Müasir jurnalistika və jurnalist ixtisası
Böyüyəndə kim olmaq istəyirəm?
Bu sual hər kəs kimi daima məni də düşündürən məsələlərdən biri olub. Xüsusən 9-cu sinifdə artıq bu barədə daha çox fikirləşməyə başlayırsan və öz gələcək həyatınla bağlı qərarını verirsən. Bu kimdəsə uğurlu, kimdəsə ondan asılı olan və olmayan səbəblərdən uğursuz olur.
Həyatımın bu dövründə mənim ixtisas seçimimə oxuduğum bir müsahibə təsir etmişdi. Özümü iqtisadiyyat sahəsində gördüyümü düşündüyüm halda, bir anda hər şey 180 dərəcə dəyişdi. Oxuduğum müsahibələrin birində Türkiyənin keçmiş baş nazirlərindən biri “Yenidən baş nazir olsaydınız, buraxdığınız hansı səhvi təkrarlamazdınız?” sualını belə cavablandırmışdı: “Hər gün səhər yeməyimi təhlükəsizlikdən və mediadan cavabdeh köməkçilərimlə edərdim”. Bu sualın cavabı mənim ixtisas seçimimə ən çox təsir göstərən səbəb oldu.
Nəticədə, 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum və oranı 2009-cu ildə bitirdim. Əmək fəaliyyətimə tələbəlik illərində jurnalist kimi başladım. Daha sonra Xarici Dillər Universitetinin mətbuat xidmətində çalışdım. Hərbi xidmətdən sonra “Simurq” futbol klubunda mətbuat katibi, “CBC Sport”kanalında redaktor, “Sumqayıt Texnologiyalar Parkı”nda mətbuat katibi işlədim. Hazırda “Neftçi” Peşəkar Futbol Klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departameninin rəhbəri vəzifəsində çalışıram. Gündəlik işim klubun media ilə, azarkeşlərlə, dövlət və qeyri dövlət orqanları ilə, sponsorlarla və daxili komunikasiyanı nizamlamaq və əlaqələri yüksək şəkildə təşkil etməkdir.
Artıq 3-cü ildir bu vəzifədə çalışsam da, hesab edirəm ki, bu müddətdə komandam ilə birlikdə böyük işlərə imza ata bilmişik. Hazırda ölkədə klub haqqında daha çox ictimaiyyətə məlumat verməyimizlə, sosial media səhifələrini ən aktiv şəkildə istifadə etməklə, ölkədə ilk klub televiziya kanalını təqdim etməklə, rəqiblərimizdən fərqləndiyimizi deyə bilərəm. Ancaq bu hələ də tam istədiyimiz nəticə deyil. Buna nail olmaq üçün dayanmadan çalışırıq, yenilikləri izləyirik, təcrübələri öyrənirik və öz işimizdə tətbiq edirik.
Jurnalistika sahəsi çox maraqlı sahədir. Hər bir peşənin olduğu kimi, bu ixtisasın da müsbət və mənfi tərəfləri var. Daima informasiyanın içindəsən, ətrafınla yarışdasan, axtarışdasan və sən ilk olmağa çalışırsan. Çünki işin xəbər istehsal etməkdir. Köhnə xəbər isə heç kəs üçün maraqlı deyil.
Bu gün həyatımızı informasiyasız təsəvvür belə etmək çox çətindir. Bu sahədə çalışmaqla sən insanların ehtiyaclarını qarşılayırsan, həm xəbər yaradırsan, həm də onu ictimaiyyətə ötürürsən. Bu baxımdan üzərində çox böyük məsuliyyət daşıyırsan. Çünki sənin verəcəyin yalnış xəbər insanların həyatının sonuna belə səbəb ola bilər.
Bu ixtisası seçən kəs heç bir zaman sakit həyat tərzi arzusunda olmasın. Çünki sənin həyatının əsas məqsədi xəbərdir və sən daima bunu ilk olaraq çatdırmaq üçün hadisələri belə qabaqlamısan. Bunu isə sakit bir həyat keçirməklə əldə edə bilmərsən.
Jurnalistika ən qədim peşələrdən biridir. İnsan yarandığı gündən bu günə qədər məhz informasiya əsasında inkişaf edib desək, hər halda yalan olmaz. Qaya üzərindəki rəsmlərlə ötürülən informasiya, bu gün səs dalğaları, internet üzərindən ötürülür. Bu da jurnalistikanın necə inkişaf etdiyini göstərir. Bütün bunların da bir səbəbi var. İnformasiyaya olan ehtiyac, bunu əldə etməyin tez və ən rahat yolu.
Jurnalist ixtisasını seçən şəxs özünü inkişaf etdirmək baxımından bir dəqiqə belə dayanmamalıdır. Hər zaman bunun haqqında düşünməli, yeniliklərdən geri qalmamalıdır. Buna görə də bu ixtisası seçən hər kəs ilk öncə əhatəli biliyə malik olmalıdır. Çoxlu mütailə etməlidir, dünyada baş verən hadisələri gündəlik izləməlidir. Çünki axtarışda olan şəxsin ideyaları tükənmir. Yeni fikirlərlə tanış olursan və bunu işinə tətbiq etməklə, insanların informasiya ehtiyacını ən rahat yolla təmin etmiş olursan. Bunların əsasında güclü analitik bacarıqlara malik olmalıdır. Bu gün jurnalist kimi çalışan hər kəs ən yaxşı olmaq üçün informasiya əldə etməklə yanaşı, bunu tez və rahat şəkildə ictimaiyyətə çatdırmaq haqqında düşünməlidir.
Əgər əvvəllər jurnalistlərdən yaxşı yazı yazmaq və ya danışmaq tələb olunurdusa, bugünkü tələblər tamamilə fərqlidir. Bu gün bu ixtisası seçənlər bunlarla yanaşı, texnologiyanı yaxından izləməli və bunu işində ən yaxşı və rahat şəkildə tətbiq etməyi bacarmalıdır. Ana dilindən başqa dil bilməlidir ki, xəbərini daha böyük auditoriyaya ötürmək üçün bundan istifadə edə bilsin. Maksimum əlaqələr qurmalı, yeni tanışlıqlara açıq olmalı, ünsiyyətçil olmalıdır. O qədər informasiyaya malik olmalıdır ki, ətrafında istənilən ixtisasda olan şəxslə istənilən mövzuda danışa bilsin, bununla da, qarşı tərəflə bağ yarada bilsin. Çünki ətrafında nə qədər daha çox insan olsa və yaxşı əlaqələr qura bilsən, daha çox informasiya mənbəyinə malik olarsan.
Bir çoxumuz abituriyent olarkən, düşünürük ki, universitetə daxil olsaydım, rahatlanardım, özümə istirahət verərdim. Axı nə qədər oxumaq olar?! Ancaq əslində, hər şey elə universitetə daxil olduqdan sonra başlayır. Təbii ki, yalnız imtahanlar dövründə kitab üzü açan tələbə heç vaxt öz ixtisası üzrə hər kəsin ehtiyacı olacaq kadr olmayacaq.
Tələbəlik illərini səmərəli keçirən hər kəsin ondan sonrakı həyatı çox rahat olur. Çünki ilkin mərhələdə ixtisasını seçdin və istədiyin fakültəyə daxil oldun. Sonra burada seçdiyin peşəni artıq nəzəri cəhətdən öyrənməyə başlayırsan, öyrəndiklərinin bir qismini təcrübədən keçirirsən. Sonda tələbəlik illəri bitir və artıq həyata atılırsan, universitetdə öyrəndiklərini iş yerində tətbiq edirsən. Bütün bunlar ümumi mənzərədir. Ancaq ən vacibi olan odur ki, bu dövrdə sən ixtisaslı kadr kimi iş həyatının kökünü atırsan. Sonrakı həyatındakı görəcəklərin isə bu kökün inkişafını və qol-budaq açmasını təmin edir.
Universitetdə oxuyacağın 4 ili maksimum səmərəli keçirmək üçün mütləq şəkildə hər kəs özü qarşısına bir məqsəd qoymalıdır. Bu istiqamətdə planlar qurulmalıdır. Universitetdə yalnız müəllimlərin dedikləri ilə yekunlaşmamalıdır. Dərsdən sonrakı vaxtında ixtisası ilə əlaqədar araşdırmalar etməli, bu istiqamətdə kitablar, məqalələr oxumalıdır. Xarici dil biliyini artırmaq istiqamətində dayanmadan çalışmalıdır.
Jurnalistika fakültəsini seçənlər mütləq şəkildə bunlarla yanaşı, praktikaya önəm verməlidirlər. Artıq tələbəlik illərindən iş həyatına da atılmalıdırlar. Öyrəndiklərini tətbiq etməlidirlər. Çünki bu ixtisas elədir ki, nəzəriyyəni daima praktikada tətbiq etməlisən, yoxsa inkişaf edə bilməyəcəksən.
Bu gün jurnalistika peşəsi xüsusi sahələrə ayrılıb: Siyasi jurnalistlər, iqtisadiyyatdan yazanlar, idman jurnalistləri, tibbi sahədə baş verən hadisələri işıqlandıranlar, hərbi jurnalistlər və s. Jurnalistika fakültəsində hər kəsə ümumi dərslər keçirilir. Ancaq bu müddətdə artıq sən növbəti dəfə özünə bu sualı verirsən ki, “böyüyəndə kim olacağam?” Öyrəndiklərin və özünü yaxın bildiyin bir sahəyə artıq burada yönlənirsən və bu istiqamətdə praktiki çalışmalara başlayırsan.
Mən ikinci kursda oxuyarkən, artıq qəzetdə işləməyə başladım. Seçimim idman jurnalistikasından yana oldu. Bunun da əsas səbəblərindən biri yəqin ki, doqquz ilə yaxın futbolla məşğul olmağım idi. Tələbəlik illərindəki fəaliyyətim mənim həyatımın sonrakı dövrünün bir növ lokomotivi oldu. Artıq bu sahədə çalışan jurnalistlərlə münasibətlərim formalaşdı, universitetdəki müəllimlərimlə yanaşı, onlardan da nələrsə öyrənməyə başladım. Bir sözlə, idman jurnalistikasında artıq tələbəlik dövründə özümü tanıda bildim. Bütün bu addımlarım mənim bugünkü iş həyatımın əsasını qoydu. Bu gün artıq vaxtı ilə öyrəndiklərimin əsasında ölkənin ən qocaman və titullu klubu olan “Neftçi”nin ən böyük departamentlərindən birinin rəhbəriyəm.
Həyat isə bir yerdə dayanmır. Hər gün yeni nəsə baş verir, bir vaxtlar bizim üçün adətə çevrilmiş vərdişlər dəyişilir, biliklər yenilənir. Bu dalğadan geri qalsaq, əldə etdiyimiz hər bir şeyi itirə bilərik. Buna görə də istər jurnalistika ixtisasını seçin, istərsə də başqa bir peşəni, ən vacibi odur ki, dayanmaq olmaz. Əgər gözəl, bütün ehtiyaclarını qarşılaya biləcək, arzusunda olduğun bir həyat istəyirsənsə, hər şey sənin öz əlindədir. İnanın ki, qarşınıza məqsəd qoyub, bu istiqamətdə planlar qurub və bunu icra etməyə başlasanız, hər şeyə vaxt tapacaqsınız, hər şeyə nail olacaqsınız. Öz daxili intizamınızı qorumuqla yolunuza davam edin. Hər kəsə çıxdıyı yolda və seçimlərdə uğurlar!
Rüstəm Allahverdiyev
“Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.