Korreksiyaedici təlim

Korreksiyaedici təlim

Korreksiyaedici təlim

  Universitetə qəbul olduğum gündən bu günə qədər “ixtisasın nədir?” sualını mənə verəndə cavab verməkdə böyük çətinlik çəkirəm. Çünki sadəcə ixtisasımın adını deməklə insanlara harda oxuduğumu izah edə bilmirəm. 

   Korreksiyaedici Təlim- əqli, fiziki, psixoloji sferalarında  qeyri-düzgün inkişaf qeydə alınan uşaqlara (böyüklərə) təhsil xidməti göstərən peşə sahəsidir. Təxminən XIX əsrə qədər bu sahə psixologiya elminin tərkibində fəaliyyət göstərib. Daha sonra inkişaf pozuntusu olan şəxslərin daha sistematik  araşdırılması nəticəsində ayrıca bir elm sahəsi olduğu qəbul edilib. 

Korreksiyaedici təlim ixtisası özündə  bir çox sahələri birləşdirir:

  • Əqli cəhətdən yetərsizliyi olan şəxslər

  • Eşitmə yetərsizliyi olan şəxslər

  • Görmə yetərsizliyi olan şəxslər

  • Nitq qüsurları olan şəxslər

  • Davranış və emosional pozuntuları olan şəxslər

  • Dayaq-Hərəkət sistemi yetərsizliyi olan şəxslər  və.s

 İxtisasın tədris olunduğu müəssələrdə yuxarıda qeyd etdiyim sahələrin hər birinə aid dərslər keçirilir. 

  Korreksiyaedici təlim ixtisaslaşma baxımından bir növ tibbə bənzərliyinin olduğunu deyə bilərəm.Yəni universiteti bitirdikdən sonra hər kəs seçdiyi alt sahələrdən (eşitmə, görmə, nitq qüsurları və s.) biri üzrə peşə, ya da akademik fəaliyyətini davam etdirə bilər. Əgər peşekar korreksion pedaqoq olmaq istəyirsizsə, etməli olduğunuz da budur. Çünki yuxarıda qeyd etdiyim sahələrin hər biri ayrılıqda bir elmdir və bunların hamısı ilə eyni vaxtda ixtisaslaşmaq mümkünsüzdür. Həm də keyfiyyət baxımından da doğru deyil. Ona görə də universitet illərində bu sahələrin hər birinə ayrılıqda diqqət edib gələcəkdə hansı üzrə ixtisaslaşmaq istədiyinizə qərar verməlisiniz. Bunu Azərbaycanda bu ixtisas üzrə olan müəssələrin fəaliyyəti ilə də əlaqələndirə bilərik.

  Korreksiyaedici Təlim  ixtisasını bitirən məzunlar respublikamızda fəaliyyət göstərən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb”, “Eşitmə və nitq qüsurlu uşaqlar üçün xüsusi internat məktəb”,”Respublika Daun Mərkəzi” , Psixi Sağlamlıq Mərkəzi, psixologiya və reabilitasiya mərkəzlərində və digər bu tip qurumlarda fəaliyyət göstərə bilərlər.

  Əgər mən bu ixtisasda mütəxəssis olacam deyirsizsə, o zaman universitet dərsləri ilə kifayətlənməməlisiniz. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu ixtisas üzrə Azərbaycan dilində ədəbiyyat çox azdır. Müəllimlərin sizə verdiyi ədəbiyyat siyahısının böyük əksəriyyətini rus dilli mənbələr təşkil edir. Rus dilini bilirsinizsə,  dərslərə aid mühazirələrdən əlavə, kitabxanalarda ya da internetdə məqalələr, kitablar tapıb oxuya bilərsiniz. Yox əgər rus dili bilmirsinizsə, Türk dilli mənbələrə üz tuta bilərsiniz. Bu ixtisas üzrə türk dilində kifayət qədər faydalı mətnlər, məqalələr tapa bilərsiniz. 

 Özünü ixtisasınızla bağlı daha da təkmilləşdirmək istəyirsinizsə, mütəmadi olaraq müxtəlif dövlət və özəl müəssələr tərəfindən mövzuyla əlaqəli təşkil olunan seminar, konfrans və  təlimlərə qatılın. Xüsusilə, xarici mütəxəssislərin  təqdim etdiyi proqramlar sizin inkişafınıza müsbət təsir edəcək. Bu tərz tədbirlərin elanı həm universitet səhifələrində, həm də  universitetdəki afişa, reklam bölümlərində yerləşdirilir. Məsələn, hər il mart- aprel aylarında  Amerikalı mütəxəssislər Bakıda Autizmli şəxslər haqqında 2 gün davam edən, olduqca faydalı və pulsuz təlimlər təşkil edirlər.Bu təlimlər universitetdə də təşkil olunur.

  Söz hər mənasında “mütəxəssis” olmaq üçün təkcə nəzəri biliklər deyil, praktik bilgilər də çox vacibdir. Bu tərz cümlələr bir çoxu üçün şablon səslənə bilər, ancaq korreksiyaedici təlimdə nəzəri bilgilər nə qədər vacib faktorsa, praktik bacarıqlar da bir o qədər önəmli nöqtədir. Nitq qüsurlu uşaqlara loqopedlərin tədbiq etdiyi masajlar,hər hansı səsi qoymaq,bərpa etmək üçün istifadə olunan metod və s. autizmli uşaqlara tədbiq olunan terapiyalar və korreksiyaedici təlimdə ağlınıza gələcək digər hər mövzuda mütəxəssisin praktik bacarıqları ön planda olur. Nəzəri bilgilərinizi praktikaya ötürə bilirsinizsə, artıq  yolun yarısını qət etmiş sayıla bilərsiniz.

 

  Korreksiyaedici Təlim ixtisası 2018- ci ilə qədər Azərbaycanda yalnız Pedaqoji Universitetdə tədris edilirdi. 2018-ci ildən sonra isə Bakı Dövlət Universitetində də tədris olunmağa başladı. Bunu qeyd etməkdə məqsədim odur ki,  ölkəmizdə ixtisasın yayğınlıq səviyyəsini göstərməkdir. Azərbaycandan fərqli olaraq, xaricdə olduqca çox geniş yayılmış bir ixtisasdır. İndiyə qədər apardığım araşdırmalara əsasən Azərbaycanda bu ixtisas üzrə xaricdə bakalavr təhsili alan yeganə azərbaycanlıyam. Türkiyədə bu ixtisas “Özel Eğitim”,ingilis dilli ölkələrdə isə “Special Education” və ya “Special Needs Education” olaraq adlandırılır. Mənə görə bu ixtisas üzrə xarici bir ölkədə təhsil almaq (fərqi yoxdu Türkiyə,Avropa) kariyeranız üçün qızıl şans deməkdir. Bu sahə və tədbiq olunan metodlar olduqca dəyişkəndir. Üstəlik fəaliyyət sahəmizdə olan inkişaf pozulmaları olan uşaqların da hər biri çox fərqli xüsusiyyətlərə malikdir.Və siz onlarla işləyərkən hər biri üçün fərqli metod və yanaşmalardan istifadə etmək məcburiyyətindəsiniz. Ölkəmizdə yeni inkişaf etməkdə olan sahə olduğu üçün xaricdə təhsil almaq  digərlərinə görə sizi “1-0” öndə edir.

  Türkiyədə təqribi 20+ universitetdə tədris olunur. Türkiyə bu sahədə ilk addımlarına XIX yüzillikdə başladığı üçün deyərdim ki, dünyada belə bu sahədə  ən yaxşı təhsil verən ölkələr sırasındadır.  Xüsusilə, Anadolu Universiteti, Hacettepe Universitesi,Trabzon Universitesi bu ixtisas üzrə ixtisaslaşmış kadrlarla zəngindir. Ancaq bu ixtisas üzrə həm akademik , həm də tətbiqi yeniliklər daha çox  Amerikada aparılır. İnternetdə axtarış zamanı belə top universitetlər içində Amerika universitetləri öndə gəlir. Təqaüd imkanları da digər ixtisaslardakı kimidir. Xüsusilə,bu il Harvard Universitetində fəaliyyətə başlayan “Harvard Autizm Araştırma Mərkəzi” bura üz tutan doktorantlara full təqaüd təklif edir.

 

 Təhsilinizi tamamladıqdan sonra özünüz üçün kariyera planı qurmaqda fayda var. Kariyera planınızı iki istiqamətdə qura bilərsiz: ya akademik kariyera qurmaq, ya da peşənizlə bağlı tətbiqi sahələrdə çalışmaq. Birinci yolda edəcəyiniz şey təhsilinizi daha üst səviyyələrə daşımaq, daha sonra isə universitetlərdə müəllim olaraq çalışmaq, bu ixtisasla məşğul olan insanlara peşə təlimləri vermək ola bilər. İkinci yolda isə yuxarıda danışdığımız sahələrdən birində korreksion pedaqoq, loqoped, yaşam koçu olaraq çalışmaqdır.

 Təbii ki, bu dediklərim heç də asan olmur.Yəni universiteti bitirən kimi heç kim sizə iş verməyəcək. Müəllimlik, bank sektoru və yaxud  digər sahələrdə olduğu kimi bu ixtisasda hər hansı mərkəzi imtahanla işə yerləşdirmə yoxdur. Bunun üçün siz universitet illərindən etibarən özünüzə yol cızmağa çalışmalısınız. Azərbaycanda özəl psixologiya müəssələrinin böyük əksəriyyəti mütəmadi olaraq könüllü tələbə qəbul edir. Tələbə olduğunuz dönəmdə sizə  heç bir maddi gəlir vəd etməyən bu  tərz yerlərdə işləmək mənasız kimi görünür. Ancaq həmin müəssələrdə könüllü olaraq fəaliyyət göstərmək, real korreksiya ortamında olmaq, uşaqlarla birbaşa ünsiyyətdə olmaq  ixtisasa adaptasiya olmağınız baxımından çox önəmlidir.

  Elə ilk işiniz də bu tərz könüllü fəaliyyətlərlə başlayır. Olduğuz müəssədə göstərdiyiniz performansdan asılı olaraq sizə bir çox iş təklifi gəlməyə başlayacaq. Hətta əgər tələbəlik dövründə bu tərz fəaliyyətləriniz olmayıbsa, universitetin son kursunda olan təcrübə zamanı fürsətdən istifadə edin. Məşğələlərə qatılmaqdan, sosial layihələrdə iştirak etməkdən əsla qorxmayın. Bu tərz işlər sizi məqsədinizə bir az daha yaxınlaşdıracaq.


 

            Nuray Latıfzada

Trabzon Üniversitesi-Eğitim Fakültesi/ Özel Eğitim Bölümü

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.