Niyə məhz kimya mühəndisliyi

Niyə məhz kimya mühəndisliyi

Niyə məhz kimya mühəndisliyi

-Əziz oxucu!

 Mən bu məqalənin müəllifi, Əkbər Qurbanov, Bakı Ali Neft Məktəbində (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə üçüncü kurs tələbəsiyəm. Bu məqaləni yazmaqda əsas istəyim siz abituriyentlərdə (valideyn/ tələbə) bu ixtisas haqqında müəyyən fikir formalaşdırmaq və həmçinin sizə bu ixtisasda necə uğur qazanmaq olar onun haqqında qısa məlumat verərək ən çox soruşulan sualları cavablamaqdır.

 İlk olaraq bir çox abituriyent düşünən kimi mən də elə bilirdim ki, Kimya mühəndisliyi sırf kimya ilə bağlıdır. Amma sonradan öyrəndim ki, bu tam olaraq belə deyil. Kimya mühəndisliyi əslində kiçik miqyaslı laboratoriyada baş verən prosesləri sənaye miqyaslı proseslərə daşımaqdan ibarətdir. Kimya mühəndisi yalnız kimyanı deyil eyni zamanda biologiya, fizika, riyaziyyat, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik biliklərini də özündə ehtiva edir. Bu və digər elm sahələri ilə yanaşı kimya mühəndisi həm də hal hazırda sənayedə və texnologiyada baş verən proseslərlə maraqlanmalıdır ki, gələcəkdə onu öz sahəsinə tətbiq etməyi öyrənsin.

 Mən də abituriyent olarkən və bu ixtisasa qəbul olarkən düşünürdüm ki mən necə edim ki bu tələbəlik illərini səmərəli keçirim indi ona aid də tövsiyələrimi qeyd edəcəm. İlk məsləhətim odur ki, dərslərinizi yaxşı oxuyub güclü ixtisasınızla bağlı texniki bilik əldə edəsiniz. Kimya mühəndisi də digər mühəndislər kimi ixtisası haqqında güclü texniki biliyə sahib olmalıdır ki, bu sahədə uğur qazana bilsin. Kimya mühəndisi fundamental olaraq sizə məktəbdən tanış olan texniki və təbiət fənlərini (riyaziyyat, fizika, kimya, biologiya) yaxşı bilməklə yanaşı, həm də ixtisası ilə sıx əlaqəsi olan və ali məktəblərdə tədris olunan kimya fənninin dərinliklərini (üzvü, qeyri üzvü, fiziki və analitik kimya), termodinamika, istilik transferi, kütlə transferi, maye mexanikası, istilik və enerji balansı və.s  dərslərini yaxşı bilməlidir çünki bunlar bu sahədə çox əhəmiyyət kəsb edir. İkinci məsləhətim ondan ibarətdir ki, yay aylarında mütləq təcrübə proqramlarında iştirak edərək dərsdə öyrəndikləri texniki biliyi artıq real iş mühitində tətbiq etməyi öyrənin. Çünki mühəndislik ancaq nəzəri bilikdən ibarət deyil, həm də praktika da çox əhəmiyyət kəsb edir. Belə bir ifadə var ki “Yalnız nəzəri biliyi olan şəxs müəllimdir. Yalnız praktiki cəhətdən işi bacaran şəxs fəhlədir. Həm nəzəri biliyi, həm də praktikanı bilən şəxs isə mühəndisdir“. Tələbə olarkən mütləq bu təcrübə keçə biləcəyiniz yerli və xarici şirkətlərlə maraqlanın və onların təcrübə proqramında iştirak edib orda yaxşı performans göstərsəniz, hətta məzun olduqdan sonra həmin şirkətlərdə işçi kimi də fəaliyyət göstərə bilərsiniz.

 Bundan əlavə olaraq məsləhətim budur ki, mütləq ingilis dili öyrənin (əgər ingilisi yaxşı bilirsinizsə rus dili öyrənmək də gələcək üçün böyük bir üstünlükdür) çünki həm indiki dövrdə kimya mühəndisliyinə aid olan əsas yaxşı kitablar ingilis dilindədir və siz biliyinizi daha çox təkmilləşdirmək üçün xaricə getmədən ölkəmizdə təhsil alaraq ixtisasınızla bağlı “Online” kurs götürə bilərsiniz bu zaman da yenə sizə ingilis dili kömək olur. Həm də indi ki dövrdə bir çox yerli və xarici şirkətlərdə işə qəbul almaq üçün ingilis dili mütləqdir (əlavə dil biliyi də rus dili kimi bəzən üstünlükdür). Texnologiyanın inkişaf etdiyi bu dövrdə Kimya mühəndisləri bu cəmiyyətə ayaqlaşmaq üçün müəyyən proqramları bilməlidir. İlk olaraq Microsoft Office proqramlarını yaxşı öyrənməlisiniz (Word, Excel, Power Point, Access və Outlook) və Kimya mühəndislərinin mütləq bilməli olduğu əsas proqramlar olan ASPEN HYSYS, ASPEN+ və MATLAB – biliyi də mütləqdir ki kimyəvi  prosesləri dizayn edə bilsin. Əlavə yenə bu sahə ilə əlaqəli olan kompüter biliklərini bilmək də sizin üçün üstünlükdür. Birdə yaxşı olar ki təcrübə proqramlarına qatılmaqdan başqa ixtisasınızla əlaqəli olan müəyyən cəmiyyətlərdə, təşkilatlarda(SPE kimi) də könüllü kimi fəaliyyət göstərəsiniz ki, komanda ilə işləmək bacarıqlarınız və müəyyən qədər iş təcrübəniz də artsın.

 İndi bir çox abituriyent düşünə bilər ki, nəyə görə məhz kimya mühəndisliyi ixtisasını seçsinlər. Onu deyə bilərəm ki, kimya mühəndisliyi ixtisas cəhətdən çox geniş bir sahədir və buna görə də iş imkanları da həmçinin genişdir. Məsələn Bakı Ali Neft Məktəbini bitirən bir çox məzunlar “İstehsalat mühəndisi” , “Qazma mayesi mühəndisi” “Polimer mühəndisi” “Korroziya mühəndisi” “Stasionar mühəndis” kimi fəaliyyət göstərir. Bu ixtisasın mənfi cəhəti nədir deyə soruşsanız deyə bilərəm ki uğurlu olmaq istəyirsinizsə nə olursa olsun çox çalışmalısınız və vaxtınızın bir hissəsini daima özünü inkişaf etdirməyə çalışmalısınız . Əlavə olaraq, əgər bu ixtisası sevmədən seçibsizsə və bu sahəyə maraq yoxdursa, uğurlu ola bilməyəcəksiniz.

 Siz bu ixtisasa həmçinin bəzi Azərbaycan Universitetlərində də sahib ola bilərsiniz (BANM, UFAZ, ADNSU və.s). Mən məsləhət görərdim əgər balınız qəbul imtahanı balınız yüksəkdirsə, Bakı Ali Neft Məktəbində bu ixtisasa yiyələnsinlər. Çünki nəinki təhsilin keyfiyyəti yüksəkdir, həm də dərslər Böyük Britaniyanın Heriot Watt universitetinin tədris proqramı əsasında keçirilir və dərslərdən əlavə mühəndislik üçün əsas tələb olunan praktiki təcrübələr də hər yay təşkil olunur. Əgər Bakı Ali Neft Məktəbinə qəbul ola bilməsəniz belə, UFAZ-da da tədris 2-li diplom proqramı əsasında keçirilir və Fransanın tədris proqramı keçilir. Həmçinin ADNSU və s. digər universitetlərdə də siz bu ixtisasa yiyələnə bilərsiniz. 

Hörmətlə,

Əkbər Qurbanov

Bakı Ali Neft Məktəbinin 3-cü kurs Kimya mühəndisliyi tələbəsi

Əlaqə: ekberqurbanov25@gmail.com

linkedin.com/in/akbar-gurbanov-69a827203

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.