Tarix müəllimliyi ixtisası

Tarix müəllimliyi ixtisası

Tarix müəllimliyi ixtisası

İxtisasın  təsviri

  Tarix müəllimliyi üzrə təhsil alan tələbələr həm Ümumi Tarix, yəni dünya ölkələrinin tarixi üzrə, həm də Azərbaycan tarixi üzrə qədim dövrdən müasir dövrə qədər olan dövrlə bağlı biliklərə yiyələnirlər. Eyni zamanda arxeologiya, fəlsəfə, psixologiya və s. kimi əlavə fənlərdən də dərs götürürlər. Tarix müəllimliyi ixtisasına yiyələndikdən sonra isə orta məktəblərdə Azərbaycan tarixi və Ümumi tarix üzrə dərs deyə bilirlər. Magistratura təhsili aldıqdan sonra müəyyən bir sahə üzrə ixtisaslaşa bilərlər.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) Tarix fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti (Bakı,Qazax filialları)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı, Quba filialları)
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ Mingəçevi Dövlət Universiteti
  • ➝ Lənkaran Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Bakı Qızlar Universiteti
  • → "Naxçıvan" Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Müəllim kimi orta məktəblərdə, özəl liseylərdə çalışa bilər.
  • ➝ Magistr təhsili almaqla da universitetlərdə də çalışmaq olar.
  • ➝ Həmçinin də bir sıra özəl kurslarda çalışa bilərlər.
  • ➝ Repetitorluq fəaliyyəti ilə məşğul ola bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
  • ➝ Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. konkret bacarıqlar daxildir.
  • ➝ Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  • ➝ Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  • ➝ Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil.

Qeyd: Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

  Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin ciddi əməkhaqqı artımı, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

  Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının qaydası aşağıdakı kimidir:

Ali təhsilli:

  • ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 450azn
  • ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 495 azn
  • ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 520 azn
  • ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 555 azn
  • ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 595 azn

Ora ixtisas təhsilli:

  • ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 420azn
  • ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 445 azn
  • ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 460 azn
  • ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 490 azn
  • ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 510 azn

Qeyd: Bu əmək haqqı vergi tutulmamışdan öncəki qiymətdir.

   Kurslarda əmək haqqı daha çox saat hesabı hesablanır. Bu sizin təcrübə və bacarıqlarınıza uyğun olaraq kursa görə qiymət dəyişir. 1 dərs üçün 6-15 Azn arasında dəyişir. Məsələn, 1 dərs üçün 8 Azn alan müəllim 15 saat üçün bir həftəyə 120 Azn, 1 aya 480-550 Azn qazana bilir. Bəzi kurslar faizlə işləyir. Şagird başına düşən müəyyən faiz müəllimə verilir. Özəl kurslarda qarşılıqlı razılaşma ilə ştat üzrə də işləmək olar.