İxtisas iki dil arasında tərcümə işini öyrənir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri də mövcuddur.
Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.
Sinxron tərcümə – tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.
Pıçıltı ilə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır.
İxtisasın tarixi
Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. İlk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlinmişdir. Qədim Şumer eposu Gilqamışdan bəzi parçaların bir neçə asiya dillərinə tərcümələri tapılmışdır. Şifahi tərcümənin tarixi isə yəqin ki, yazılı tərcümədən daha qədimdir.
Azərbaycanda tərcümə işi orta əsrlərdə dini ədəbiyyatın tərcüməsindən başlamışdır. Rus istilasına məruz qalandan və Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra Azərbaycanda tərcümə işi sürətlə inkişaf etmişdir. Hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən “Tərcümə”kafedrası 1966-cı ildə yaranmış və onun ilk müdiri İsmixan Rəhimov olmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Yazılı tərcüməçi terminologiyanı bilməli və dünya bilgisinə (world knowledge, background knowledge) malik olmalıdır. Eyni xüsusiyyətləri dilmanc (şifahi tərcüməçi) da bilməlidir, lakin o, tərcüməçiyə nisbətən daha çevik olmalıdır, çünki dilmancın fikirləşməyə zamanı azdır. Bütün bunlardan əlavə, sinxron tərcümənin öz qanunları vardır ki, onlar tərcümənin qızıl qanunları (golden rules) adlanır. Dilmancın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
➝ Konfrans salonunda oturanlar və natiqlər arasında ünsiyyəti təmin etməlidir;
➝Texniki vasitələrdən maksimum istifadə etməlidir;
➝ Natiq və zaldakıların onu yaxşı eşitdiyinə əmin olmalıdır;
➝ Eşitmədiyi, yaxud pis eşitdiyi nəyisə tərcümə etməməlidir;
➝ Diqqətini maksimum cəmləməlidir;
➝ Bilmədiyi ayrı-ayrı sözlərə vaxt ayırmaqla diqqətini əsas məsələdən yayındırmamalıdır;
➝ Diqqətini dəqiq bölərək, həm yaxşı dinləməyi, həm də tərcüməsinə nəzarət etməyi bacarmalıdır;
➝ Mümkün qədər sadə, qısa cümlələr işlətməlidir;
➝ Hər bir cümlə müəyyən bir fikri ifadə etməli, tamamlanmış olmalıdır;
➝ SDL Trados Studio və ya MemoQ kimi tərcümə alətlərindən istifadə ehtiyac olduqda istifadə etməlidir;
➝ Cümlələri məntiqi səsləndirməlidir.
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Dillər Universiteti
➝ Azərbycan Kooperasiya Universiteti
➝ Azərbaycan Turizm və Menecment Universiteti
➝ “Azərbaycan” Universiteti
➝ Bakı Avrasiya Universiteti
➝ Bakı Biznes Universiteti
➝ Bakı Slavyan Universiteti
➝ Gəncə Dövlət Universiteti
➝ Xəzər Universiteti
➝ Qərb Universiteti
➝ "Naxçıvan" Universiteti
➝ Naxçıvan Dövlət Universiteti
➝ “Odlar Yurdu” Universiteti
Qeyd: Yalnız Kooperasiya Universitetində bu ixtisas həm əyani, həm də qiyabi şəkildə tədris olunur. Digər universitetlərdə isə yalnız əyani şəkildə tədris olunur.
Bu ixtisas üzrə dövlət sifarişi ilə təhsil almaq isə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti və Xəzər Universitetində mümkündür. Digərlərində isə bu imkan yoxdur.
Bu ixtisas üzrə harada çalışmaq olar?
Bu ixtisas üzrə məzun olanlar aşağıdakı sahələrdə tərcüməçi kimi fəaliyyət göstərə bilərlər:
➝ Dövlət orqanları;
➝ Müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar;
➝ Səfirliklər;
➝ Xarici şirkətlər;
➝ İxtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ İxtisas bilikləri mükəmməl olmalı;
➝ Söz bazası olduqca geniş olmalı;
➝ Sinxron tərcümə üçün sürətli düşünmək və analiz etmək qabiliyyəti olmalı;
➝ Bədii tərcümə üçün mükəmməl təsvir qabiliyyəti olmalı;
➝ Müxtəlif sahələrdə çalışmaq üçün həmin sahələrə aid texniki biliklərə malik olmalı;
➝ Həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli;
➝ Müxtəlif mədəniyyətlər haqqında məlumatlara sahib olmalı;
➝ Fon bilikləri;
➝ Vaxtın düzgün idarə olunmasına nəzarət etməli;
➝ Kompüter biliklərinə yiyələnməli;
➝ Yazılı və şifahi nitq qabiliyyətinı formalaşdırmalı;
➝ Yaradıcı təfəkkürə sahib olmalı;
➝ Həm məxəz, həm də hədəf dili mükəmməl bilməli;
➝ Müşahidə bacarığına malik olmalıdır.
İxtisasın gələcəyi
Son zamanlar maşın tərcüməsi ətrafında çoxlu səs-küy müşahidə olunur. Həqiqət isə ondan ibarətdir ki, ixtisaslı insanlar tərəfindən yerinə yetirilən tərcümə ən yaxşı maşın tərcüməsini üstələməkdə davam edir və çox güman ki, bu hələ uzun müddət, bəlkə də həmişə belə olacaqdır. Bugünkü gündə, demək olar ki, hər kəs istər kompüter, istərsə də mobil telefonların köməyilə maşın tərcüməçi proqramlarından istifadə edə bilir, lakin maşın tərcüməçi proqramlarının nə qədər qabaqcıl olmalarından asılı olmayaraq, insan əməyi ilə tərcümə ən yaxşı seçim qalmaqda davam edəcəkdir. Çünki maşın tərcüməçi proqramları insanların linqvistik incəliklərini tərcümə edə bilmir və yaxın gələcəkdə də bunu mümkün görünmür.
Əmək haqqı
➝ Yazılı tərcümə: 1səhifə 5 AZN-dən artıq olmur;
➝ Ardıcıl (şifahi) tərcümə: 3-4 saatı (tədbirlərin ortalama müddəti) 50-100 AZN;
➝ Sinxron tərcümə: 1 günü 300-600 AZN.
➝ Ümumilikdə isə əmək haqqı şirkətlərə əsasən dəyişir.
Bu əməliyyatı etmək üçün hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.