Iqtisadçı olmaq
Bu yazı iqtisadiyyat ixtisası və onunla əlaqədar olan aspektləri əhatə edən subyektiv təcrübə və təəssüratlar toplusudur. Hər şeydə olduğu kimi, bu sahənin və peşənin təcrübəyə əsaslanan, əsasən, praktiki olaraq keçərli olan tərifini müəyyənləşdirmək və nələrin ona aid olduğunu, nələrin aid olmadığını dəqiqləşdirməkdə çox böyük fayda vardır. Əks təqdirdə, olduqca geniş yayılan anlaşılmazlıqarın cərgəsinə qoşulacaq fikirlər söylənmiş olar. Geniş yayılmış stereotipə əsasən, iqtisadçı “pul saymaqla” məşğul olur və çox vaxt varlı insanlarla çalışır. Halbuki, iqtisadçı məhdud resursları idarə edən və onlarla əlaqədar müvafiq qərarları verən şəxs kimi başa düşülməlidir.
İqtisadçı iş yeri kimi dövlət orqanlarını, araşdırma institutlarını və ya özəl firmaları seçə bilər. Sadəcə olaraq, iqtisadçını mühasibdən, maliyyəçidən və ya analoji peşə sahiblərindən fərqləndirən ən əsas xüsusiyyət onun əlinin altında bütün hallar və situasiyalar üçün keçərli qəbul ediləcək alətlərin olmaması, nə olursa olsun onu standartlarla müqayisə etmək məcburiyyətinin olmamasıdır. İqtisadçı yeknəsək və gündəlik qayğılarla məşğul olmur. Başqa sözlə, adətən, ixtisas sahiblərinin öz işlərini icra etmək üçün konkret və dəyişməz alət və vasitələrdən istifadə etdiyini müşahidə ediriksə, (məsələn, mühasiblər IFRS standartlarından istifadə edirlər), iqtisadçılarda bu məqam kifayət qədər qeyri-müəyyəndir (sözün müsbət mənasında). Odur ki, iqtisadçı peşəsinə sahib şəxs öz hipotezini sübuta yetirmək və hansısa qərarı qəbul etmək və ya etdirmək ərəfəsində ən müxtəlif nəzəri, praktiki, fəlsəfi, hətta bədii (Karl Marksın “Kapital əsəri” erkən sənaye kapitalizmini çox bədii formada təsvir edir və günümüzdə də çox güclü analitik bünövrəyə sahibdir) alətlər və yanaşmalardan istifadə edə bilmək iqtidarındadır. Dolayısıyla, zaman keçdikcə cəmiyyətin üzləşdiyi vəziyyətlər nisbi olaraq dəyişir. Bu nisbilik başqa ixtisaslarda da olsa da, iqtisadçılar illik tsiklərlə işləyərkən bununla daha çox qarşılaşırlar və görürlər ki, artıq bir dəfə istifadə etdikləri alət və yanaşmalar artıq keçərli deyil, onu təkmilləşdirmək və ya yenisini tətbiq etmək lazımdır.
İqtisadiyyat sosial elmlərin tərkibində olduğuna görə, onun əsas predmeti məhdud resurslarla qarşılıqlı dinamik əlaqədə olan insan və onun davranışlarıdır. Bu sahədə uğurlu olmaq olduqca böyük dünya görüşünə və müxtəlif elmlərin kəsişməsinə çevrilməkdən keçir. Müvafiq olaraq, iqtisadiyyatın tədrisi də bu prinsipə əsaslanmalı və onun təhsilini almaq istəyənləri də bu yöndə məlumatlandırmaq lazımdır. Başqa sözlə, əgər iqtisadçı qarşılaşdığı problemdə təkcə riyazi və statistik yönləri görüb, humanist yanaşmanı, yaxud da əxlaq fəlsəfəsini görməzlikdən gəlsə, qısa müddət ərzində zəncirvari formada baş verə biləcək qeyri-etik qərarlar cəmiyyətdə böyük risklərə səbəb ola bilər. Məsələn, əgər hökümət nümayəndələri təkcə qeyri-rentabellik mövqeyindən çıxış edərək ölkədəki ənənəvi iqtisadi fəaliyyət növlərini özündə cəmləşdirən istehsal müəssisələrini dəstəkləməyi dayandırsa, cəmiyyət qısamüddətli dövr ərzində məşğulluq cəhətdən iqtisadi təhlükəsizlik problemləri ilə üzləşə bilər. Yaranmış bazar uğursuzluğunun yenidən əmək bazarında tarazlığa çevrilməsi üçün isə çox vaxt lazım gələ bilər. Bu səbəbdən iqtisadiyyat sahəsində istər tədqiqat, istərsə də nəzəriyyə ilə əlaqələnən iqtisadçı üçün uğurlu olmağın ən əsas şərti reallığa mümkün qədər yaxın olmaqdan keçir. Bunun üçün çox yönlü təhsil olduqca vacibdir. Bundan əlavə, iqtisadçı peşəsində uğur qazanmağı pul qazanmaq ilə əlaqələndirməkdən çəkinmək gərəkdir. Hər nə qədər insanlar yaxşı təhsil vasitəsi ilə yaxşı həyat standartlarına nail olmağa çalışsalar da, iqtisadiyyat təhsili 3 və ya 4 il sonra insana çöx böyük pullar gətirməməlidir, bu geniş düşüncə xətasıdır. Dünyanın inkişaf etmiş ölkələrində sosial elmlər, əsasən də, iqtisadiyyat təhsili milyoner olmaqdan ötrü edilən bir şey deyil. Bu insana dünyagörüşü qazandıran, onu mürəkkəb ictimai vəziyyətlərə hazırlayan təhsildir.
Son 30-40 ildə müasir informasiya texnologiyaları, yeni proqram təminatları və metodlar iqtisadiyyatı nəzərəçarpan dərəcədə dəyişdirib. Əgər XX əsrin əvvəllərindən sadə toplama və çıxma əməlləri və statistik göstəricilərin yanaşı qoyularaq müqayisəsi analitik nəticələrə gəlib tövsiyələr verməyə kifayət edirdisə, günümüzün dünyasında olduqca mürəkkəbləşən iqtisadi fenomenləri belə üsullarla aydınlaşdırmaq qeyri-mümkündür. Odur ki, iqtisadçı daha yüksək bilik və bacarıqlara nail olmaq istəyirsə, günbəgün, aybaay yenilənən metodları izləməli və onları tətbiq etməyə çalışmalıdır. Digər bir müşahidə isə onu deməyə əsas verir ki, bu gün bütün dünya ölkələri vahid, hər yerdə qəbul edilən formaya gedib çıxacaq iqtisadi təhlil üzərində işləyir. Belə konvergensiya gələcəkdə bu sahəni kimya, biologiya və ya riyaziyyat kimi obyektivləşdirəcək. Ona görə də mümkün olan maksimal həddə bilik və bacarıqların toplanmasına can atmaq, nüfuzlu elmi jurnalları izləmək, tanınan iqtisadçılara qulaq asmaq və çox mütaliə etmək bunun üçün ən minimal şərtlər arasındadır.
İqtisadiyyat sahəsində yüksək səviyyədə təhsilinin əldə edilməsi üçün xaricdə təhsil hədsiz dərəcədə önəm kəsb edir. Çünki təcrübə göstərir ki, o ölkələrin təklif etdiyi iqtisad yönümlü təlim-tədris proqramları uğurlu olur ki, onların özləri güclü iqtisadiyyata sahibdir. Bu o deməkdir ki, artıq formalaşmış insan kapitalı müvəfəqiyyət qazanıb. Odur ki, əgər gələcəyin iqtisadçısı öz ölkəsində iqtisadiyyatı gücləndirmək, onun tədrisini yaxşılaşdırmaq, gələcəkdə yaddaqalan işlərə imza atmaq istəyirsə, cari zaman dilimində müvafiq sahənin lokomativi olan ölkələrin təcrübələrini həmin ölkədəcə öyrənməyi özünə borc bilməlidir.
Karyera planlaşdırılması hər bir peşə sahibi və gənc üçün mühüm mərhələlərdən biridir. Bunun üçün o gərək öz şəxsi bacarıqları və aldığı təhsilin bir-birinə düzgün uzlaşmasını başa düşsün və ən optimal strategiyanı hazırlasın. Müşahidələr onu göstərir ki, bu karyera planlanmasında yol verilən kiçik xətalar sonradan şəxs üçün olduqca böyük zaman və enerji itkisinə yol aça bilər. Planlama mərhələsində həvəs amili nəzərə alınmalı və potensial iş yerləri ilə əlaqədar dolğun və ətraflı məlumat toplanmalıdır. Əks təqdirdə reallıqla çağrışmayan gözləntilər və işçi ilə iş yeri arasındakı uyuşmazlıq böyük məyusluğa və şəxsi problemlərə yol aça bilər. Gələcəyin iqtisadçısı bu prinsiplərə mütləq şəkildə əməl etməli və karyerasını planlaşdırmalıdır. Əgər bu günün tələbəsi gələcəkdə özünü hansısa dövlət idarəsində qərarverən birisi kimi görürsə, o artıq bu gündən dövlət maliyyəsi, monetar siyasət və ya makroiqtisadiyyat sahələrinə dərindən yiyələnməlidir. Yaxud gələcəkdə hansısa özəl tibb müəssisəsində iqtisadçı olaraq çalışmaq arzusunda olan şəxs karyera planlamasına həmin sahənin tələblərinə uyğun təlim-tədris mərhələlərini də əlavə etməlidir.
İqtisadiyyat təhsili alanların böyük əksəriyyəti iş axtararkən karyera planlamasında və iş axtarışında xətalara yol verirlər. Yadda saxlanılmalı olan ən mühüm prinsiplərdən biri də budur ki, iqtisadçı vakansiyası popular vakansiya elanları olan mənbələrdə az-az rast gəlinir. Belə olan halda tələbələrin kiçik araşdırma aparıb “iqtisadçı olmaqla iş tapmaqda çətinlik çəkə bilərəm” qənaətinə gəlməsi real vəziyyətdir. İqtisadiyyat təhsili alanlar iş axtarışını ən uğurlu formada alternativ mənbələr vasitəsi ilə icra edə bilərlər. Məsələn, xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatlar və ya beynəlxalq layihələr buna misal ola bilər. İlk iş yeri də sadalananların siyahısından istisna deyil. Təcrübəçi, assistent və ya kiçik mütəxəssis vakansiyaları həmişə iş yerlərində rast gəlinir və real iş həyatına atılmaq üçün çox ideal başlanğıc nöqtəsidir.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.