İxtisasın təsviri
Mühəndisliyin əsas sahələrindən biri olan kimya mühəndisliyi xam maddələri gündəlik, faydalı məhsullara çevirməklə məşğul olur. Geyim əşyalarımız, istifadə etdiyimiz qida məhsulları və hətta istifadə etdiyimiz enerji kimya mühəndisliyindən asılıdır. Kimya mühəndisinin əsas vəzifəsi mərhələləri planlaşdırmaq və istehsal üsullarını seçməkdir ki, nəticə istənilən xüsusiyyətlərə malik yüksək keyfiyyətli məhsul olsun. Məsələn, konservantların – qidaların daha uzun müddət saxlanmasına imkan verən maddələrin istehsalı üçün metodlar hazırlayan kimya mühəndisləri idi. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına da yardım edir.
İxtisasın tarixi
1888-ci ildə MIT (Massaçusets Texnologiya İnstitutu) Universitetində Kimya mühəndisliyi departamenti yaradılmış və universitetin professoru Lewis M. Norton dünyanın ilk dörd illik kimya mühəndisliyi üzrə tədris proqramı olan “ Course X” proqramının əsasını qoymuşdur.
Bu ixtisasın sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
➝ Kimya mühəndisləri dərman, yanacaq, qida və bir çox digər məhsulların istehsalı və istifadəsi zamanı yaranan problemlərin həll etmək üçün kimya, biologiya, fizika və riyaziyyatın əsas prinsiplərini bilməlidir;
➝ Böyük miqyaslı istehsal üçün proses və avadanlıq dizayn etməyi bacarmalıdır;
➝ İstehsal yolları və yan məhsulların emalını, birbaşa təsis əməliyyatlarını planlaşdırmalı və sınaqdan keçirməlidir;
➝ Mühəndisliyin bir qolu olub, dizayn, tikinti və real problemləri həll etmək və ya faydalı məhsullar əldə etmək üçün aparılan kimyəvi reaksiyaların aparıldığı maşın və avadanlıqların işlədilməsi ilə məşğul olmalıdır;
➝ Arzuolunan meyarların maksimallaşdırılması və arzuolunmazların minimallaşdırılması ilə verilən məhdudiyyətləri nəzərə alaraq ən qənaətli və yararlı yolun tapılmasını təmin etməlidir;
➝ Mövcud proseslərin səmərəliliyini artırmaq və yenilərini inkişaf etdirməlidir;
➝ Proseslərin, materialların, məhsulların, avadanlıqların standartlaşdırılması və sertifikatlaşdırılmasını bilməlidir;
➝ Alınan məhsulların keyfiyyətinə nəzarət etməlidir;
➝ Ən səmərəli istehsal üsulunu seçmək üçün xammalın alınması, istehsal prosesləri və tullantıların atılması xərclərinin hesablanmasında iştirak etməlidir;
➝ Prosesə nəzarət: Burada, müxtəlif sensor və digər qurğulardan avtomatik olaraq əldə olunan məlumat zavodun işlədilməsi müddətində avadanlığa nəzarət edilməsi üçün istifadə olunur;
➝ Texnoloji intizam standartlarını təyin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Harada bu ixtisasa sahiblənmək olar?
Dövlət Universitetləri:
➝ Azərbaycan Dövlət Neft və Sənaye Universitet
➝ Azərbaycan Texniki Universiteti
➝ Bakı Ali Neft Məktəbi
➝ Bakı Mühəndislik Universiteti
➝ Bakı Dövlət Universiteti
➝ UFAZ
➝ Sumqayıt Dövlət Universiteti
Özəl Universitetlər:
➝ Xəzər Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
Kimya mühəndisləri karyeralarını aşağıdakı istiqamətlər üzrə davam etdirə bilərlər:
➝ Laboratoriyalarda, zavod və idarələrd elmi tədqiqat, layihələndirmə, istehsalat və optimallaşdırma sahələrində məsləhətçi, tədqiqatçı kimi;
➝ Fəaliyyət sahəsi kimya sənayesi olan və ya bu sahə ilə əlaqəli olan biotexnologiya, qida, əzcaçılıq, ətraf mühit, sağlamlıq və təhlükəsizlik, enerji sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərdə kimya mühəndisi kimi (Məsələn: Socar, BP, P&G və s.)
➝ Kimya ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq kimya fənnini tədris edə bilər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
➝ Analitik bacarıqlar: Kimya mühəndisləri yalnız planlı işləməyə köklənməməlidirlər. Onlar düzgün suallar qoymaq və düzgün cavablar tapmaq bacarıqlarına malik olmaq.
➝ Yaradıcılıq: Kimya mühəndisləri mühəndislik prinsiplərinin tətbiqinin yeni yolarını aşkara çıxartmağı bacarmalıdırlar. Onlar yeni məmulatlar, təkmilləşdirilmiş texnikalar və kimya və biotibbi mühəndislik sahəsində yeni tətbiqləri kəşf etmək üçün çalışırlar.
➝ Şəxsi keyfiyyətlər: Onların rolu elmi prinsiplərin sənayedə tətbiqi olduğundan, kimya mühəndisləri istehsal prosesinə cəlb olunmuş digər işçilərlə yaxşı münasibət qurmağı bacarmaq.
➝ Riyazi biliklər: Kimya mühəndisləri kalkulus və digər təkmilləşmiş mövzulara dair prinsipləri analiz, dizayn və məsələ həllində istifadə etmək.
➝ Problem həlletmə bacarığı: İstehsalat üçün avadanlıqların və prosesin dizaynı zamanı bu mühəndislər işçinin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı məsələləri nəzərə alaraq ola biləcək problemləri aşkara çıxartmağı bacarmaq.
➝ Tənqidi Düşüncə – Alternativ həll yollarının, nəticələrin və ya problemlərə yanaşmanın güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün məntiq və düşüncədən istifadə etməyi bacarmaq;
➝ Dəqiq, balanslı və məsuliyyətli qərarlar qəbul etmək bacarığı;
➝ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəmək;
➝ Məsuliyyətli olmaq;
➝ Təşəbbüskar olmaq.
İxtisasın gələcəyi
Kimya mühəndəsliyi ixtisası ağır sənayedən, yüngül sənayeyədək uzanan, tibb və ətraf mühitin qorunmasınadək müxtəlif sahələri əhatə edən geniş tətbiq sahəsinə malikdir ki, bu da bu ixtisasa geniş təlabatın olmasına səbəb olur.
Əmək haqqı
İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və şirkətdən asılı olaraq dəyişir. Həmçinin bu sahə üzrə əmək haqlarında yerli və ya xarici şirkətlər üzrə əhəmiyyətli fərq var. Başlanğıc əmək haqqı xarici və yerli şirkətlərdə müvafiq olaraq 600 -1800 AZN aralığında dəyişir.