Kimya mühəndisliyi nədir?
Salamlar!
Ümid edirəm ki, işlərin qaydasındadır. Bu məqaləni oxuyursansa, ixtisas seçimi barədə düşünən abituriyent olma ehtimalın daha çoxdur və beynindəki suallara cavab tapmaq üçün məqaləyə davam et. Əgər əlavə sualın olarsa, sondakı əlaqə vasitələri ilə mənlə əlaqə saxlaya bilərsən. İndi isə əsas məsələ barədə danışaq.
Kimya mühəndisliyi nədir?
Yəqin ki, kimyanı çox sevirsən və düşünürsən ki, kimya mühəndisliyi sahəsini seçsən daha çox kimya ilə bağlı işin olacaq. Ancaq gerçəklik odu ki, kimya mühəndisliyi 99% mühəndislikdən və sadəcə 1% kimyadan ibarətdir. Belə ki, yaxşı mütəxəssis olmaq üçün məktəb fənlərindən riyaziyyat bilikləri daha çox önəm daşıyır. Çünki kimya mühəndisi olaraq dizaynlar edərkən hesablamalardan çox istifadə edəcəksiniz. İç səsin Nə? Dizayn? Necə yəni? deyər kimidi. Anlamaq üçün oxumağa davam et.
Kimya mühəndisləri nə edir?
Kimya mühəndisliyi elə bir ixtisasdır ki, ona bir çoox sahələrdə yer var. Dərman istehsalı, neft-qaz sənayesi, qida emalı, biotexnologiya və ətraf mühiti misal çəkmək olar ki, siz marağınızdan asılı olaraq karyeranızı bu sahələrdə qura bilərsiniz. Bəs iş olaraq nə edəcəksiniz? İlk olaraq dizayndan başlayaq. Siz zavod və zavoddakı avadınlıqların dizaynın edə bilərsiniz. Belə ki, bu dizayna zavodun və avadanlıqların kütlə balansını hesablamaq (məhsulun kütləsi, prosesə daxil olan maddələrin kütləsi və s.), avadanlıqların ölçüsünü hesablamaq, zavodun boru kəmərləri və alətlər diaqramını hazırlamaq (P&ID) və s. aiddir. Daha sonra siz kimya mühəndisi kimi prosesin monitorinqi və təkmilləşdirilməsi, istehsalat xərclərini azaldılması və sağlamlıq, təhlükəsizlik və ekoloji qaydalara uyğunluğun təmin edilməsi kimi işlərdən də məsul olacaqsınız.
Kimya mühəndisi olmaq çətindirmi?
Kimya mühəndisi olmaq üçün kimya mühəndisliyi sahəsində ən az bakalavriat dərəcəsi tələb olunur. Təhsilimi Bakı Ali Neft Məktəbində Şotlandiyanın Heriot-Vatt universitetinin proqramına əsasən aldığımdan bildirəcəyim fikirlər sadəcə bu universitetə və şəxsi təcrübələrimə əsaslanır. Çox yayğın bir cümləylə başlamaq istəyirəm ki, hər sahənin öz çətinlikləri var. Ancaq kimya mühəndisi olmaq ekstra çətindir, çünki kimya mühəndisi olaraq prosesi idarə etdiyimiz üçün təkcə kimya mühəndisliyi yox, həm də mexanika mühəndisliyi, elektrik mühəndisliyi kimi sahələrdən də bilgili olmalıyıq. Təhsil həyatı boyunca isə işdə lazım olacaq texniki biliklər öyrədilir, termodinamika, istilik ötürülməsi, maye dinamikası kimya mühəndisliyinin əsas fənlərindəndir. İş həyatına tam hazır olmaq üçün dərsləri dərindən öyrənmək və bunun üçün də gün ərzində çox vaxt ayırmaq lazımdır. Sinifdə bir çox nəzəriyyə öyrənsək də, kimya mühəndisliyinin həqiqi dünyadakı tətbiqi barədəki biliklərin çoxu iş yerində əldə olunur, buna görə də təcrübə proqramları və yay məktəbləri kimya mühəndisliyi tələbələri üçün vacibdir.
Kimya mühəndisliyinə hələ də tələb varmı?
Qısaca deyə bilərəm ki, proses olan hər yerdə kimya mühəndisləri də olacaq.
Ümid edirəm ki, məqalə sənə faydalı oldu. Hər hansı sualın olduğu zaman https://www.linkedin.com/in/fidan-jabrayilova/ Linkedln hesabımla və ya https://www.facebook.com/profile.php?id=100013510898906 facebook hesabımla əlaqə saxlaya bilərsən.
Fidan Cəbrayılova
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.