İqtisadiyyat sahəsində uğur
İqtisadiyyat sahəsində uğur qazanmaq
İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. İqtisadiyyat elminə daha aydın və elmi tərifini verməyə gəlincə isə, gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir.Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır.(İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır.
Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar?
Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat - məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.
Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.
İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir.
Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir.
Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır.
İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.
Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin.
Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar, filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.
Əgər siz xaricdə təhsil almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var:karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.
Karyera planlaması çox vaxt son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar.
Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.
Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.
Əlihəsənov Əlibaba
Mtc kolsultinq-də İqtisadçı.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.