Sosial işdə karyera planlaması
Sosial işdə karyera planlaması - Sosial İş
Sosial iş ixtisası cəmiyyətin problemli təbəqələrinin sosial rifahı və mənafeyi uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olurlar. Onlar ailələrlə, müxtəlif qruplar və icmalarla işləyirlər. Sosial işçilər cəmiyyətdə müdafiə olunmamış şəxslərin müdafiəsində, hüquqlarının qorunmasında, onların maraqlarının təmin edilməsində yaxından iştirak edirlər. Sosial işin müdaxilə obyekti müraciətçidir(və ya benefisiar, kliyent). Müracitəçi çətin situasiyada olan, problemləri olan şəxslərdir. Onlar hansısa həll edə bilmədikləri problemlərinə görə sosial işçiyə müraciət edirlər. Sosial işçilər isə onların problemlərini dinləyir, təhlil edir, qiymətləndirir, sonda problemin həlli üçün müraciətçiyə müxtəlif alternativlər təklif edirlər. Sosial işçilərin etik prinsipləri vardır. Bu prinsiplər həkimlərin “hippokrat” andına bərabərdir. Hər bir sosial işçi bu prinsiplərə uyğun addım atmalıdır. Sosial işçi müraciətçiyə kömək edən şəxsdir dedik. Bəli, kömək edir, lakin kömək dedikdə ona maddi cəhətdən kömək etmək nəzərdə tutulmur. Hər şeydən əvvəl yadda saxlamaq lazımdır ki, sosial işçi xeyriyyəçi deyil. Xeyriyyəçi müraciətçinin problemini həll etmək üçün əlaqə yaratdığımız şəxs ola bilər, lakin sosial iş demək xeyriyyəçiliklə məşğul olmaq demək deyil. Sosial işçinin işini sadə şəkildə izah etməli olsam, bir cümlə ilə izah edərəm. Sosial işçi körpüdür. Təsəvvür edin ki, körpünün başlanğıcında müraciətçi və onun problemləri, sonunda isə həmin problemi həll edə biləcək qurumlar və s. var. Körpü isə dedik ki, sosial işçidir. Sosial işçi müraciətçini məlumatlandırır, müxtəlif həll yolları təklif edir və seçimi müraciətçinin öhdəsinə buraxır. Bu öz müqəddəratını təyin etmə adlanır və sosial işçinin etik prinsiplərindən biridir.
Sosial iş peşənin ümumi adıdır. Onun müxtəlif sahələri var. Bir neçəsini qeyd etmək istərdim. Məsələn, ailələrlə çalışan sosial işçilər, küçə həyatına məruz qalmış şəxslərlə çalışan sosial işçilər, cəzaçəkmə müəssisələrində olmuş şəxslərlə çalışan sosial işçilər, ahıllarla, əlillərlə çalışan sosial işçilər, məktəblərdə çalışan sosial işçilər və s.
Sosial iş ixtisası çətin ixtisasdır, amma peşəni sevirsinizsə, çətinliyi gözə görünməz. Hər sahənin çətinliyi var. Sadəcə bu peşə daha həssas bir peşədir. Çünki birbaşa insanlarla işləyirik. Onlarla ünsiyyətdə olarkən hər cümləmizə, hər sözümüzə diqqət etməliyik. Çünki ən kiçik səhvimizdə müraciətçini özümüzdən uzaqlaşdıra bilərik. Bu hal olmamalıdır.
Fikrimcə, bu sahədə uğurlu olmaq üçün hər gün yeni biliklərə yiyələnmək vacibdir. Hər şeydən əvvəl səbrli olmaq lazımdır, düzgün dinləmə qabiliyyətinin olması çox önəmlidir. Ünsiyyət bacarıqlarının olması çox vacibdir. Sosial cəhətdən də aktiv olmaq lazımdır. Sosial işçinin əlaqələri çox olmalıdır. Müxtəlif peşə sahibləri ilə əlaqələr iş həyatında böyük rol oynayır. Çünki çox zaman müraciətçinin problemlərini həll etmək üçün müxtəlif peşə sahiblərini işə cəlb etmək lazım gəlir. Qeyd etdiyim kimi, uğurlu olmaq, həqiqətən yaxşı sosial işçi olmaq üçün hər gün araşdırmaq, öyrənmək lazımdır. Ədəbiyyatlardan faydalanmaq olar, lakin azərbaycan dilində çox az ədəbiyyat var, hətta deyərdim ki, yox dərəcəsindədir. Ona görə də türk ədəbiyyatlarından istifadə edə bilərlər. Tərcümə olunmuş kitablar var türk ədəbiyyatında, lakin daha çox ingilis dilində oxumaqlarını məsləhət görərdim. İnkişaf etmək üçün dil bilmək çox vacibdir. İngilis dilini mütləq öyrənmək lazımdır. Əlavə olaraq ixtisasla əlaqəli təlimlərə, seminarlara qatılmaq sizin üçün müsbət olar. Bilik bazanıza əlavə biliklər daxil etmiş olarsınız.
Sosial işdə karyera planlaması - Karyera
Xaricdə magistr təhsili barədə mən də düşünürəm. Düşünürəm ki, daha yaxşı biliklər əldə etmək üçün xaricdə təhsil önəmlidir. İxtisasın keçildiyi universitetləri araşdırıb, ən yaxşı təhsil verən universiteti seçmək olar, qeyd etdiyim kimi, araşdırmaq çox önəmlidir. Zənnimcə, irəliləmək üçün bu vacibdir. Sosial iş ixtisasını bitirib dövlət qulluğunda çalışmaq da olar. Məsələn, DSMF- lərdə, hal-hazırda fəaliyyət göstərən DOST agentliklərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində. Bu yerlərdə müxtəlif işlər var və bəziləri üçün xaricdə təhsilə ehtiyac yoxdur. Azərbaycanda magistr təhsili kifayət edir. Xaricdə təhsil almaq, işləyəcəyiniz sahədən asılıdır.
Sonda isə təhsil bitir və karyera qurmaq vaxtı gəlib çatır. Bu zaman çox seçici və diqqətli olmaq lazımdır. Məsələn, başlanğıc olaraq təşkilatlarda çalışmaq olar. Məsələn, Azərbaycanda sosial iş sahəsində fəaliyyət göstərən Azərbaycan Sosial İş İctimai Birliyi. Bundan əlavə, ixtisasla əlaqəli müəssisələrdə könüllü fəaliyyət də gərəklidir. Başlanğıc kimi, könüllü fəaliyyət göstərmək yaxşı olardı. Könüllü fəaliyyət olduqda ilk işi tapmaq da bəzən asan olur. Fəaliyyətinizdə gördüyünüz işin öhdəsindən yaxşı gəlmisinizsə, iş üçün müraciət etdikdə işəgötürülmə faiziniz də artır. Bu sahədə iş yerləri çoxdur. İxtisas elə ixtisasdır ki, 4-5 ilə daha çox inkişaf edəcək və iş yerlərinin sayı artacaq. Sadəcə əsas önəmli olan odur ki, sosial işin hansı sahəsində yaxşı olduğunuzu biləsiniz. İşlədiyiniz sahə ruhunuza uyğun olmalıdır. Özünüzə uyğun olan sahəni tapdıqdan sonra isə bu sahədə peşəkarlaşmaq üçün lazımi resurslardan istifadə edib özünüzü təkmilləşdirəcəksiniz.
Ləman Cabbarlı
Azərbaycan Sosial İş İctimai Birliyi
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.