Sosial iş gələcəyin peşəsidir
Sosial iş təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan hüquqları, sosial ədalət, sosial məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir.
Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (valideyn himayəsindən məhrum olmuş uşaqlar, küçə həyatına məruz qalmış uşaqlar, əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər, təbii fəlakət qurbanları, qanunla münaqişədə olan insanlar, yaşlı insanlar, zorakılığa məruz qalmış insanlar, insan alverinin qurbanları və digər) həm bilavasitə dəstək edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.
Sosial işçilər üç səviyyədə fəaliyyət göstərə bilirlər:
-
Mikro səviyyə - fərdi ehtiyacların və xüsusiyyətlərin nəzərə alınması. Sosial işçinin fəaliyyət istiqaməti: mövcud olan xidmətlər, qanunvericilik və fərdi problemin xüsusiyyətləri barədə şəxsin məlumatlandırılması və maarifləndirilməsi. Müraciət etmiş vətəndaşın vəziyyətinin qiymətləndirilməsinin ilkin mərhələsində sosial işçi müraciətçinin həyat tərzinə gün ərzində ciddi təsir edə bilən mikro faktorlara diqqət yetirməlidir. Bu səviyyədə sosial işçi Keys menecment prosesini həyata keçirir, yəni sosial xidmətə ehtiyacı olan insanların vəziyyətini qiymətləndirir, onların rifahını yaxşılaşdırmaq üçün birlikdə inkişaf planı tərtib edir, planda nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsində müraciətcilərə dəstək olur.
-
Mezo səviyyə - Sosial işçinin fəaliyyət istiqaməti: qrup və ya icma əsaslı təşkilatlar.
-
Makro səviyyə - Sosial işçinin fəaliyyət istiqaməti: problemlərin həll edilməsi cəmiyyət, qanunvericilik və ya sosial siyasət səviyyəsində həyata keçirilir. Buraya qanunvericilik və islahatlar, sosial proqramların işlənməsi, lobbiçilik və s. kimi fəaliyətləri aid etmək olar.
Sosial işçi yüksək bilik və bacarıqlar üçün nəzəri biliklərə, terapiya bacarıqlarına, müraciətçi ilə peşəkar işgüzar münasibətlər qurmaq, güclü tərəfləri və ehtiyacları müəyyən etmək, dəyərləndirə bilmək, müvafiq və həlledici addım atmaq, mürəkkəb məlumatları təhlil etmək, böhran vəziyyətinə anında müdaxilə və erkən müdaxilələrlə bağlı xidmət və strategiyaları tətbiq etmək, dinləmək, asanlıqla uyğunlaşa və sərhəd qoya bilmək kimi bacarıqlara, müxtəlifliyə hörmət etmək, ayrı-seçkilik etməmək kimi xüsussiyyətlərə malik olmalıdır.
Sosial iş sahəsində xaricdə təhsil almaq sizə əlavə olaraq bu sahədə daha çox təcrübəsi olan müəllimlərdən bilik və təcrübə öyrənməyə imkan verəcək. Amma xaricdə təhsil almaq mütləq deyil, çünki öz üzərinizdə işlədiyiniz zaman ölkəmizdəki sosial iş təhsili də sizin təcrübəli sosial işçi olmağınıza gətirib çıxaracaq.
Sosial iş sahəsində uğur əldə etmək ilk öncə karyera planlamasından irəli gəlir. Sosial iş insanlarla çalışan bir peşə və hər bir insanın müxtəlif fərdi xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq birinci kursdan nəzəri biliklər əldə etməklə yanaşı, könüllü kimi fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, sadəcə ali məktəblərdə keçirilən mühazirə və seminarlarla kifayətlənməyib daim ixtisas haqqında yeni məlumatlar əldə edilməli, bu sahəyə aid hadisələrin təhlillərini öyrənməli, social sahəyə aid sosial siyasəti daim yeni məlumatlar əldə edilməlidir.
Sosial iş sahəsi ölkəmiz üçün yeni olsa da, bu qısa müddət ərzində bir sıra irəliləyiş əldə edib. Sosial iş ilk başladığı dövr sadəcə qeyri-hökümət təşkilatları çərçivəsində həyata keçirilsə də artıq dövlər səviyyəsində sosial işçinin statusu tanınıb, Azərbaycan Respublikası Sosial Xidmətlər Haqqında Qanunda sosial işçinin kim olduğu qeyd olunub. Dövlət müəssisələrində əhalinin həssas qrupu ilə iş prosesində sosial işçilərin rolu xüsusi vurğulanır. Buna misal olaraq, ölkəmizdə sonuncu açılan DOST agentliyində sosial iş vakant yerlərini göstərmək olar. Bu göstəricilər sosial iş peşəsinin ölkəmizdə surətlə və bundan sonra əhalinin həssas təbəqəsinin rifahının yaxşılaşdırılmasında rolunun artacağını göstərir.
Sosial iş haqqında videomüsahibəmizə buradan daxil ola bilərsiniz.
Ətraflı məlumat üçün https://www.youtube.com/watch?v=MXofDnzG9Do
Sara Ağayeva, Sosial işçi
Salam. Sizce 2-ci qrup yaxsidir yoxsa 3-cu qrup meslehetlerinize ehtiyacim var. Hem 3-ci qrupun hem de 2-ci qrupun butun ixtisaslari haqqinda oxumusam amma yenede qerarsizam. Siz ne deye bilersiniz? ????????