Balını yoxla

Optotexnika mühəndisliyi

Optotexnika mühəndisliyi ixtisası haqqında

Optotexnika mühəndisliyi ixtisası

İxtisasın təsviri

Bu ixtisas lazer texnikasını, optik materiallarını, optik elektron cihazlarını və sistemlər vasitələrinin layihələndirilməsi, istehsalat texnologiyası, istehsalatı və onların sınaqdan keçirilməsi sahəsində mühəndis hazırlayır. Eyni zamanda ixtisas lazer texnikasını və texnologiyasını, optik materialları, optik elektron cihazlarını və sistemlərini öyrənir. Optotexnika mühəndisliyi Müdafiə Sənayesi Nazirliyinə tabe olub, düşmən mövqelərini müşahidə etmək, dəqiq nişan almaq və düşmən mövqelərinin məhv edilməsi üçün lazer texnikalı silah vasitələrini öyrənir.

Tədrisdə tələbələrin istehsalatla, zavodlarla tanışlığına böyük diqqət yetirilir. Məqsəd tələbəni zavodla, mühəndisin istehsalatdakı rolu ilə tanış etmək, seçdiyi ixtisasa maraq oyatmaqdır. Çünki bu maraq olmasa, tədrisdə yüksək nəticələr əldə etmək mümkün deyildir. Fakültənin tələbələri müdafiə sənayesi zavodları ilə bərabər respublikanın bütün müasir istehsal sahələri və texnoparklarla tanış edilir.

Bu tədris yanaşması Müdafiə Sənayesi Nazirliyi tərəfindən dəstəklənir və lazımi köməkliklər göstərilir. Fakültənin tələbələri üçün bütün zavodlarda Müdafiə Sənayesi nazirinin göstərişi əsasında əyani vasitələrlə təchiz olunmuş auditoriyalar yaradılmışdır. İstehsalat rəhbərləri ilə məsləhətləşmələr nəticəsində əlaçı tələbələr yay tətillərində günəmuzd dəzgahçı vəzifəsinə işə qəbul olunurlar. Alınmış aylıq əməkhaqqı və özünü zavod işçisi kimi hiss etmək tələbənin tədris prosesinə müsbət təsir göstərir.

Optotexnika ixtisası üzrə tələbələr “Optik şüşə və kristallıq materialların emal üsulları” və “Optotexnikada texnoloji avadanlıqlar” fənləri üzrə dərsləri “Alov” zavodunda yaradılmış xüsusi auditoriyada keçirlər.

İxtisasın tarixi

Bu ixtisasın yaranma tarixi təxminən 1700–1800-cü illəri əhatə edir. Azərbaycanda isə “Xüsusi texnika və texnologiya” fakültəsi 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmışdır. İxtisasın yeni olmasına baxmayaraq, bütün məzunları işlə təmin olunmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Silah sistemlərinin və hissələrinin istehsalının yerinə yetirilməsi
  • Cihazın istehsalı ilə bağlı layihələndirmə işləri, sxemlərin hazırlanması
  • Optik nişangahlar, binokullar və digər tip optik cihazların istehsalının həyata keçirilməsi

Harada bu ixtisasa sahiblənmək olar?

→ Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Universiteti bitirdikdən sonra yüksək nəticələri olan tələbələr Müdafiə Sənayesi Nazirliyinə tabe olan uyğun istehsalat zavodlarında iş ilə təmin olunurlar.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • AutoCad, SolidWorks proqramlarını bilmək
  • Optik materiallar və lazer texnologiyası haqqında ətraflı biliyə sahib olmaq
  • Kimya və fizika fənlərini dərindən bilmək
  • Diqqətli və səbirli olmaq
  • Analitik düşünmə və təhlil etmə bacarığı

İxtisasın gələcəyi

İxtisasın gələcəyi perspektivlidir. Müharibə şəraitində olan bir ölkədə yaşadığımız üçün müdafiə sənayesinin inkişafı xüsusi diqqət mərkəzindədir. Yaxşı təhsil almış savadlı kadrlara bu baxımdan geniş tələb vardır. Bu sahə üzrə ölkəmizdə kifayət qədər vakansiyalar mövcuddur.

Əmək haqqı

Mühəndislik sahəsi olduğu üçün bu sahə üzrə əməkhaqqı dərəcələrə görə fərqlənir. Dərəcələr artdıqca əməkhaqqı artır. Minimum əməkhaqqı 350 AZN-dən başlayır.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂