Biznesin təşkili və idarə edilməsi (menecment üzrə) ixtisası haqqında
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
İxtisasın təsviri
İdarəetmə bir elmdir. Menecmenti idarəetmə ilə sinonim sözlər kimi istifadə edə bilərik. Ümumilikdə idarəetmənin 4 funksiyası mövcuddur: planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət. Menecment dedikdə təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma, qərar qəbul etmə, təşkiletmə, liderlik və nəzarət) məcmusu nəzərdə tutulur.
Menecment ixtisası düzgün və effektiv idarəetməni öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini və səmərəliliyini təşkil etməkdir. Bir çox hallarda müəssisənin əsas inzibati şəxsi baş menecer hesab edilir. Ümumilikdə menecerlərin səlahiyyət və öhdəlikləri müəssisənin fəaliyyət forması və növündən asılı olaraq dəyişir. Menecment sahəsi üzrə çalışan şəxslər menecerlər adlanırlar.
Menecment ixtisaslaşması dövlət və özəl sektorda müəssisələrin ümumi strukturunu, idarəetmə prinsip və üsullarını, mövcud çatışmazlıqları təhlil edərək onların həllinə aid konkret çıxış yollarını göstərə biləcək insan resursları hazırlayır. Bu ixtisas magistrantları müəssisə və təşkilatlarda aparıcı menecer vəzifəsində çalışmaq məqsədilə zəruri bilik və bacarıqlarla təmin edir. Tədris müddətində magistrantlar müəssisələrin strukturunu, idarəetmə prinsip və üsullarını dərindən mənimsəmək məqsədilə danışıqlar, liderlik və qərar qəbuletmə mövzuları ilə yanaşı strategiya və strateji idarəetmə üzrə fənn materiallarını kompleks şəkildə öyrənə bilərlər.
İxtisasın gələcəyi
Menecment ixtisası çox geniş karyera imkanları olan və gələcəyi perspektivli sahələrdən biridir. İxtisas məzunları karyeralarını insan resursları, layihələrin idarə edilməsi və digər sahələr üzrə davam etdirə bilərlər. Həmçinin bu ixtisas üzrə həm özəl, həm də dövlət sektorunda geniş iş imkanları mövcuddur. Ümumilikdə ixtisasın əsas obyekti insan fəaliyyətinin idarə edilməsi ilə bağlı olduğu üçün peşə sahiblərində liderlik və kommunikasiya bacarıqları kimi müasir dövr üçün önəmli keyfiyyətlərin formalaşması onların uğurlu karyera qurmalarında müsbət rol oynayır.
Universitetlər
→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ Bakı Mühəndislik Universiteti
→ Xəzər Universiteti