Qloballaşan dünyada qloballaşan təhsil
21-ci əsrdə hələ də məktəbdən kənarda qalan çox uşaq var, xüsusən də qızlar. Bir çox ölkələrdə ixtisaslı müəllim çatışmazlığı, keyfiyyətli təhsil problemi, təməl peşə bacarıqlarının çatışmazlığı, yoxsul bölgələrdə yüksək səviyyədə təhsil çatışmazlığı kimi problemlər mövcuddur. Təbii ki, bu siyahı daha da uzana bilər. İnkişafın təmin edilməsi üçün hansı siyasətlərin “işlədiyini” və ya ən yaxşı təcrübənin seçimi yalnız texniki bilik məsələsi deyil. Bu həm siyasi seçimlər, həm də sosial ədalət və bərabərliklə əlaqəli prioritetlərin seçilməsi ilə əlaqəlidir. Siz Qlobal İnkişaf üçün Təhsil Siyasətləri (GLOBED) proqramında iştirak edərək Azərbaycanın ehtiyacı olan siyasət tərtibatçılarından biri ola bilərsiniz.
2015-ci ilin sentyabr ayında başlayan Qlobal İnkişaf üçün Təhsil Siyasətləri (GLOBED), qlobal təhsil siyasəti və beynəlxalq inkişaf sahələrində möhkəm və tutarlı bir beynəlxalq təhsil proqramıdır. Avropadakı mövcud proqramlar bu mövzulara kifayət qədər diqqət ayırmır. İnkişaf üçün təhsil (education for development), ümumiyyətlə, daha geniş Beynəlxalq İnkişaf Tədqiqatlarının bir hissəsidir və ümumiyyətlə, dar bir fokusa malikdir. Avropanın hər yerindən fərqli mənşə və şəbəkələrdən olan tədqiqat mərkəzlərini bir araya gətirərək GLOBED təhsil və inkişaf sahəsinə fənlərarası yanaşmanı təşviq edir. Dünyanın bütün bölgələrindən təcrübə toplamağa şərait yaradır. GLOBED layihəsi Avropa Komissiyası (Erasmus Həyat Boyu Öyrənmə Proqramı çərçivəsində) tərəfindən maliyyələşdirilir və dörd Avropa Universitetindən ibarət bir konsorsium tərəfindən hazırlanır. Konsorsiuma Universitat Autònoma de Barcelona-dan Qloballaşma, Təhsil və Sosial Siyasətlər araşdırma qrupu; Glasgow Universitetindən Sosial Elmlər Kolleci, Bremen Universitetindən Siyasi Elmlər Bölümü və Kipr Universitetinin Təhsil Elmləri Bölümü aiddir.
Bu gün təhsil hər zaman olduğundan daha çox sosial iştirak (social inclusion) və davamlı inkişaf üçün zəruri şərtdir. İqtisadi tənəzzül və artan iqtisadi bərabərsizliklər kontekstində təhsildən kənarda qalmaq insanın həyatında əldə edə biləcəyi hər fürsəti itirməyinə səbəb olur. Yerli və milli hökumətlər, eləcə də, millətlərarası təşkilatlar bu çətinliklərdən açıq şəkildə xəbərdardırlar. İqtisadi rəqabəti, qabiliyyətliliyi və sosial birliyi artırmaq üçün keyfiyyətli təhsil sistemlərinin inkişaf etdirilməsinin zəruriliyini, eyni zamanda təhsilin əsas insan hüququ kimi təmin edilməsinin əhəmiyyətini anlayırlar.
Bəlkə də dünyada fərq yarada bilmək çoxumuzun arzusudur və təhsil siyasətlərini dizayn edərək biz bu köklü dəyişikliyə nail ola bilərik. GLOBED bu arzuları reallaşdırmaqda sizə gərəkli elmi bazanı yaratmağa yardım edir. Əlavə olaraq sizə Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarında təcrübə keçmə imkanı yaradır. Beləliklə, siz proqramı bitirdikdə təşkilatların işləmə prinsipləri ilə tanış olmuş olursunuz və peşəkar əlaqələr yaradırsınız. Əgər bu sahənin sizə maraqlı olub olmadığını yoxlamaq istəsəniz, Erasmus Solidarity Corps (ESC) proqramlarından birinə qoşula bilərsiniz. Misal üçün hal-hazırda mənim qrup yoldaşlarımdan biri bu sahə ilə ESC proyektinə qatıldıqdan sonra maraqlanmağa başlayıb. Ən sonda isə iqtisadiyyatda olan karyerasını ataraq təhsil sahəsinə yönəlməyə qərar verib və GLOBED proqramına qoşulub.
Bu sahədə iş imkanları, adətən, QHT-lərdə, dövlət orqanlarında və özəl təşkilatlardadır. GLOBED inkişaf üçün təhsil sahəsindəki əsas beynəlxalq oyunçular da daxil olmaqla, 50-dən artıq tərəfdaşa malikdir. Təhsil sahəsindəki ən böyük təşkilatlardan olan OECD, World Bank, Pearson, Oxfam və UNESCO GLOBEDin tərəfdaşları siyahısına daxildir. Bu təşkilatlarda iş tapmaq üçün sizin çox yaxşı tədqiqat bacarıqlarınız olmalıdır. Siz bu bacarıqlarınızı isə tezisinizi yazarkən əldə edəcəksiniz. Ona görə də tezis mövzunuz və onun akademik cəhətdən etibarlı olması sizin gələcək karyeranız üçün çox böyük önəm daşıyır. Əlavə olaraq proqram ərzində könüllülük edə və ya kreditsiz (non-credit) təcrübə proqramlarına qoşula bilərsiniz ki, bu sahədə peşəkar biliklərə yiyələnəsiniz.
Əgər siz bu sahəyə yönəlmək istəsəniz, proqrama qəbul almaq önünüzdəki ilk və ən böyük çətinliyiniz olacaq. Hər il dünyanın dörd bir yanından yaşları 22-dən 35-ə qədər dəyişən 500-dən çox tələbə proqrama müraciət edir. 500 nəfərdən yalnız 15 nəfər təqaüd əldə edir. Bu rəqabətə qoşula bilmək üçün sizin müəyyən nailiyyətləriniz olmalıdır. Mənim tövsiyəm Azərbaycandakı QHT-lərdə və ya dövlət orqanlarında öz bacarıqlarınızı inkişaf etdirməyiniz və bacarsanız tədqiqat aparmağınızdır. Əgər bu sahə ilə maraqlansanız, suallarınızı vermək üçün əlaqəyə keçə bilərsiniz.
Heydər Rzayev
GLOBED-in beşinci qəbul tələbələrindən biri (Erasmus Mundus Təqaüdü ilə)
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.