcrübə qazanmış olacaqsınız. Çalışın ki, sosial baxımdan aktiv olasınız. Əməyinizə dəyər verilən və sizə gələcəkdə köməyi dəyə biləcək könüllülük proqramları və təcrübə proqramları olduğu təqdirdə əziyyətdən çəkinməyin.

  Gələk bu ixtisası seçməkdə tərəddüdlü olan bir çox şəxsi narahat edən həmin suala: “Xaricdə təhsil almaq mümkündürmü?” Xaricdə təhsil almaq məktəb zamanı mənim də hər zaman arzum olmuşdu, ancaq istədiyim ixtisasın texnologiya, biznes, marketinq kimi ixtisaslara nisbətən xaricdə çox da perspektivi olmadığını düşünürdüm. Ancaq universitetə qəbul olduqdan sonra bir az araşdırdım və belə nəticəyə gəldim ki, digər ixtisaslar qədər geniş olmasa da, bu ixtisasın da təhsilini xaricdə çox yaxşı univeristetlərdə almaq olar, önəmli olan bunu nə qədər istədiyinizdir. İstəyiniz kifayət qədər güclü olduqdan sonra yetərli araşdırma, çalışma, əzm və iradə ilə ona çatmaq çox rahat olacaq. 

  Unutmayın ki, əgər bir şey sizdən asılıdırsa, orada pessimist davranmağa ehtiyac yoxdur. Siz sadəcə özünüzə və bacaracağınıza ürəkdən inanın, davamı ən gözəl şəkildə gələcəkdir. 

  Ümid edirəm ki, sizi narahat edən sualların bir qismini də olsa, aydınlaşdırmış, yolunuzu seçməyə kömək edə bilmişəm. Hər bir abituriyentə uğurlar arzu edirəm, pozitiv qalın!

  Daha ətraflı məlumat üçün https://ixtisas.az/az/xarici-dil-muellimliyi-ixtisasi-ingilis-dili-77

Dilbər Ömərova

Xəzər Universiteti, Xarici dil müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.