Fizioterapiya və tibbi reabilitasiya ixtisası haqqında
Fizioterapiya və tibbi reabilitasiya ixtisası
İxtisasın təsviri
Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını verir. İndi demək olar ki, hər xəstəxanada belə bir bölmə var. Fizioterapiya ağrıların və ya fiziki amillərin tətbiqiylə yaranan zədələrin, xəstəliklərin müalicəsi ilə məşğul olur. Fizioterapiyanın əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığının və normal həyat fəaliyyətinin bərpasını təmin etməkdir. Fizioterapiya tibbi müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən ibarətdir. Fizioterapevtlər anatomiya, nevrologiya və fiziologiya, proflaktika, diaqnostika üzrə tibbi biliklərə yiyələnirlər.
İxtisasın tarixi
Tətbiqi fizioterapiyanın vətəni ABŞ-dır. 20-ci əsirin 50-ci illərində Miçiqan ştatının Detroyt şəhərində yaşayan xiropraktik doktoru Corc Qudxard perferik ifliclər zamanı əzələ testlərinin tətqiqi ilə məşğul olan Florence Peterson Kendallın “Muscles, Testing and Function” adlı kitabını və digər kitabları oxuyub, araşdıraraq, əzələ testləri barədə geniş biliklərə yiyələnməyə başladı. Onun şəxsi tibbi təcrübəsi nəticəsində tətbiqi kineziologiyanın ilk üsulu meydana gəldi və bu üsul “əzələlərin başlanğıç və axır birləşməsi üsulu” adlandırıldı. Bu üsul Denverdəki Amerika Xiropraktika Assosiasiyasının konfransında 1964-ci ildə təqdim olundu. Beləliklə, bununla da, tətbiqi kineziologiyanın elm bölməsi kimi inkişafının əsası qoyuldu. 1974-ci ildə Beynəlxalq Tətbiqi Kineziologiya İnstitutu qurulmuşdur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə olunur
- Su ilə müalicə
- Süni günəş işığı ilə müalicə
- Elektriklə müalicə
- Elektromaqnit ilə müalicə
- Mineral sularla müalicə
- Massaj (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.)
- Banka qoyma
- Təzyiqlə müalicə (baroterapiya)
Qeyd olunan xəstəliklər nümunəsində fizioterapevtin iş öhdəlikləri aşağıdakılardan ibarətdir
Astma
- Döş qəfəsini steteskopla dinləmək
- Pasiyentin tənəffüs fəallığını qiymətləndirmək
- Daha düzgün tənəffüs üsulunu məsləhət görmək
- Fiziki fəallıq haqqında tövsiyyələr verəcək
- Astmayla bağlı siptomların müalicəsinin strategiyasını müəyyən etməyə kömək etmək
Beldə ağrı
- Pasientin kürəyini tədqiq etmək
- Manumal terapiya tətbiq etmək
- Ağrının müalicəsi, bərpanı sürətləndirmək və yenidən yaranmasının qarşısını almaq üçün tədbirlərin görülməsi
Həmçinin fizioterapevt pasiyentlə bağlı bir sıra məlumatların qeydiyyatını aparmalıdır. Həmin məlumatlara aşağıdakılar daxildir:
- Xəstəliyin adı
- Xəstəliyin ağırlıq dərəcəsi
- Xəstənin yaşı, cinsi
- Xəstənin fiziki və psixi xüsusiyyətləri
- Xəstənin yaşayış yeri
Harada bu ixtisasa sahiblənmək olar?
➝ Azərbaycan Tibb Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
➝ Özəl və dövlət tibb müəssisələrində
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- Anatomiya, nevrologiya, fiziologiya kimi, proflaktika, diaqnostika kimi elmləri dərindən bilmək
- Biologiya, fizika, kimya, biofizika, biokimya, elektro-radiotexnika sahələri haqqında biliklərə sahib olmaq
- Fizioterapiyada istifadə olunan aparatları istifadə edə bilmək
- Ünsiyyət bacarıqları
- Analiz etmə bacarığı
İxtisasın gələcəyi
Bu sahə Azərbaycanda yeni-yeni tanınan sahələrdən biridir. Fizioterapiya bir çox sahələrlə sıx əlaqədə olduğuna görə və eyni zamanda bəzi xəstəlikləri bıçaqsız, müəyyən müalicə metodlarından istifadə etməklə sağaltmaq mümkün olduğu üçün bu sahənin digər ölkələrdə olduğu ölkəmizdə də yaxın zamanda sürətlə inkişaf edəcəyi gözlənilir. Ona görə də bu sahədə ixtisaslı kadrların olmasına ehtiyac vardır. Gələcək 5 ildə bu sahə daha çox inkişaf edib, tanınacaq.
Əmək haqqı
Bu ixtisas üzrə məvaciblər peşə sahibinin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq, 500 – 5000 AZN aralığında dəyişir.