Balını yoxla
I qrup · Texniki Qiyabi də var

Dəniz naviqasiyası mühəndisliyi

Dəniz naviqasiyası mühəndisliyi ixtisası 1 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 468,8 bal.

1universitet
468,8ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

Dəniz naviqasiyası mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Dəniz Akademiyasıtədris ingilis dilində
Əyani · 139141
Əyani 468,8 468,8
Azərbaycan Dövlət Dəniz Akademiyası
Əyani · 139117
Əyani 385,7 385
Azərbaycan Dövlət Dəniz Akademiyası
Qiyabi · 139125
Qiyabi 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Dəniz naviqasiyası mühəndisliyi ixtisası haqqında

Dəniz naviqasiyası mühəndisliyi ixtisası

İxtisasın təsviri

“Navigasiya” termini latın dilindən qəbul edilmiş termin olaraq “navi” – “qayıq”, “agere” – “hərəkətə gətirmək” sözlərinin köklərindən əmələ gəlmişdır. Hal-hazırda naviqasiya elmi termini bir gəmini, təyyarəni və digər nəqliyyat vasitəsini bir yerdən başqa yerə aparmaq və bunun üçün yol tapmaq, həmin nəqliyyat vasitəsinin hərəkətinə daim nəzarət etmək prosesinə yönəlmiş bir araşdırma sahəsi kimi qəbul edilmişdır.

Gəmilərdə naviqator və ya gəmi sürücüsü gəminin təhlükəsiz hərəkəti üçün məsuliyyət daşıyan şəxsdir. Naviqatorun əsas vəzifələrinə gəminin yerini daima nəzarətdə saxlamaq, gəminin səyahətini planlaşdırmaq, gəmi kapitanına marşrutda olarkən təyin olunmuş limanlara çatma barədə məlumat vermək və gəminin təhlükəsiz hərəkətini təmin etmək, yükləmə və boşaltma əməliyyatlarına nəzarət və s. daxildir.

İxtisasın tarixi

Naviqasiyanın tarixi ənənəvi dənizçi təcrübəsinin, həndəsi biliklərin, astronomiya biliklərinin və ya xüsusi alətlərin köməyi ilə gəminin mövqeyini, yerini və kursunu nəzarətdə saxlamaqla gəmiləri açıq dənizdə idarəetmə sənətinin, bir sözlə dənizçiliyin tarixidir. Bu sənətin bir neçə min illik tarixi vardır. İlk naviqatorların Sakit okean adalarında yaşayan Polineziyalı xalqlar olduğu düşünülür. Belə ki, Polineziya naviqasiyası, bəlkə də açıq okean naviqasiyasının ən erkən formalarından biridir. Bu dövr eramızdan 3 min il əvvəllərə təsadüf edir.

Ənənəvi Polineziya naviqasiyası minlərlə il öncə Sakit okeanın bir-birindən minlərlə mil məsafədə yerləşən adalarına səyahətlər etmək üçün yerli xalqlar tərəfindən istifadə edilmişdir. Bu zaman onlar ulduzların hərəkətindən, meteoroloji məlumatlardan, məlum dəniz canlılarının yerindən, dalğaların və ləpələrin ölçülərindən və hərəkətinin istiqamətindən istifadə edərək qayığın yerini təyin etməyi, bir adadan digərinə istiqamət tapmağı bacarmışlar. Marşal adalarında tapılmış, qədim tarixə malik “Okeanların çubuq xəritəsi” adlanan vasitələr bunu bir daha təsdiq edir.

Ölkəmizdə Qobustan qayalarının üzərindəki dənizçiliklə bağlı qayıq təsvirləri təkcə ovçuluğun deyil, həm də dənizçiliyin tarixini, su-nəqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. XIX əsrin sonlarından başlayaraq isə bu ixtisas Azərbaycanda daha da inkişaf etməyə başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Naviqatorlar, gəmi sürücüləri, gəminin kapitanının vəzifə borcları bir sıra yerli və beynəlxalq normativ sənədlərlə tənzim olunur.

Gəmilərdə bütün heyətin və o cümlədən gəmi sürücülərinin vəzifə borcları ilk növbədə “AZƏRBAYCAN RESPUBLİKASI DƏNİZ NƏQLİYYATI GƏMİLƏRİNDƏ XİDMƏT NİZAMNAMƏSİ” vasitəsi ilə tənzimlənir. Bu Nizamnamədə gəminin kapitandan başlayaraq bütün heyət üzvlərinin vəzifə borcları ən xırda detallarına qədər qeyd olunmuşdur.

Misal üçün Nizamnamənin 40-cı maddəsində deyilir

Komandir heyəti üzvləri tabeliyindəkilərin fəaliyyətinə rəhbərlik edir və gəminin idarə olunmasında və istismarında şəxsən iştirak edirlər.

Komandir heyətindən olan şəxslər əməkdə və məişətdə gəminin digər heyət üzvləri üçün nümunə olmalı, tabeliklərindəkinə qarşı tələbkarlıqla gündəlik qayğını bacarıqla uzlaşdırmalı, onlarda təşəbbüskarlığı inkişaf etdirməli, onların ixtisaslarının artmasında köməklik göstərməli, onlarda tapşırılan iş üçün, texniki vəsaitlərin və gəmi əmlakının mühafizəsi üçün məsuliyyət hissi, vətənpərvərlik və Vətənə, dəniz donanmasına və öz gəmisinə məhəbbət hissi tərbiyə etməlidirlər.

Kapitanın aşağıdakıları təmin etmək borcudur

Azərbaycan Respublikası vətəndaşlarının nüfuz və ləyaqətini qorumaq və onların mənafelərini müdafiə etmək;

Gəmidə Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları və dövlət idarələri qanunlarına və digər aktlarına, Azərbaycan Respublikasının iştirakçısı olduğu Beynəlxalq konvensiyalara və müqavilələrə riayət etmək;

Gəmidə Registr və digər təsnifat orqanları qaydalarının, bu Nizamnamənin, gəminin, adamların, yüklərin təhlükəsizliyinin təmin olunması üzrə təlimatların, məsləhətlərin, əmrlərin və digər normativ sənədlərin, gəminin istehsal fəaliyyəti və onun texniki istismarı tələblərini gözləmək;

Səfər tapşırıqlarını yerinə yetirmək və gəmini səmərəli idarə etmək;

Əmək intizamına riayət etmək və gəmi xidmətlərini təşkil etmək;

Nizamnamənin digər bir məcəlləsində isə KAPİTANIN NÖVBƏ KÖMƏKÇİSİNİN ÜMUMİ VƏZİFƏLƏRİ qeyd olunur:

Kapitanın növbə köməkçisi bütün gəmi növbə xidmətinin başçısı sayılır və bilavasitə kapitana, o olmadıqda kapitanın baş köməkçisinə tabedir.

Kapitanın növbə köməkçisi ona həvalə olunan vəzifələr dairəsində gəmidə lazımi növbə xidməti çəkilməsinin, gəminin, adamların, gəmidə olan yüklərin və digər əmlakın təhlükəsizliyinin təmin olunması, dəniz mühitinin çirklənməsi qarşısının alınması üçün cavabdehdir.

Harada bu ixtisasa sahiblənmək olar?

Azərbaycan Dövlət Dəniz Akademiyası

Qeyd: Azərbaycan Dövlət Dəniz Akademiyasının diplomu dünyanın 186 ölkəsində tanınır.

Bu ixtisas üzrə harada çalışmaq olar?

Dənizdə quru-yük, sərnişin, neft və neft məhsulları, kimyəvi yüklər daşımaçılığı ilə məşğul olan, dənizdə seysmik araşdırmalar aparan, dənizdə sualtı boru xətti çəkən şirkətlərin gəmilərində.

Azərbaycanda bu ixtisas üzrə aparıcı qurumlardan biri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi hesab edilir. Bundan əlavə peşə sahibləri qlobal dənizçilik şirkətlərində də çalışma şansı əldə edə bilərlər.

Özəl şirkətlər

“Kaspian Marine Services” şirkəti
“Topaz Marine” şirkəti
CMS
BİOCASPİAN
CASPAR
BP-nin gəmiləri

Dövlət

XDND (Xəzər Dəniz Neft Donanması)

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Riyaziyyat, fizika, meteorologiya, hidrodinamika üzrə və digər fundamental biliklərə yaxşı səviyyədə yiyələnmək;
Məsuliyyətlilik;
Üzmə qabiliyyəti;
Gəmini hiss etmə;
Həyəcan keçirməmək;
İxtisasına aid bilikləri nəzəri olaraq öyrənmək;
İxtisas üzrə praktiki bacarıqlar;
Verilən tələblərə əməl etmək (SOLAS-74, İMO, MARPOL-73/78);
Gəminin növünə uyğun olaraq beynəlxalq sertifikatlar;
İngilis dili (arzuolunandır);
İşçi diplomu;
Dəniz təcrübəsi.

Qeyd: Mötərizənin içərisində qeyd olunan tələblər dünya üzrə qəbul edilmiş gəmiçilik üzrə qoyulan tələblərdir.

SOLAS-74: Dənizdə həyatın təhlükəsizliyinə dair beynəlxalq konvensiya
MARPOL-73/78: Gəmilərin çirklənməsinin qarşısının alınmasına dair beynəlxalq konvensiya

İxtisasın gələcəyi

Bu ixtisas həmişə ehtiyac duyulan, mövcudluğunu qoruyan ixtisaslardan biridir. Nə qədər ki, dənizlər və okeanlar, gəmilər, gəmilərlə yük və sərnişin daşımaları, dəniz və okeanların təbii minerallarının istismarı var, dənizçilik peşəsi də yaşayacaqdır. Lakin elmi və texniki yeniliklərin gəmiçiliyə tətbiqi artdıqca bu peşənin mənimsənilməsinə tələb olunan biliklər artacaqdır. Bu isə öz növbəsində bu sahəyə daha intelektual insanların cəlb olunmasına gətirib çıxaracaqdır.

Əmək haqqı

Bu sahə üzrə əmək haqqı dənizçinin çalışdığı gəmilərin tiplərindən, gəminin daşıdığı yükün növündən, gəminin işlədiyi regiondan, dənizçinin iş təcrübəsindən, gəminin daşıdığı bayraqdan asılı olaraq dəyişə bilər.

2006-cı ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən dənizçilərin layiqli iş şəraiti, hüquqları və minimum əmək haqlarını müəyyənləşdirən Dənizçilərin Əmək Konvensiyası (Maritime Labour Convention) adlı beynəlxalq razılaşma tətbiq olundu. 2019-cu ilin yanvar ayına qədər dünya üzrə 90 ölkə DƏK-2006-nı təsdiqləmişdir və bu da dünya gəmi donanmasının 91%-dən çoxunun tənzimlənməsi deməkdir.

Dənizçilərin Əmək Konvensiyası-2006 dənizçilər üçün minimum iş və yaşayış şəraiti, işə qəbul və gəmidə yerləşdirmə qaydaları, iş və istirahət saatları, vətənə qayıtma, illik məzuniyyət, əmək haqqının ödənilməsi, yaşayış və iaşə şərtləri, əməyin təhlükəsizliyi, tibbi xidmət və sosial müdafiə qaydalarını müəyyənləşdirir. Bu səbəbdən əmək haqqı üzrə dəqiq rəqəm vermək mümkün olmasa da, sahə üzrə orta aylıq minimum əmək haqqı təqribən 800 AZN təşkil edir və müxtəlif amillərdən asılı olaraq 15000–20000 AZN-ə qədər yüksələ bilər.

Tez-tez verilən suallar

Dəniz naviqasiyası mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Dəniz naviqasiyası mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 468,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 468,8 baldır.

Dəniz naviqasiyası mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Dəniz naviqasiyası mühəndisliyi ixtisası 1 universitetdə tədris olunur: Azərbaycan Dövlət Dəniz Akademiyası.

Dəniz naviqasiyası mühəndisliyi hansı qrupa aiddir?

Dəniz naviqasiyası mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Dəniz naviqasiyası mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Dəniz naviqasiyası mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂