Bəstəkarlıq ixtisası ixtisası haqqında
İxtisasın təsviri
Nəzəriyyə fakültəsinə aid olan ixtisaslardan biridir.
Bəstəkar — musiqi əsərlərinin yaradıcısıdır. Musiqi, adətən, musiqi nəzəriyyəsinə əsasən yazılır. Bəstəkarın musiqiçidən fərqi ondadır ki, o musiqini bəstələyir, musiqiçi isə onu ifadə edir. Bəstələmə prosesinin nəticəsi kimi notalar şəklində yazılmış musiqi əldə edilir. Notaların tərtibi əl ilə və ya kompüterlə yerinə yetirilə bilər. Bəstəkarın yaratdığı musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar) tərəfindən səsləndirilir.
Musiqi bəstələmək mürəkkəb peşə olub böyük bilik və istedad tələb edir. Buna görə bəstəkarın harmonika, polifoniya, orkestrləmə, musiqi formaları, hər hansı bir musiqi alətində çalmağı bacarmaq (pianinoya üstünlük verilir) kimi keyfiyyətlərə malik olması vacibdir. Qədimdə bəstəkarlardan bir neçə musiqi alətində çalmaq tələb olunurdu. Çox vaxt onlar skripkada çalırdılar (məsələn, Korelli). İmprovizasiya qabiliyyəti də yaradıcılıq prosesinə çox təsir edən amildir. Müxtəlif janrlarda işləmək üçün bəstəkarlıq texnikasına yiyələnmək lazımdır. Bu ixtisas sahibi əsərlərin düzgün yazılması və qurulması ilə məşğul olur.
İxtisasın tarixi
Keçmişdə bəstəkarlıq dərsləri yalnız fərdi olurdu, aristokrat ailələr uşaqlarını musiqiyə yönəldirdilər. Həmin ailələrdən görkəmli bəstəkarlar — Mozart, Bethoven və digərləri ortaya çıxmışdır. Sonralar musiqi üzrə ali təhsil ocaqları yaranmış və ifaçılıqla yanaşı nəzəriyyə və bəstəkarlıq dərsləri də ixtisas kimi tədris edilməyə başlanmışdır. Ölkəmizdə bu sahənin əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- Mahnıların düzgün bəstələnməsi
- Əsərlərin qurulması
- Mahnıların aranjiman edilməsi
- Televiziya, radio, film və studiyalar üçün musiqilərin yazılması və hazırlanması
- Məlumatların toplanması və işlənməsi
- Annotasiyalar, icmallar, məqalələr, toplular, ensiklopediyalar, dərsliklər və tədris vəsaitlərinin tərtib edilməsi
- Mövzuların seçimi, mühazirələrin və konsertlərin təşkili və keçirilməsi
- Musiqi tənqidi və məsləhət işi
- Filarmoniyalarda və digər mədəniyyət və incəsənət qurumlarında repertuarın formalaşdırılması
- Pedaqoji və elmi-tədqiqat fəaliyyəti
- Gənc nəslin sənətə cəlb olunmasına yönəlmiş musiqinin təbliği
- Peşəkar musiqi tənqidçisi kimi fəaliyyət
Harada bu ixtisasa sahiblənmək olar?
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- Azərbaycan Milli Konservatoriyası
- Bakı Musiqi Akademiyası
Bu ixtisas üzrə harada çalışmaq olar?
- Bakı Musiqi Akademiyasında (pedaqoji və elmi fəaliyyət)
- Musiqi studiyalarında
- Televiziya və radio sahəsində
- Filarmoniyada
- Özəl və dövlət məktəblərində
- Universitetlərdə, musiqi konservatoriya və akademiyalarında
- Film, reklam və teatr sahəsində
- Fərdi yaradıcılıq və ya pedaqoji fəaliyyət
- Bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil müəssisələrində musiqi fənnini tədris edə bilərlər
Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)
- Əsərlərin quruluşu və formaları haqqında biliklər
- Pedaqoji bacarıqlar
- Musiqi duyumu
- Piano çalma bacarığı
- Alətşünaslıq
- Orkestrləşdirmə
- İmprovizasiya qabiliyyəti
- Harmonika və polifoniya
- Musiqi tarixi və nəzəriyyəsi
- Tədrisin əsasları
- Musiqi psixologiyası
- Musiqi sahəsində menecment və marketinq bilikləri
- Azərbaycan ladları və xalq musiqisinin əsasları
- Xor və müasir musiqi bilikləri
- Təhlil və məntiqi təfəkkür bacarığı
- Estetik zövq və ədəbi istedad
- Janrlar üzrə dərin biliklər
- Musiqi ədəbiyyatı, solfecio və musiqi-kompüter texnologiyaları üzrə biliklər
İxtisasın gələcəyi
Texnologiyanın inkişafı yeni musiqi janrlarının və üslubların yaranmasına səbəb olsa da, sahə yaradıcılıq yönümlü olduğu üçün bu ixtisas üzrə kadrlara gələcəkdə də ehtiyac olacaqdır. Bundan əlavə, sahə üzrə çoxşaxəli iş imkanları mövcuddur.
Əmək haqqı
Əmək haqqının səviyyəsi tutduğu vəzifədən, peşə öhdəliklərindən, fərdi fəaliyyətdən və işgüzar əlaqələrdən asılıdır. Televiziya şouları və ya filmlər üçün musiqi yaradan mütəxəssislər müəllimlərlə müqayisədə daha yüksək maaş alırlar. Minimum əmək haqqı təxminən 400 AZN civarındadır.
Bu sahəni bitirənlərin əksəriyyəti özəl və dövlət məktəblərində, eləcə də universitetlərdə müəllim kimi fəaliyyət göstərirlər. Məvaciblər təxminən belədir:
- Ali təhsilli müəllimlər üçün 460–595 AZN
- Orta təhsilli müəllimlər üçün 420–510 AZN
Qeyd: Bu rəqəmlər stajdan asılı olaraq dəyişə bilər.