Poliqoloq siyasətçi deyil

Poliqoloq siyasətçi deyil

Poliqoloq siyasətçi deyil

Politologiya siyasət haqqında elmdir. Bəs siyasət nədir? Bunu universitetdə öyrənərsiniz. Əgər politologiya ixtisasına qəbul olsanız, iqtisadiyyat, sosiologiya, psixologiya, siyasi-idarəetmə, menecment, hüquq və parlament haqqında da öyrənəcəksiniz. Politologiya cəmiyyətin bütün sferalarını araşdırır, həm insanların nə düşündükləri, necə yaşadıqları, həm də onlar arasındakı iqtisadi münasibətlər, coğrafi yerləşmələri və hətta bütün bunların vəhdətdə necə işləmə mexanizmini. Bəli, sadalanan sahələrin hər birinin özünün ayrıca elmi və adı vardır. Lakin siyasi elm baş verən hadisələri araşdırır və analiz etmək üçün bütün bu informasiyaları cəmləyir. Əgər biz vəhdətdə işləyən mexanizm haqda danışırıqsa, o zaman heç bir sahəni gözdən kənarda qoya bilmərik.  Bütün yuxarıdakıları nəzərə alaraq bilmək lazımdır ki, politoloq dayanmadan oxumalıdır. Bu ixtisasda “universitetə qəbul oldum, mən öz işimi gördüm, missiyamı tamamladım” fikri ilə uğur əldə etmək mümkünsüzdür. Bir politoloq istər təhsil aldığı müddətdə, istərsə də təhsilini bitirdikdən sonra daim yeniliklər, baş verənlər və s. haqqında məlumatlı olmalıdır. 

  Bu sahədə minlərlə kitablar var ki, çox dəyərlidir və hər gün yeni kitablar yazılır. İxtisasınızda uğurlu bir peşəkar olmaq istəyirsinizsə, bu kitabların böyük bir qismini oxumalısınız. Amma bir şeyi unutmaq olmaz ki, bu dəqiq elm deyil və şəxsin özünün analiz bacarıqları olmalıdır ki, baş verənləri dərk etsin və analiz edə bilsin. Bu sahədə İngiltərə, Almaniya, ABŞ və Fransa alimlərinin qoyduqları ədəbi irs çox dəyərlidir və bu irsə yiyələnmək üçün həmin ölkələrdə təhsili artırmaq məsləhət görülür. Bəs politoloq nə işlə məşğul olur?

   Bütün yuxarıda sadalananları bilən və bacaran adamlara siyasi idarəetmədə çox böyük ehtiyac vardır. Hökümətin bütün sahələrində: sosial, iqtisadi, siyasi sahələrdə savadlı dövlət aparatının iş sistemini bilən, innovativ kadrlara ehtiyac var və hər zaman olacaqdır. Lakin məsələ bununla bitmir, bu biliklərə məxsus insanlar təkcə siyasi idarəetmə deyil, eyni zamanda idarəetmənin digər sahələrində uğurlu ola bilərlər. Özünün yerinə “papa”sı oxumayanlar artıq tələbəlik vaxtından müxtəlif araşdırma mərkəzlərində, gənclər təşkilatlarında, idarəetmə orqanlarında çalışmağa başlamalıdırlar. Bu həm onlara nəzəriyyənin reallıqda necə tətbiq olunmasını əyani şəkildə görməyə, həm də biliklərini artırmaqda kömək olacaq. Politologiya o qədər çoxşaxəli bir ixtisasdır ki, siz bu ixtisası bitirdikdən sonra özünüzü həmin şaxələrdən istənilən birinə verə bilərsiniz. Bu sahə maliyyə, iqtisadiyyat, psixologiya, sosiologiya, menecment və s. ola bilər. Bu ixtisası bitirdikdən sonra təhsilinizi öncə qeyd olunmuş sahələrdə davam etdirə bilərsiniz. Bu sahələrin istənilən birində xaricdə təhsil alıb, daha sonra xarici təcrübə ilə sizin baza ixtisasınızı vəhdətdə istifadə edə bilərsiniz. 

  Amma təkrar etməli olsam da bir daha bildirirəm. Əgər siz universitetə yeni qəbul olmusunuzsa, bunu düşünməyin ən doğru vaxtı indidir. Universiteti bitirdikdən sonra istənilən proqramlarda, xaricdə magistr müraciətlərində və s. layihələrdə sizin universitet ərzində aldığınız təhsilin səviyyəsinə baxacaqlar. Bu isə sizin diplomunuzdakı qiymətlərdə əks olunur. Buna görə də, indidən həmin qiymətləri maksimum şəkildə yuxarı tutmaq lazımdır ki, bundan 4 il sonra ən azı rəqəmlərlə siz həmyaşıdlarınızdan fərqlənəcəksiniz. Yaxşı politoloq həmişə ən azı 5 il irəlini görməyi bacarmalıdır, siz də özünüzü indidən yetişdirin və gələcək üçün planlar qurun və bu planlar üçün indidən çalışın. 

  Siz ilk işinizi tələbəliyinizin ilk ilində tapa bilərsiniz. Bu ödənişli iş olmaya bilər, amma qazandırdığı təcrübə və biliklər məzun olduqdan sonra bir çox həmyaşıdınızdan daha üstün olmaq şansı qazandıracaqdır. Lakin ən əsas məsələ, birinci qaydanı unutmamaqdır, universitetə siz qəbul olursunuz, siz də oxumalısınız. Sizin yerinizə bunu heç kəs etməyəcək. 

 

Elmar Yusifov

RN Petroleum MMC

Layihələrin idarəedilməsi departamentinin rəhbəri

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.